DMX və Caspian European Club-un birgə biznes-forumu keçirilib

DMX və Caspian European Club-un birgə biznes-forumu keçirilib
09:36 25 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Caspian European Club və Caspian American Club-un Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəhbəri Firudin Nəbiyevin iştirakı ilə təşkil etdiyi biznes-forumda Azərbaycanın miqrasiya siyasətinin əsas aspektləri müzakirə olunub.

Biznes-forumda çıxış edən DMX-nin rəhbəri, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri F.Nəbiyev DMX-nin fəaliyyəti və gələcək planları barədə məlumat verib.

Onun sözlərinə görə, Xidmət Azərbaycan Prezidentinin DMX qarşısında qoyduğu məqsədlərə cavab verən ayrılmış kvota çərçivəsində əcnəbilərin ödənişli əmək fəaliyyətinə cəlb olunması üzərində dövlət nəzarətini uğurla həyata keçirir. DMX-nin rəhbəri əmək miqrasiyası kvotasının hər il mütəmadi olaraq növbəti ilin başlanmasına 3 ay qalmış Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildiyini xatırladıb.

F.Nəbiyev vurğulayıb ki, 2013-cü ildə DMX-nin iştirakı ilə imzalanmış neft-qaz layihələrinin milliləşdirilməsi sahəsində əməkdaşlıq barəsində protokola müvafiq olaraq əcnəbi personalın mərhələli şəkildə yerli peşəkar kadrlarla əvəzlənməsi üzərində nəzarət əhəmiyyətli dərəcədə güclənib. F.Nəbiyev eyni zamanda qeyd edib ki, işəgötürənlərin işçi qüvvəsi ilə bağlı tələblərinin təmin edilməsindən ötrü yerli kadrların daha geniş və səmərəli istifadəsi üçün şəraitin yaradılması mütləqdir:

“Hazırda ölkədə özəl sektora və sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyi, əlverişli biznes və inves­tisiya mühitinin formalaşdığı bir vaxtda DMX də qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətləri çərçivəsində sahibkar­larla əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin tərəfdarıdır. Bununla bağlı Xidmət tərəfindən hər zaman özəl və biznes sektora diqqət göstərilir, Xidmət rəhbərliyinin iştirakı ilə sahibkarlarla çoxsaylı görüşlər keçirilir, onları maraqlandıran məslələrin mümkün qədər tez həll edilməsi üçün qanunauyğun iş aparılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılarkən obyektivliyin və şəffaflığın təmin olunması üçün Azərbaycan Prezidentin 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq, DMX-nin Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi və Əsasnaməsi təsdiq edilib. Bizə həmçinin, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, filiala və ya şirkətə rəhbərlik etmək məqsədilə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı müraciətlər də daxil olur. Təəssüf ki, bəzən qanunsuz miqrasiya və ya ölkə ərazsisində bu kimi fəaliyyətlə məşğul olmaq üçün əsasın olmaması faktı ilə qarşılaşırıq”.

Biznes-forum çərçivəsində Caspian European Club şirkətləri Azərbaycanın miqrasiya siyasəti ilə bağlı problemlərin həlli yollarını müzakirə edib, həmçinin bizneslə DMX arasında fəal dialoqun davam etməsi üçün təkliflər irəli sürüblər.

Biznes-forumda çıxış edən Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Klub üzvlərinin səsləndirdikləri təklif və xahişlərə göstərilən diqqətə görə F.Nəbiyevə minnətdar­lığını bildirib.

T.Əliyev qeyd edib ki, sentyabr ayından etibarən Gürcüstanda Tbilisi və Batumidə biznes-forumlar, CEO Lunch, treninqlər, seminarlar, dəyirmi masalar, illik Caspian Energy Forum, milli və beynəlxalq mükafatların təqdimetmə mərasimlərinin təşkili ilə məşğul olacaq Caspian Ener­gy Georgia şirkəti fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, Caspian Energy həmçinin öz fəaliyyətini təzədən quran və yeniləyən xarici ofislərdəki pay iştirakını satışa çıxarır.

O xatırladıb ki, Klub 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian Europe­an Club və Caspian American Club təsis olunduğu ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək ediblər. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club və Caspian American Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparırlar.

Biznes-forumda F.Nəbiyevə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Biznes-forumda şirkət rəhbərləri, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2758906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR