İslamabadda 28 May - Respublika Günü münasibətilə qəbul keçirilib (FOTO)

İslamabadda 28 May - Respublika Günü münasibətilə qəbul keçirilib (FOTO)
12:22 25 May 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən 28 May-Respublika Günü və Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 25 illiyi münasibəti ilə İslamabad şəhərinin Marriott mehmanxanasında keçirilən rəsmi qəbulda Pakistanın federal ticarət naziri Xürrəm Dəstgir Xan, tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistan ordusunun yüksək rütbəli zabitləri və Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra mərasim iştirakçılarını salamlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Azərbaycan xalqının azadlıq əzminin təzahürü olaraq, 28 may 1918-ci ildə elan edilən Azərbaycan Demokratik Respublikasının bütün Şərqdə ilk dünyəvi parlament demokratiyası nümunəsi olduğunu qeyd etmiş, qısa müstəqillik dövründə ölkədə irqi və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların seçki hüququnun təsbit edildiyini, Azərbaycanın qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk müsəlman dövləti olduğunu nəzərə çatdırmışdır. Sovet imperiyası tərəfindən işğal edilsə də, Azərbaycan Demokratik Respublikasının Azərbaycan xalqının tarixində silinməz iz qoyduğunu, azadlıq mübarizəsini davam etdirən xalqın nəhayət 1991-ci ildə yenidən istiqlaliyyətinə qovuşduğunu bildirən səfir, ilk vaxtlarda siyasi və iqtisadi böhran, tənəzzül, habelə Ermənistanın Azərbaycan torpaqlarını işğalının səbəb olduğu humanitar fəlakətlərlə üzləşən Azərbaycanın, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra həyata keçirilən dövlət quruculuğu və iqtisadi islahatlar nəticəsində böhrandan çıxaraq tərəqqiyə nail olduğunu, bütün sahələrdə yüksəliş və inkişaf müşahidə edildiyini, bu inkişaf və tərəqqinin hal-hazırda da ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində davam etdiyini vurğulayıb.

Səfir Ə.Əlizadə bu il 25-i ci ildönümü tamam olan Azərbaycan-Pakistan münasibətlərinin tarixi köklərinin olduğunu, səmimi dostluq və qardaşlığa əsaslandığını, ölkələrin demək olar ki bütün məsələlərdə bir-birini dəstəklədiyini diqqətə çatdıraraq bildrmişdir ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olan Pakistanın, təcavüzkar siyasətinə görə Ermənistanı bir dövlət kimi tanımaqdan imtina etməsini Azərbaycan dövləti və xalqı çox yüksək qiymətləndirir.

Ötən il Pakistan baş nazirinin Azərbaycana, bu il isə Azərbaycan Prezidentinin Pakistana səfəri, eyni zamanda digər çoxsaylı səfərlər qarşılıqlı əməkdaşlığın inkişafında çox önəmli rol oynayıb. Ötən müddət ərzində iki ölkə arasında ticarət dövriyyəsi artıb, iqtisadi, hərbi-texniki, müdafiə sənayesi, təhsil, turizm sahəsində əlaqələrin daha inkişafı sahəsində mühüm addımlar atılıb, Pakistan vətəndaşları üçün viza rejimi sadələşdirilib, Pakistanla enerji sahəsində əməkdaşlığa start verilib. Səfir Azərbaycanla Pakistanın dostluq əlaqələrinin əbədiliyinə əminliyini ifadə edərək diplomatik əlaqələrin yaradılmasının 25-ci ildönümü münasibətilə öz təbriklərini çatdırıb, 25-il ərzində göstərilən əməkdaşlığa görə Pakistan dövlətinə və xalqına təşəkkür edib.

Tədbirin ali qonağı, Pakistanın federal ticarət naziri Xürrəm Dəstgir Xan rəsmi qəbulda çıxış edərək Pakistanın Baş naziri Nəvaz Şərifin adından Azərbaycan Prezidentinə və xalqına təbriklərini çatdırıb, müstəqilliyini yenidən qazandıqdan sonra bütün sahələr üzrə tərəqqiyə nail olan qardaş Azərbaycanın regionun güclü dövlətlərindən birinə çevrildiyini, Pakistanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu, Azərbaycanla Pakistan arasındakı dostluq və qardaşlıq münasibətlərinin son 25 ildə təqdirəlayiq inkişaf yolu keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Nazir bu qısa dövr ərzində möhkəm təməllər üzərində inşa edilmiş Azərbaycan-Pakistan əlaqələrinin həm bu ölkələrin əhalisinin, həm də ümumilikdə region xalqlarının gələcəkdə sülh, sabitlik və firavanlıq içərisində yaşamasında müstəsna rol oynayacağına əminliyini ifadə edib. O, həmçinin hər iki ölkənin iqtisadi əməkdaşlığı genişləndirməyi, enerji və müdafiə sahələrində işgüzarlığın artırılmasını qərarlaşdırdıqlarını da əlavə edib.

Çıxışlardan sonra dostluq və əməkdaşlıq rəmzi olaraq hər iki ölkənin bayraqlarının əks olunduğu rəmzi tort kəsilib, Azərbaycanın iqtisadi nailiyyətlərinə və turizm potensialına dair müxtəlif videoçarxlar nümayiş olunub. Tədbir iştirakçılarına Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər, CD, DVD və digər əyani materiallar paylanıb. Rəsmi qəbul Pakistan mediası tərəfindən geniş işıqlandırılıb, “The Nation”, “Pakistan Observer”, “Business Recorder” qəzetlərində və digər nüfuzlu kütləvi informasiya vasitələrində qəbulla bağlı xəbər materialları dərc edilib, səfir Ə.Əlizadənin PTV World beynəlxalq telekanalında müsahibəsi də yayımlanıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2759024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR