Prezidentlikdən sonrakı həyat: Obama niyə xoşbəxtdi?

Prezidentlikdən sonrakı həyat: Obama niyə xoşbəxtdi?
15:18 25 May 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

8 il ABŞ-ın prezidenti olan Barak Obama ölkənin sayca 44-cü prezidenti olub. 2017-ci il yanvar ayının 20-də vəzifəsini yeni prezident Donald Trampa təhvil verdikdən sonra ailəsi ilə birlikdə yaşadıqları prezident iqamətgahından - Ağ Evdən çıxıblar. Müsahibələrində "çiynimdən ağır bir yük götürüldü" deyən 56 yaşlı sabiq prezident 53 yaşlı xanımı Mişel və uşaqları ilə romantik səyahətlər edir, dost-tanışları ilə görüşür, məşhurluğun və azadlığın dadını çıxarır. Son günlərdə İtaliya mətbuatı sabiq prezidentin ictimaiyyətə açıq həyatı haqqında materiallar dərc edir. Materiallardan birində, cütlüyün İtaliya Toskanasındakı təmtəraqlı villada istirahət etdikləri qeyd olunub.

Publika.az sizə Barak Obamanın Ağ Evdən çıxdıqdan sonra yaşadığı ağ günlər haqqında maraqlı məlumatları təqdim edir:

Sabiq prezidentdin açıqlamalarında da dediyi kimi, indiki həyatı prezident kimi yaşamaqdan qat-qat daha gözəl və rahatdır.

Vəzifəsini təhvil verəndən sonra prezident ailəsi ilə birlikdə helikopter vasitəsilə Endryus aviabazasına gəlib. Bundan sonra onların həyatında yeni fəsil başlayıb. Kaliforniyaya istirahətə gedən Obama ailəsi burada doyunca qolf oynadıqdan sonra növbəti səyahətini Vest-Hind bölgəsində yerləşən adalara edib. Burada britaniyalı milyarder Riçard Brensonla birlikdə dənizin dalğalarından zövq alan prezident sosial şəbəkələrdə şəkillər paylaşıb. Katerdə gülümsəyərək çəkdirdiyi şəklini sosial şəbəkələrə yükləyən Obama internet istifadəçiləri tərəfindən müsbət rəylər alıb.

"İşdə heç kəs səni düzgün qiymətləndirə bilmirsə, ərizəni yazıb çıxırsan. Onlar isə cəhənnəm olur" - Obama

"Sevgililər günü"nü adada birlikdə keçirən cütlük tviter hesabından "həyatımın sevgisi" başlığı altında şəkillər paylaşıb.

Səyahətləri bununla kifayətlənməyən Barak və Mişel Kaliforniyada Maykl Smitin dizayn etdiyi "İlğım" rançosunda qonaq olublar. Bura vaxtilə Amerikanın İspaniyadakı keçmiş səfiri Ceyms Kostos və onun xanımının evi olub. Onu da qeyd edək ki, 2008-ci ildə Ağ Evin dekorasiyasını da məhz Maykl Smit edib.

Obama cütlüyü mart ayının əvvəllərində Havay, Polinez adalarını gəzib.

Hakimiyyətdəki mövqelərini qoruyub saxlamağa çalışan Mişel hələ də ABŞ-da vətəndaşların hüquqları və sağlamlıqları uğrunda aktiv şəkildə mübarizələrə qoşulur. O, Vaşinqtonda "The Partnership For A Healthier America" qeyri-kommersiya təşkilatının keçirdiyi yığıncağında çıxış edərək, Trampın ünvanına sərt fikirlər səsləndirib.

Ailə 2014-cü ilin yanvarın ayında yaradılmış "Obama Foundation" fonduna nəzarət edir. Fond öz hesabına Çikaqoda kitabxana və muzey tikdirməyi planlaşdırır.

Ağ Evdə böyüyən qara qızlar

Obamanın qızları 18 yaşlı Maliya və 15 yaşlı Saşa ictimai diqqətdən uzaqda istirahət edirlər. Mişelin sözlərinə görə, Ağ Evi göz yaşları içərisində tərk edən qızlar bir müddət sonra dostları ilə keçirdikləri zamandan həzz almağa başladılar. Vaşinqtonun "Siduell Frends" özəl məktəbini qurtaran Maliya universitetə hazırlaşır. Beləliklə onun Nyu-Yorkun transmilli şirkətlərindən birində iş tapmaq şansı olacaq. Şəxsi həyatı haqqında məlumat verməyən Maliya jurnaslistlərin diqqət mərkəzində qalır.

15 yaşlı Saşa isə hələ "Siduell Frends" özəl məktəbində təhsilini davam etdirir.

Barak Obama ailəsi ilə birlikdə keçirdiyi saatların indi daha dəyərli olduğunu deyib:

"Vəzifədə olanda onlara kifayət qədər zaman ayıra bilmirdim. Lakin indi itirdiyim zamanı geri qazanmağa çalışıram. Artıq həyatımızda daha təmiz və vicdanlı qərarlar verilir".

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/200140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR