Ermənistanda 4 milyon erməni?

Ermənistanda 4 milyon erməni?
22:57 25 May 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sərkisyan mayın 18-də ölkənin yeni seçilmiş parlamentinə müraciət edib. O, müraciətində ölkədə demoqrafik durumun mürəkkəbliyini bildirib, yaxın onilliklər ərzində bu yöndə ciddi irəliləyişin qazanılmasını prioritet saydığını deyib. Sarkisian həmçinin, ilk dəfə konkret rəqəmlər səsləndirib: 2040-cı ilə qədər Ermənistan sakinlərinin sayı, ən azı, 4 milyon olmalıdır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, BMT Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Garik Hayrapetyan "Azadlıq" radiosunun erməni xidmətinə deyir ki, 2040-cı ilədək Ermənistan əhalisinin sayının 4 milyona çatdırılması çətin işdir.G.Hayrapetyan hesab edir ki, Ermənistan 20 il ərzində əhalisinin sayını, heç olmasa, 3.5 milyona çatdıra bilsə, bu, ölkə üçün çox gözəl göstərici olacaq.

"Nəzəriyyədə hər şey mümkündür. Ancaq əgər biz öz imkanlarımızı real hesablamağa çalışsaq, düşünürəm ki, səsləndirilmiş saya nail olmaq yetərincə çətin olacaq. Ancaq əgər səsləndirilmiş rəqəmlərin hətta 50%-nə belə çatsaq, bu bizim üçün irəliyə doğru böyük addım olacaq. Əhalinin sayını 300, 400, yaxud 500 min nəfər artıra bilsək, bu, demoqrafik vəziyyət baxımından böyük irəliləyiş olar", - deyə o bildirib.

BMT Əhali Fondunun nümayəndəsi bu məqsədə çatmağın iki əsas istiqaməti olduğunu deyir: "Birincisi,immiqrasiyanın təşkilidir. Ola bilsin ki, bu istiqamət daha tez nəticə versin. Ancaq bundan ötrü ölkə çox cəlbedici olmalıdır ki, insanlar bura qayıtmaq istəsinlər. İkinci istiqamətsə, əlbəttə ki, doğum göstəricilərinin yüksəldilməsidir ki, bu da asan iş deyil. Son 20-25 il ərzində müəyyən artıma nail olmuş ölkələr bilavasitə doğum sayının artırılmasını hədəfləməmiş, kompleks proqram çərçivəsində ailənin rifahını əsas götürmüş ölkələrdir. Bir məqam da odur ki, cəmiyyətimiz qocalan cəmiyyətdir və biz yetərincə sürətli qocalırıq. 2050-ci ilədək əhalimizin təqribən 1/4-nin yaşı 60-dan yuxarı olacaq. Biz bu insanları - əhalimizin 1/4-ni necə saxlayacağıq? Biz bunu yük kimi də qəbul edə bilərik, imkan kimi də. Onlar... iqtisadi dəyərlər yarada bilərlərmi? Nəzəri cəhətdən hər şey mümkündür. Ancaq bununla ciddi məşğul olmaq, bu sahəyə ciddi investisiyalar qoymaq lazımdır".

BMT-nin Əhali Fondu iki il öncə böyük tədqiqat apararaq belə nəticəyə gəlib ki, bu istiqamətdə ciddi addımlar atılarsa, 2050-ci ildə Ermənistan əhalisinin sayı, ən yaxşı halda, 3.2 milyon olacaq. Mənfi ssenariyə görə isə, ölkədə emiqrasiyanın azaldılması və doğum sayının artırılmasından ötrü heç bir iş görülməzsə, Ermənistanda 2 milyondan az adam qalacaq.

Qeyd edək ki, Ermənistan prezidenti S.Sarkisian özünün əvvəlki müraciətlərində hələ heç vaxt demoqrafiya probleminə bu qədər ətraflı və rəqəmlərlə toxunmayıb. Hökumətin proqramında belə, bu sahədə rəqəmlərlə göstərilmiş konkret məqsədlər gözə dəymir. Yalnız 2012-2017-ci illərin proqramında hökumətin doğum əmsalını 1.8-ə çatdırmaq niyyətində olduğu göstərilir. Buna baxmayaraq, bu əmsal 2016-cı ildə 2012-ci ildəki səviyyədə (1.6) qalıb.

Hökumətin proqramlarından fərqli olaraq, Ermənistanın rəsmi statistikasında daha ətraflı məlumat verilir. 2008-ci ildən başlayaraq Ermənistanın daimi əhalisi 100 min nəfərdən çox azalaraq, 3.1 milyon nəfərdən 2 milyon 990 min nəfərə düşüb. Ölkənin Miqrasiya Xidmətinin məlumatına görə, 2008-ci ildən bugünədək 346 minə qədər adam Ermənistanı birdəfəlik tərk edib. 2008-ci ildən ölkənin doğum göstəricisi bir qədər artıb, sonra azalıb. 2014-cü ildən başlayaraq bu göstəricinin daimi azalması tendensiyası müşahidə olunur. Ölüm göstəricisi isə, əksinə, artır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR