"Həmsədrlər təcili Bakıya çağırılmalı, erməni təyyarələri vurulmalıdır"

"Həmsədrlər təcili Bakıya çağırılmalı, erməni təyyarələri vurulmalıdır"
07:12 26 May 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan işğalı altında olan Azərbaycan ərazilərində separatçılar ekstremal turizm adı ilə ikinəfərlik, təkmotorlu təyyarələrlə uçuşlara başladıqlarını açıqlaması Dağlıq Qarabağ münaqişəsi ətrafında onsuz da stabil olmayan vəziyyəti daha da gərginləşdirib. Məlumatlarda uçuşların bir halda Xocalı aeroportundan, digər halda isə Şuşa ilə Xankəndi arasında ediləcəyi deyilir.

Uçuşları təşkil edən şirkətin rəhbəri Tiqran Çibuxçyan bildirib ki, onlar "Yell Extreme Park" layihəsi çərçivəsində Dağlıq Qarabağ ərazisində iki yerlik təyyarələrdə turist uçuşlarına başlayıblar. İlk uçuşlar Xankəndi və Şuşa arasında təşkil edilir. Şirkət cəmi 20-25 dəqiqə çəkən uçuşlara görə 35 min dram (72,4 dollar) alır. Layihəyə 35 min dollar vəsait yatırıldığını deyən Çibuxçyanın fikrincə, bu istiqamətdə sərmayələr daha da artacaq. 

Lakin bu xəbər Bakıda güclü etirazla qarşılanıb. Hətta işğal olunmuş ərazilərdə Azərbaycanın hava məkanında uçuş edən istənilən hava nəqliyyatının vurulacağı bildirilir.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası bəyan edib ki, Xocalı hava limanından hər hansı qanunsuz uçuşlara qarşı Azərbaycan Respublikasının Müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən "Aviasiya Haqqında" Qanuna və "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"na uyğun tədbirlər görüləcək.

Xarici İşlər Nazirliyi isə daha sərt açıqlama ilə çıxış edib. Nazirliyin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki Xocalı hava limanından guya turizm səyahətləri adı altında Ermənistan tərəfindən uçuşların həyata keçirilməsi planları Ermənistanın növbəti təxribatıdır. Ermənistanın qəsdən həyata keçirməyə çalışdığı bu kimi təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə ciddi zərbə vurur və məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

XİN-nin sözçüsü münaqişənin həllinə məsul tərəf kimi ATƏT-in Minsk qrupu həmsədrlərini Ermənistanın bu növbəti təxribatının qarşısının alınması üçün ciddi münasibət bildirməyə və tədbirlər görməyə çağırıb: "Ümumiyyətlə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz əməlləri, o cümlədən iqtisadi fəaliyyəti, təbii resursların talan edilməsi, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi, məskunlaşdırma apararaq demoqrafik vəziyyətin dəyişdirilməsi, Xocalı hava limanının istifadəsi cəhdləri, qanunsuz seçkilərin keçirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqı (anneksiya) məqsədi daşıyır. Azərbaycan tərəfi Ermənistanın bu növbəti təxribatının qarşısını almaq üçün beynəlxalq hüquqi vasitələrdən istifadə edəcək, aidiyyatı beynəlxalq təşkilatlara, xüsusilə Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına müraciət edəcəkdir".

Hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov məsələ ilə bağlı Milli.Az-a açıqlamasında deyib ki, yer tutumundan və gücündən asılı olmayaraq, Azərbaycanın hava məkanında qanunsuz uçuş edən istənilən obyekt vurulmalıdır: "Ermənilər deyir ki, bunlar təkmotorlu, ikinəfərli təyyarələrdir. Belə təyyarələr isə adətən aşağıdan, dağların arası ilə uçur. Ermənilər bilir ki, belə halda texniki baxımdan onları radarlar tuta bilmir. Ona görə də belə təyyarələrin tutulması və vurulması çətin olar. Onlar yalnız hündürdən uçsalar, radarlar onları tuta bilər. Amma bütün hallarda ərazilərimizdə qanunsuz uçuş edən təyyarələr vurulmalıdır. Bu gün ermənilər ikinəfərli, təkmotorlu təyyarələrdən istifadə edir, sabah çoxmotorlu, çoxnəfərli təyyarələr də ola bilər. Biz onların mülki və ya hərbi təyinatlı və içində kimlərin olduğunu bilmirik. Ona görə də onlar mütləq vurulmalıdır. Müdafiə Nazirliyi hələ ötən dəfə Xankəndi aeroportundan istifadə məsələsi ortaya çıxanda bəyan etmişdi ki, qanunsuz uçuş edən təyyarələr vurulacaq".

Sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov isə deyib ki, Azərbaycanın hava hücumundan müdafiə sistemləri təkcə Xocalı aeroportunu deyil, işğal olunmuş bütün ərazilərdə istənilən uçuş aparatlarını məhv etmək imkanına qadirdir: "Həmin ərazilər Azərbaycana məxsusdur və ölkəmizin Hava Hücumundan Müdafiə Qoşunları onları məhv etmək iqtidarındadır. Ölkə rəhbərliyi də bunu dəfələrlə bəyan edib. Lakin buna baxmayaraq, ermənilər bu cür məlumatlarla vəziyyəti gərginləşdirməyə çalışırlar. Ona görə də ermənilərin niyyəti əslində uçuşlar həyata keçirmək yox, belə məlumatlarla Azərbaycanı qıcıqlandırmaqdır".  

Digər hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun fikrincə isə, bu, ermənilərin çaşqınlıq yaratmaq məqsədilə ortaya atdığı növbəti dezinformasiyadır. O, bildirib ki, düşmən son vaxtlar havadarlarının aktiv köməkliyi ilə çox güclü informasiya müharibəsinə başlayıb, ona görə də diqqətli və ayıq-sayıq olmalıyıq: "Axı, biz gözəl bilirik ki, ermənilər Şuşada bu günə kimi aeroport açmaq üçün heç cəhd də etməyiblər və edə də bilməzdilər. Onların istifadə etdikləri təkmotorlu, o balaca təyyarələri onlar onsuz da nəzarətsiz ərazilərdə adi asfalt yollardan, ya düzənliklərdən istifadə etməklə havaya dəfələrlə qaldırıblar. Özü də özlərini reklam etmək üçün, hansısa qondarma qurumu təqdim etməkdən ötrü vaxtaşırı videogörüntülər də çəkərək sosial mediada yerləşdirirlər. Ancaq, aeroport anlayışı tamam başqa məna daşıyır. Hesab edirəm ki, onlar o qədər ağıllarını itirməyiblər ki, Şuşa kimi bir şəhərdə bu cür avantüraya qol qoysunlar.

Biz, bir qrup jurnalist bir müddət bundan öncə ATƏT xətti ilə İrəvana və Şuşaya, Laçına və digər ərazilərə səfərə gedəndə də, söhbətlərimiz zamanı həm yerli ermənilərdən, həm də bir vaxtlar Azərbaycandan köçüb gedənlərdən o fikri eşidirdik ki, onlar tam əmindirlər ki, gec-tez azərbaycanlılar bu yerlərə qayıdacaqlar və öz ərazilərinə sahib olacaqlar. Ona görə də, sosial medianın verdiyi imkanlardan istifadə edib, geninə-boluna hər xəbərə sərt reaksiya verən dostlarımızdan yeganə xahişim budur ki, bir qədər emosiyalarımıza sahib çıxaq. Erməni tərəfinin şişirdilmiş xəbərlərinə dərhal inanmayaq. Sözsüz ki, bu ermənilərin çoxdankı arzularıdır ki, bizim ruhumuzu qırsınlar, bizi bədbin kölə salsınlar. Və bu cür qeyri-ciddi xəbərləri ilə onlar bəzən öz çirkin niyyətlərinə qismən də olsa çatmış olurlar. Şuşada ermənilərin heç bir aeroportu olmayıb və yoxdur. Heç bundan sonra ola da bilməz".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Milli.Az-a açıqlamasında deyib ki, hətta dezinformasiya olsa belə, Azərbaycan həm Ermənistan hakimiyyətinə, həm də beynəlxalq aləmə mesaj göndərməlidir: "İstisna etmirəm ki, erməni tərəfi nəbz yoxlaması həyata keçirir. Amma hətta bu belədirsə və reallıq deyilsə də, yenə də öncədən preventiv addımlarla bunun qarşısını almalıyıq. Deməliyik ki, belə addımı atsanız, sərt reaksiya veriləcək. Söhbət ikinəfərlik təkmotorlu təyyarə uçuşlarından gedirsə, bunun üçün heç hava limanlarına da ehtiyac yoxdur. Belə təyyarələr adicə düzənlik bir yerə ensə, bəs edər. Ona görə də, XİN-in Mətbuat katibindan əlavə, ayrıca XİN-nin adından da sərt açıqlama verilməlidir. Çünki bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır və cəbhə bölgəsində gərginliyin daha da artırılmasına xidmət edir. Bu, hamıya bir mesaj olmalıdır.

Digər tərəfdən, Minsk qrupuna müraciət olunmalı və həmsədrlər təcili olaraq Bakıya çağırılmalıdır. Onlar onsuz da münaqişənin həllində heç bir irəliləyişə nail ola bilmirlər, amma heç olmasa bu cür təxribatların qarşısını ala bilərlər. Bildirilməlidir ki, Ermənistanın təxribatları davam edir, Şuşa, Kəlbəcər və digər işğal olunmuş rayonlara ermənilərin qanunsuz köçürülməsi və məskunlaşdırılması həyata keçirilir, təyyarə uçuşlarına başlamaq istəyirlər, artıq Laçında günəş enerji ilə bağlı avadanlıqlar da yerləşdirirlər. Halbuki, bütün bu rayon və şəhərlər Minsk qrupunun özünün hazırladığı planlara görə, Azərbaycana geri qaytarılmalıdır. Yəni bu addımlar Minsk qrupunun planlarına da ziddir. Ona görə də həmsədrlər dərhal Bakıya çağırılmalı və bununla bağlı danışıqlar aparılmalıdır. Əgər bundan sonra da heç bir nəticə olmazsa, o zaman Müdafiə Nazirliyi müvafiq tədbirlər görməlidir".

İlkin İzzət

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/548232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR