Mançester terrorçusu hücuma belə hazırlaşıb - YENİ DETALLAR

Mançester terrorçusu hücuma belə hazırlaşıb - YENİ DETALLAR
11:03 26 May 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərənin Mançester şəhərində terror aktını törətməkdə şübhəli bilinən 22 yaşlı Salman Abedi hücuma təxminən bir il müddətində hazırlaşıb.

Publika.az xəbər verir ki, bu haqda “Times” qəzeti bildirib.

Nəşrin məlumatına görə, Abedi bir il əvvəl bank hesabı açıb və ondan bombanın istehsalı üçün lazım olan hissələrin, o cümlədən mismarlar və boltların alınması üçün istifadə edib. Abedi aprelin ortalarında – Liviyaya ailəsinin yanına səfərinə qədər ən azı iki dəfə Mançesterdə tikinti materialları mağazalarına baş çəkib.

Dünən isə alman kəşfiyyatındakı mənbəyə istinadən Britaniyanın “Financial Times” nəşri Salman Abedi hadisədən dörd gün əvvəl Türkiyədən Böyük Britaniyaya gəldiyini yazıb. Salman Abedi yolüstü Almaniyada dayanıb. Qəzetin məlumatına görə, İstanbuldan təyyarə ilə Düsseldorfa gedən şübhəli şəxs daha sonra Böyük Britaniyaya uçub. Nəşr həmçinin, türk məmuruna istinadən bildirir ki, Türkiyə hökuməti Abedi ilə bağlı məlumatları çərşənbə günü Britaniya hakimiyyətinə göndərib.

“Financial Times” nəşri qeyd edir ki, İstanbul həmçinin tranzit nöqtə ola bilərdi.

Xatırladaq ki, mayın 22-də “Mançester Arena”da konsert zamanı törədilən partlayışda 12-si uşaq olmaqla 22 nəfər həlak olub, 75-i yaralanıb. Onlardan 23-nün vəziyyəti kritik qiymətləndirilir. Bir neçə insan itkin hesab edilir.

Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR