Azərbaycan poeziyasının ruhu Londonun aparıcı “Foyles” kitab mağazasında (FOTO)

Azərbaycan poeziyasının ruhu Londonun aparıcı “Foyles” kitab mağazasında (FOTO)
12:15 26 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın zəngin ədəbi irsi - poeziya xəzinəsinin inciləri bu günlərdə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş Azərbaycan – Britaniya Poeziya Gecəsində diqqət mərkəzində olub.

TEAS-dan Trend-ə verilən məlumata görə, poeziya sevərləri bir araya gətirən sözügedən tədbir 1903-cü ildə fəaliyyətə başlamış Londonun ən məşhur kitab mağazası olan “Foyles”də keçirilib. Gecədə 100-dən artıq ədəbiyyat sevər və Azərbaycanın dostları iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Nigar Həsənzadənin aparıcılığı ilə keçən tədbirdə Azərbaycanın klassik və müasir şairlərinin ingilis dilinə tərcümə edilmiş şerləri səsləndirilib. Şerlər Ayan Salahova (piano) və Əttab Həddadın (ud) ifasında ecazkar musiqi ilə müşayiət olunub. Şer oxuyanlar arasında Britaniyanın tanınmış televiziya aparıcılarından biri Bekenhamdan Baronessa Benjamin da var idi.

Gecədə Azərbaycanın böyük poeziya ustaları Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Vaqif Səməoğlu, Mikayıl Müşfiq və Əhməd Cavadın seçilmiş şerləri səsləndirilib.

Britaniya poeziyasını təmsil edənlər arasında şairə, romançı, pyes yazıçısı və tərcüməçi Eleyn Feinstayn, şair, romançı və tənqidçi Rut Padel, şairə, yazıçı, “PoetryFest” festivalının təsisçi direktoru, “Orient Express” jurnalının təsisçi redaktoru Fiona Sampson, şair, sennarist, romançı Devid Harsent olmuşdur.

Britaniyada təhsil alan tələbə Tural Qafarlı müasir ingillisdilli azərbaycanlı şairə Leyli Salayevanın “Slopes of Hopes” (Ümidlərin yamacları) adlı şerini oxuyub. Bu zaman arxa fonda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ regionundan arxiv görüntülər və Qarabağdan olan uşağın ifa etdiyi muğam parçası səsləndirilib. Burada diqqət Dağlıq Qarabağın Şuşa şəhərinə cəlb edilir.

Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniya ofisinin direktoru Cek Peqoraro deyib: “Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkandır və bir çoxları Britaniyanın bu gözəl ölkə ilə nə qədər ortaq nöqtələri olduğunu bilmir. Bu cür tədbirlər bizim oxşarlıqları qeyd etməyə və hər iki ölkənin heyrətamiz ədəbi və musiqi mədəniyyəti ilə yaxından tanış olmaq imkanını yaradır”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2759463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR