Gənclər evlərində təlimçilər klubu yaradılır

Gənclər evlərində təlimçilər klubu yaradılır
12:42 26 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi,  Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclər evlərində təlimçilər klubunun yaradılmasına və şəbəkələşməsinə dəstək” layihəsinin icrasına başlayıb.
Mərkəzdən "Report"a verilən məlumata görə, pilot layihənin Gəncə və Mingəçevir şəhərlərində, habelə Quba və Sabirabad rayonlarında yerləşən gənclər evlərini əhatə etməsi nəzərdə tutulub.
Layihənin əsas məqsədi regionlarda fəaliyyət göstərən gənclər evləri ilə yerli gənclər arasında əməkdaşlığın gücləndirilməsi, gənclər arasında qeyri-formal təhsil metodologiyasının təşviq olunması, təlimçilik bacarıqlarının inkişaf etdirilməsi və gənc təlimçilərin şəbəkələşməsinə dəstək verməkdir.
Hazırda adları qeyd olunan regionlarda təlimçi olmaq istəyən gənclər qrupları üçün intensiv təlim proqramı həyata keçirilir. Proqram çərçivəsində iştirakçılara qeyri-formal təhsil metodologiyası, təlim və seminarların təşkili, debatların keçirilməsi və s. mövzular tədris olunur. Təlimlərlə yanaşı, gənclər üçün praktik məşğələlər də təşkil olunur.
Növbəti mərhələdə təlim keçmiş gənclərin iştirakı ilə gənclər evlərində təlimçilər klubu qurulacaq və onlar üçün zəruri şərait yaradılacaq. Daha sonra, yaradılmış təlimçilər otağı müəyyən olunmuş cədvələ uyğun olaraq, gənclər üçün müxtəlif mövzularda təlim xidmətlərini həyata keçirəcək.
Hər bir gənclər evində təlimçilər klubunun əvvəlcədən təyin olunmuş vaxtlarda “Açıq qapı” günləri də təşkil ediləcək ki, digər gənclərin də qeyri-formal təhsil proqramları haqqında məlumatlanması üçün tövsiyələr verilsin.
Layihənin sonunda təlimçilər klublarının şəbəkələşməsinə, onların məlumat və təcrübə mübadiləsinə şərait yaradılacaq. Eyni zamanda, müxtəlif təlim modullarının birgə hazırlanması, gələcək iş strategiyalarının müzakirə edilməsi üçün dəstək veriləcək.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə açıqlamasında region gəncləri üçün qeyri-formal təhsil proqramlarının təşkilinin və bu işin mütəmadi davam etdirilməsinin zəruriliyini bildirib. Qeyd edib ki, gənclərin bir qrupunun bu gün ictimai fəallığının zəif olmasında, məşğulluq probleminin yaranmasında, onların karyera quruculuğunda düzgün istiqamət və məsləhət ala bilməmələrində, insanlarla düzgün ünsiyyət qurmaq, kollektivdə işləmək bacarıqlarının olmamalarında və s. problemlərinin yaranmasında onların qeyri-formal təhsil proqramlarında iştirak etməməsi ilə bağlıdır: "Çünki qeyd edilən məsələlərdə təlim və seminarların, habelə digər qeyri-formal təhsil tədbirlərinin çox böyük rolu vardır. Ümid edirik ki, gənclər evlərində yaradacağımız təlimçilər klubları bu istiqamətdə əsaslı işlər görə biləcək".

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/gencler-evlerinde-telimciler-klubu-yaradilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR