"Dövlət məmurları da gəlir, müğənnilər də..." - FOTO

"Dövlət məmurları da gəlir, müğənnilər də..." - FOTO
13:17 26 May 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az virtualaz-a istinadən Gülnar Əliyevanın yazısını təqdim edir:

Azərbaycan xalqının keçmişini bu günə daşıyan bir sıra qədim sənət növləri var. Amma bu sənətlərin bir çoxu müasir iqtisadi şərtlərin və texnologiyaların sürətli inkişafının diqtəsilə sıradan çıxmaq üzrədir. Bunlardan biri də təşəkkülü dəmir dövrünə aid edilən misgərlik sənətidir.

Azərbaycanın Lahıc misgərlik məktəbi bütün dünyada məşhurdur, hətta bu məktəb iki il əvvəl YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına da daxil edilib. Qədim Lahıc kəndinin sənətkarları hər il on minlərlə turisti bu kəndə cəlb edir. Ancaq belə məlum olur ki, adı dünyaya yayılmış Lahıc misgərləri təkcə bu kənddə deyil, Bakıda da fəaliyyət göstərir.  Onları axtara-axtara gedib çıxdıq "Təzə Bazar"ın arxasındakı "Misgərlər" küçəsinə. Lahıc sənətkarları öz ata-baba sənətlərini burada yaşadırlar.

Bu küçəni yaxın ətrafda tanımayan yox idi. Ünvanı soraqlaşa-soraqlaşa Eyvazov qardaşlarının emalatxanalarını tapdıq. Küçə boyu düzülən sənətkar emalatxanaları insanı sanki keçmişə  çəkib aparır.

Pəncərəsiz, yarıqaranlıq emalatxanada 25 il...

Misgərliklə məşğul olan sənətkar qardaşların ən böyüyü Zahid Eyvazovdur. Gələn il 60 yaşı olacaq usta 42 ildir ki, çörəyini çəkiclə zindandan çıxarır. Sənətkarın adını tutub gələnlər o qədər çox idi ki, emalatxananın qarşısında növbə var idi. Müştəriləri vəd verdiyi vaxtda yola salmaq üçün elə bizimlə də iş başında söhbətləşdi.

Bu sənətin qardaşlara atalarından keçdiyini bildirən Zahid Eyvazov deyir ki, bir müddət doğma ata-baba yurdlarında misgərlik etsə də, sonra işləmək üçün Dağıstana köçüb. Amma SSRİ-nin dağıldığı ərəfədə milli ayrıseçkilik onu doğma vətəninə qayıtmağa məcbur edib. Elə o vaxtdan da pəncərəsi olmayan, yarıqaranlıq emalatxanada ömrünün 25 ilini keçirib.

"1993-cü ildə Bakıya köçdüm, o vaxt bilirsiniz ki, çox qarışıq dövr idi, hər yerdə ara qarışmışdı, bəziləri etnik zəmində qarşıdurma yaratmaq istəyirdilər. Mən də köçüb gələsi oldum. Amma oradan köçüb gəlməyimə görə çox peşman oldum. Dağıstanda çox rahat günlər keçirmişəm. Bizim sənətə Dağıstanda böyük qiymət var idi, çünki onlar mis qab-qacağa bizdən çox meyllidirlər. Dərbənddə gördüyüm yaxşı günlər bir ilin ərzində gözümdən gəldi. Burada çox əziyyətlər çəkdim. Dükanlardan, həyətlərdən oğurlanan qab-qacağı gətirirdilər, mən də bilməyərəkdən alırdım. O polis bölməsinə çağırırdılar, bu polis idarsəinə aparırdılar. "Bu qabı niyə almısan?", "bunu niyə satırsan?" kimi suallar verirdilər. Guya oğurluğa şərait yaradırıq. Elə o vaxtdan da heç kimdən nəsə almadım, ancaq qab-qacağın təmiri ilə məşğulam", - deyə usta əlindəki odla nazik, uzun çubuğa bənzəyən qalayı əridib samovara tökərək söhbətinə davam edir.

Misgərlik sənəti yavaş-yavaş sıradan çıxır...

Misgər deyir ki, bu sənət yavaş-yavaş sıradan çıxmaq üzrədir. Misgərlərə müraciət edənlərin sayı get-gedə azalır. Onlar da öz ata-babalarını, keçmişlərini unutmamaq üçün köhnə əşyaları təmir etdirir, evlərində ulularından yadigar kimi xatirə muzeyi düzəldirlər.

Emalatxanada onu da öyrəndik ki, əslində mis qab-qacaqda yemək bişirmək çox faydalı olduğu kimi, həm də sərfəlidir. Müasir, üstü bər-bəzəkli qazanların ömrü qırılana kimi olur. Qırıldısa, tullamalısan, çünki onları bərpa etmək mümkün olmur. Amma mis qab-qacağı yüz illərlə işlətmək mümkündür.

"Çoxu indiki qabların görünüşünə aldanıb alır. Baxırsan, xaricdən gəlib, tər-təmizdi, baxanda adamın xoşu gəlir. Amma o qabların üzəri nə ilə örtülüb, onu bilən varmı? Sovet dövründə alüminium qablarımız var idi. Onlar tamamilə ziyansız idi. Xaricdən gələn qablara etibar yoxdur".

Müştərilərdən eləsi var ki, pulu olmur, əşyasının dalınca gəlmir

Emalatxanaya təkcə samovar və qab-qazan gətirmirlər. Bura üz tutan müştərilər arasında şüşə və çini qablardan tutmuş qadınların bəzək əşyaları, "buroşka" və üzüklərə qədər düzəltdirənlər var.  

Usta bütün gördüyü işləri ürəkdən, sevə-sevə etdiyini desə də, ən bəyəndiyi heç kəsin düzəldə bilmədiyi işi öhdəsinə götürməkdir: "Adam çarəsiz qalır, heç kim düzəldə bilmir, son ümid kimi mənim yanıma gəlir. Bax, mən o işi xüsusi həvəslə görürəm. Belə hallar dəfələrlə olub. Çarəsiz, boynu bükük duran biri düzəltdiyim əşyanı götürüb sevinə-sevinə evinə gedir. Bu zaman qürur hissi keçirirəm", - deyə usta bildirir.

Emalatxanada üzərini toz basmış şüşə konfet qabı diqqətimizi çəkdi. Müsahibim deyir ki, onu bir ay əvvəl düzəltdirməyə gətirsələr də, hələ də gəlib aparan yoxdur. Həm də bu müştərisinin yolunu gözləyən yeganə əşya deyil. Usta bizə emalatxanada onlarla belə əşya göstərdi. Adətən müştərilər pul tapmadıqlarına görə əşyalarını götürməkdən imtina edirlər.

"Müştəri sifarişinin dalınca gəlməyəndə çox dilxor oluram..."

"Heç gəlib aparmayanlar da olur. Mənim hazır əşyamı müştəri gəlib aparmayanda  çox dilxor oluram. Başqa iş görməyə əlim gəlmir. Bəzən gətirilər, aparmağa pulları olmur. Amma aparanda mən də onun pulu ilə material alıram və daha həvəslə işləyirəm", - deyə həmsöhbətimiz bildirir.

Misgər deyir ki, indiyə qədər düzəltdiyi ən qədim əşyalar 200-300 il əvvələ aid qablar olub. Bunlar daha çox keçmiş Bakı milyonçularının nəsillərindən olan şəxslər tərəfindən gətirilib.

"Götürüb çaydanı divara çırpdı..."

42 illik təcrübəsində başına maraqlı hadisələrin gəlməməsi mümkün deyil. Sualımız ustanı xəyallar aləminə apardı. Əlindəki çəkici dizinin üstünə qoyub  bir xeyli fikrə getdi.

"Bəzən müştəri ilə sözümüz çəp gəlir. Düzdür, əlbəyaxa olmuruq, amma o deyir, mən deyirəm. Bir neçə dəfə belə yüngülvari davamız olub. Bu da daha çox qiymətlə bağlı olur. Bəzən müştəri zəhmət haqqımı kəsir, pulumu vermək istəmir. Bir dəfə elə müştərinin gözünün qabağında  çaydanını düzəltmişdim, razı qalmadı. Götürüb çaydanı divara çırpdı, mən də hirsləndim, götürüb təzədən o biri divara çırpdım... Bəzən 100 manatlıq iş görürəm, vəzində pulumu kəsib 30-40 manat verirlər. Belə olanda pis oluram. Bir dəfə bir qadın pulumu kəsdi, mən də pulu almadım. Qadının yanında pulu emalatxananın yanındakı hasarın üstünə qoydum. Qadın  çıxıb getdi, amma o pulu məhəllədəki uşaqlardan hansısa vicdansız götürüb cibinə qoymuşdu, hələ də kim olduğunu bilə bilmədim...", - deyə misgər söhbətinə davam edir.

"Mis, qalay, bürünc olan yerdə insana ziyan gəlməz..."

Usta bu sənətin ziyanlı olması ilə bağlı deyilənləri də təkzib etdi. Məlum oldu ki, qardaşlara bu sənəti öyrədən atalarının 87 yaşı var və indiyə kimi bu sənətlə məşğuldur: "Misgərlik ziyanlı deyil, əksinə, mis, qalay, bürünc olan yerdə insana ziyan gəlməz. İndi ölüm çox ucuzlaşıb, əvvəllər insanlar çox yaşayırdılar, sağlam qidalanırdılar.  Bizim bədbəxtliyimiz ondadır ki, biz öz yerli, keçmiş istehsalımıza önəm vermirik", - deyə usta bildirir.

Zahid usta ilə söhbəti növbəti müştəriyə görə yarımçıq kəsməli oluruq. Qonşu emalatxanada işləyən Zakir və Mehman Eyvazovlar bizə bu sənətin bilmədiyimiz incəliklərindən danışdılar. Onların da vaxtı məhdud olduğundan elə iş başında bir əlində qalay, bir əlində od köhnə samovarı təmir edərkən söhbətləşdik.  

Usta əvvəlcə samovarın odluğunu gillə bərkitdi ki, qalaylayanda axıb getməsin.  Onun sözlərinə görə, qalayladığı hissə bərkiyib yapışandan sonra gilin getməsi üçün su ilə yumaq kifayətdir.

Misgər Mehman deyir ki, bu sənətində 12 dəzgahdan istifadə olunur ki, hərəsinin də bir-iki zindanı, çəkici var. Yaxşı usta gərək gələn əşyaya baxan kimi hansı dəzgahla işləyəcəyini dəqiq bilsin. Usta deyir ki, əvvəllər özləri də mis qablar düzəldiblər. Lakin sonradan tələbat olmadığına görə bu işdən əl çəkiblər.

"Arif Quliyev hər gələndə bir hədiyyə qopartmasa, əl çəkmir"

Çəkiclə, zindanla, odla işlədiklərindən bu sənətdə zədələrin olması da qaçılmazdır: "Bir dəfə samovar gətirmişdilər, mən də fikir verməmişəm, sən demə borusunun içərisində dezodorant qalıbmış. Elə təzəcə isitmişdim ki, samovar partladı. Əlim parça-parça oldu. Bir əlimin üstünü elə bil yerdən yığıdılar. O vaxtdan çalışıram ehtiyatlı olum".

Ustalar deyirlər ki, adətən misgərlik sənəti mövsümlə bağlı olur. İndi gördüyümüz müştərini ancaq ilin 3 ayı müşahidə etmək olur. Qalan vaxtlar isə demək olar ki, qapıları bağlayırlar.

Söhbət qazancdan düşmüşkən ortancıl qardaş, Zakir Eyvazov sözə qarışır: "Buradan əldə etdiyimiz qazancla ailəni dolandırırıq. Düzdür, işimiz yaydan-yaya olur, artıq sentyabrdan yanımıza gələn olmur. Yenə də, Allah sənətə bərəkət versin! Mən əvvəllər təzə bazarda alver eləmişəm. Əlimizə nə qədər pul gəlib gedib, heç bərəkəti olmayıb. Amma bu sənətdən ev-eşik qura bilmişik..."

Emalatxanada qab-qacağın qalaylanması o qədər də çox vaxt aparmır. Eləsi var 1, eləsi var 3 gün. Doğrudur, aylarla da çəkən işləri də olur. Amma bu təcili olmayan, müştəri üçün hazır olma vaxtının əhəmiyyəti olmayan işlərdir.

Lahıclı ustaların müştəriləri isə təkcə bakılılar deyil. Onlara ölkənin müxtəlif rayonlarından, ən çox Şamaxıdan, Naxçıvandan qab-qacaq gətirən müştərilər var. Müştəriləri arasında isə çoxlu tanınmış şəxslər, dövlət adamları olur.

Vəzifəli məmurlar, müğənnilər

"Bir çox vəzifəli məmurlar, müğənni Ədalət Şükürov, aktrisa Kübra Əliyeva, aktyor Rəfail İsgəndərov müştərimiz olub. Gülüş ustası Arif Quliyev hər həftə yanımızdadı. Bir hədiyyə qopartmasa, əl çəkmir. O gələndə xırda suvenirləri gizlədirik (gülür). Əlbəttə, zarafat edirəm, o bizim böyük sənətkarımızdır, ona hər şey qurbandı", - deyə Mehman Eyvazov söhbətinə davam edir.

Misgərlər vergidən azad olunmalarından razılıq edirlər. Mərhum prezident Heydər Əliyev 12 sənəti, o cümlədən, misgərliyi vergidən azad edib. Bu da ustaların işini bir qədər yüngülləşdirib. Amma materialların bahalığı onları çətin vəziyyətdə qoyur.  Onların sözlərinə görə, əvvəllər 10 manata aldıqları qalayın kiloqramı indi 70 manat olub. Lakin onlar müştəriləri qaçırmamaq üçün zəhmət haqlarını artırmayıblar.  

"Özümə toy edəndə bir ay əvvəldən işə çıxmadım ki, əllərim sağalsın"

Diqqətimiz Mehman ustanın əllərində olduğundan barmaqlarının kobudlaşmış və bərkimiş dərisi nəzərimizdən yayınmır. Usta nəzərlərimizi hiss edib danışa-danışa barmaqlarını göstərir - Barmaqlarımı görürsünüz? Bunların hamısını "kislota" yandırıb. Bu əllərlə bayıra çıxmaq mümükün deyil, toya gedəndə bir həftə əvvəldən hazırlaşırıq. Mən özümə toy edəndə, bir ay əvvəldən işləmədim - deyə usta zarafatyana bildirir.

Misgərdən öyrəndik ki, müştəri kimi müraciət edənlər arasında fırıldaqçılar da olur: "Bir aya yaxın xəstə yatdım, təzə işə çıxmışdım ki, Gəncədən gələn ər-arvad gətirdikləri samovarı təmir etməyimi istədilər. Dedim ki, sabah saat 12-də gələrsiniz. Səhər saat 11-də bir nəfər gəldi, elə sifətdən də həmin kişiyə oxşayırdı. Həm də xəstəxanadan təzə çıxmışdım, başqa müştərim yox idi. Olan elə bircə samovar idi.  Dedim hazırdı, gözlə qulplarını taxım. Heç onu da taxmağımı gözləmədi, tələsik alıb getdi. Elə bunlar təzə çıxmışdılar ki, həmin ər-arvad gəldilər. Çox pis vəziyyətdə qaldım. Sən demə həmin kişi fırıldaqçı imiş. Məndən başqa bir neçə yerdə eyni fırıldağı edib. Yaxşı bahalı samovarlarım var idi, müştəriyə dedim neçəsini istəyirsən götür. Amma birini götürdü. O vaxtdan gələn müştəriyə diqqətlə baxıram ki, aldanmayım", - deyə misgər danışır.

Müştərilərin sənətkarlara əmanət etdikləri əşyaların qiyməti ilə də maraqlandıq. Məlum oldu ki, ustanın hazırda düzəltdiyi samovarın 5 min manat qiyməti var. Yanındakı iri, sarı metaldan olan samovarın isə nə az, nə çox 10 min manat dəyərindədir. Amma usta deyir ki, əşyanın əntiq və ya təzə olması onun təmir qiymətinə təsir eləmir.  

Misgərlərdən tələbələrinin olub-olmaması ilə də maraqlandıq. Onlar hələ də az da olsa, bu sənəti öyrənmək istəyənlərin olduğunu dedilər. Lakin Eyvazovlarda misgərlik nəsildən-nəslə keçən ənənədir. Hazırda bu sənəti onların övladları davam etdirir. Mehman usta deyir k, bacısı oğlu 16 ildir onunla bərabər bu sənətlə məşğuldur.

"Bu bizim ailə ənənəmizdir, genetikdir, onu nəsildən nəslə ötürmək borcumuzdur"- usta deyir...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR