Nazir müavini: "Koreyanın yeni hökuməti Azərbaycanla əlaqələrin inkişafına mühüm töhvə verəcək"

Nazir müavini:  "Koreyanın yeni hökuməti Azərbaycanla əlaqələrin inkişafına mühüm töhvə verəcək"
14:07 26 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ 28 May-Respublika Günü və Azərbaycan-Koreya diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü münasibətilə Azərbaycanın Koreya Respublikasındakı səfirliyi Seulda rəsmi qəbul keçirib.
Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə Koreyanın dövlət və hökumət rəsmiləri, o cümlədən ticarət, sənaye və enerji nazirinin müavini, hakim Demokrat Partiyasının qurultayının sədri, Qyonqcu şəhərinin meri, Koreya Milli Assambleyasının üzvləri, Seulda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, mətbuat, Koreyanın aparıcı şirkətlərinin və elmi-ictimai təşkilat nümayəndələri, ali təhsil ocaqları və beyin mərkəzlərinin təmsilçiləri və Koreyada təhsil alan azərbaycanlı tələbələr və diaspora nümayəndələri iştirak ediblər.
Azərbaycan və Koreya himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov çıxış edib. O, 28 May-Respublika Gününün önəm və əhəmiyyəti barədə danışaraq, tədbir iştirakçılarını Azərbaycan Demokratik Respublikasının tarixi və həmin dövrdə əldə olunan nailiyyətlər barədə məlumatlandırıb. 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığı, qısa mövcudluğu dövründə ölkədə siyasi-iqtisadi islahatların həyata keçirildiyi, demokratik institutların təsis olunduğu qeyd edilib.
R.Teymurov ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın bu gün bütün dünyada hörmətlə qarşılanan bir ölkəyə çevrildiyini, Azərbaycanın özünü sabit və multikultural ölkə, regional inkişafa və təhlükəsizliyə töhfə verən əhəmiyyətli beynəlxalq tərəfdaş kimi təqdim edə bildiyini qonaqların diqqətinə çatdırıb.
Səfir daha sonra Azərbaycanla Koreya arasında 25 illik diplomatik əlaqələrinə toxunaraq, ötən 25 ildə iki ölkənin möhkəm ikitərəfli əlaqələr qurmağa nail olduğunu, ikitərəfli əlaqələrin vacibliyinin ölkə başçılarının diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə qarşılıqlı təbrik məktubları vasitəsilə qeyd edildiyini vurğulayıb.
O, diplomatik münasibətlərin əsasının H.Əliyev tərəfindən Koreya Respublikasının sabiq prezidenti Ro Mu – hyuna 2003-cü ildə ünvanlandığı təbrik məktubu ilə qoyulduğunu, 2006-2007-ci illərdə Koreya prezidenti Ro Mu-hyun və Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı rəsmi səfərlərin ikitərəfli əlaqələrin sürətlə inkişaf etdirilməsinə böyük töhvə verdiyini bildirib. Səfir Koreyanın sabiq prezidenti Ro Mun-hyunun Azərbaycan səfəri ilə başlayan ikitərəfli əlaqələrin inkişafının, Koreyanın yeni seçilən prezidenti Mun Ce-inin dövründə də davam edəcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra əsas qonaq qismində çıxış edən Koreya ticarət, sənaye və enerji nazirinin müavini Li İnho Koreya hökuməti adından Azərbaycan xalqını 28 May-Respublika Günü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik edib. 1990-cı ilin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini, bu gün Azərbaycanın beynəlxalq idman və mədəniyyət mərkəzinə çevrildiyini, ilk Avropa Oyunları, Formula 1, IV İslam Həmrəyli Oyunları, Beynəlxalq Caz Festivalı və digər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.
Li İnho Koreyanın yeni hökumətinin iki ölkə arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə mühüm töhvə verəcəyini əminlik ifadə edib.
Tədbirdə çıxış edən Koreyanın Qyonqcu şəhərinin meri Çoi Yanq-şik Azərbaycan xalqını Respublika günü və diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik edib, mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Coi Yanq-şik mart ayında Azərbaycanda səfərdə olduğunu, Qəbələ şəhəri ilə Qyonqcu arasında dostluq münasibətlərinin qurulmasına dair Sazişin imzalandığını, Azərbaycanda olduğu müddətdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyində Azərbaycanın sürətli inkişafının canlı şahidi olduğunu bildirib. O, Azərbaycan və Koreya arasında dostluq əlaqələrinin inkişafı istiqamətində birgə səylərin vacibliyini vurğulayıb və şəxsən özünün bu istiqamətdə əlindən gələni edəcəyini vəd edib.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/nazir-muavini-koreyanin-yeni-hokumeti-azerbaycanla-elaqelerin-inkisafina-muhum-tohve-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR