Prezident: "Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır"

Prezident: "Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır"
17:42 26 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 may. REPORT.AZ/ "Doxsan doqquz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb. Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Dünya miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda yaradılmışdır. Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərirdi". 
"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır: "Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək üçün bu yaxınlarda mənim tərəfimdən Sərəncam imzalanmışdır.
Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra müstəqilliyimiz əlimizdən alınmışdır. Əgər Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi, əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.
Ondan sonra 70 il Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşayırdı. Baxmayaraq ki, müstəqil deyildik Azərbaycan xalqı inkişaf edirdi. Xüsusilə 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir, həm iqtisadi, həm sosial sahədə böyük uğurlar qazanmışdır".
Prezident İlham Əliyev qeyd edib ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşub: "Ancaq tarix sanki təkrarlanırdı və iki ildən sonra yenə də müstəqilliyimiz üçün böyük təhlükələr yaranmışdı. Əslində, müstəqilliyimizin ilk iki ili formal xarakter daşıyırdı. Çünki Azərbaycan öz müstəqil siyasətini tam miqyasda apara bilmirdi. Bundan əlavə, ölkəmizdə yaşanan siyasi, iqtisadi, hərbi böhran, torpaqlarımızın işğal altına düşməsi, ovaxtkı hakimiyyət tərəfindən vətəndaş müharibəsinin başlanması, əlbəttə, gənc dövlətimizi uçurum kənarına qoymuşdu. 1993-cü ildə Azərbaycan yenə də böyük təhlükə ilə üz-üzə qalmışdı. Azərbaycan xalqının müdrikliyi ölkəmizi, dövlətimizi bu bəladan xilas etdi.
Azərbaycan xalqı müdriklik göstərərək böyük lideri – Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildən sonra Azərbaycanda inkişaf dövrü başlamışdır və bu gün bu dövr davam edir. Bütün xoşagəlməz hallara, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, ölkəyə böyük həcmdə xarici sərmayə gəlməyə başladı. Azərbaycan beynəlxalq təcriddən, informasiya blokadasından çıxa bildi. Bir sözlə, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir. Bugünkü Azərbaycan bir daha mənim sözlərimi təsdiqləyir ki, əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, indi Azərbaycan ən öndə gedən ölkələrdən biri ola bilərdi.
Bunu deməyə əsas verən bizim müstəqillik tariximizdir. Cəmi 23 il ərzində – 1993-cü ildən başlayaraq, görün, Azərbaycan nə qədər inkişaf edib, Azərbaycan nə qədər güclənib, görün, Azərbaycan dünyada hansı möhkəm mövqelərə sahib olub. İqtisadi sahədə, sosial sahədə, bütün başqa sahələrdə Azərbaycan böyük uğurlara imza atıb və bu gün bütün dünya bunu bilir və qəbul edir. Bu gün Azərbaycan bir çox ölkələr üçün nümunədir".

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/azerbaycan-dovleti-ve-xalqi-azerbaycan-xalq-cumhuriyyetinin-fealiyyetine-onun-quruculari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR