“Buta” sarayında Azərbaycanın milli bayramı –
Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Bu gün
Azərbaycan mövqelərini atəşə tutan erməni hərbi birləşmələri itki
verib.Ermənistanda qanlı kriminal müharibələr
başlayır.Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına
qarşı yeni əməliyyatlar keçirib.MİT 15 iyul dövlət
çevrilişinə cəhdlə bağlı hesabatı təqdim edib. İran üçüncü yeraltı
raket istehsalı fabrikini inşa edib.
Mayın 26-da “Buta” sarayında Azərbaycanın milli
bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul
keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.
Dağlıq Qarabağ münaqişəsinin həllindən danışan dövlət başçısı
bildirib ki, Azərbaycan öz siyasətini davam etdirəcək.
“Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu
siyasətdən bir millimetr də geri çəkilən deyilik”, - deyə
Azərbaycan Prezdenti vurğulayıb.
Prezident: "Qarabağ danışıqlarında prinsipial mövqeyimizdən bir millimetr də geri çəkilən deyilik" - FOTO
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti
İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu
ünvanlayıb.
“Azərbaycan Amerika Birləşmiş
Ştatlarının dəyərli tərəfdaşıdır. Biz birgə səylərimizlə terrorizmə
qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün
çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik,
iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq
vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik”, -
məktubda deyilir.
Tramp ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini
qətiyyətlə dəstəklədiyini bildirib.
Bu gün Azərbaycan mövqelərini atəşə tutan erməni
hərbi birləşmələri itki verib. Azərbaycan Ordusunun
cavab atəşi ilə bir düşmən əsgəri məhv edilib.
Cəbhənin şimal istiqamətində gedən döyüşlər nəticəsində saat
11:45-də Ermənistan ordusunun 21 yaşlı müddətdən artıq hərbi
qulluqçusu Armen Artünyan ölüb.
Ermənistanda qanlı kriminal müharibələr
başlayır. “1in.am” saytı qeyd edir ki, İrəvanda iki
nüfuzlu kriminal avtoritetə - “Aper Vstreça” ləqəbli Aram
Vardanyana və bu yaxınlarda İtaliyadan gəlmiş “Don Pipo” ləqəbli
Artur Asatryana sui-qəsd cəhdi olub. Adıçəkilən şəxslər sui-qəsddən
canlarını qurtara biliblər. Lakin avtoritet Levika Yerordmaskoqonun
qətlindən sonra bu, böyük rezonansa səbəb olan hadisədir.
Sayt yazır ki, Ermənistanda dövlət sistemi ilə cinayət dünyası
“qırmızı xətlə” ayrılmır.
“Don Pipo”ya sui-qəsd: İrəvanda kriminal müharibə başladı – Sarkisyanla avtoritetlərin ŞOK ƏLAQƏLƏRİ
“Bütün dünya Qarabağda mövcud status-kvonun
təhlükəli olduğu haqda danışır və bunu dəyişdirməyin lazım olduğunu
bildirir. Həmçinin, Minsk qrupu da status-kvonu qəbul
etmir”. Bu barədə erməni politoloq Manvel Sarkisyan
deyib.
Onun sözlərinə görə, 25 il ərzində Ermənistan Qarabağ
məsələsində irəliləyiş əldə edə bilməyib: “Çünki bu torpaqlar
Azərbaycanın suveren ərazisidir və beynəlxalq hüquqda bu belədir.
Azərbaycan da bu vəziyyətdən istifadə edir”.
M.Sarkisyan əlavə edib ki, Ermənistan Qarabağın müstəqilliyini
heç vaxt tanımayacaq.
Sarkisyandan SENSASİYALI ETİRAF: Qarabağ Azərbaycanındır və əraziləri qaytarmasaq...
Rusiya Federasiyası prezidenti yanında insan
hüquqları üzrə şuranın başçısı Mixail Fedotov Rusiya hakimiyyətini
ölkə tarixində ilk inzibati amnistiyanı keçirməyə
çağırıb. M.Fedotov anmistiyanın Oktyabr inqilabının
100 illiyinə uyğunlaşdırmağı təklif edib.
Amnistiya sürücülər, iqtisadi və ya miqrasiya qanunvericiliyini,
həmçinin kütləvi aksiyaların keçirilməsi qaydalarını pozanlara
şamil edilə bilər.
Azərbaycanlı miqrantlara Rusiyadan XOŞ XƏBƏR
Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı
yeni əməliyyatlar keçirib. Ermənistanla sərhəddə yerləşən Ağrı
dağında 29 terrorçu məhv edilib. Bununla yanaşı, Ağrı
vilayətinin Tenderük dağındakı PKK terrorçularının mövqeləri
bombalanıb.
Tenderükdə bu gün səhər saat 07:00-07:28 radələrində keçirilən
hava əməliyyatı nəticəsində isə 20 terrorçu məhv edilib.
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) 15 iyul
dövlət çevrilişinə cəhdlə bağlı məlumatları hesabat şəklində
çevriliş cəhdini araşdıran komissiyaya təqdim edib.
MİT-in hesabatında Fəthullahçı Terror Təşkilatının (FETÖ) ölkəni 5
hissəyə böldüyünü göstərən xəritə diqqət çəkib.
36 səhifəlik hesabatda həmçinin terror təşkilatının ölkədaxili
və xaricindəki strukturu yer alıb. FETÖ-nün ölkədaxili strukturunun
da yer aldığı fotoda Türkiyənin 5 bölgəyə bölündüyü, İstanbul,
İzmir, Ankara, Gaziantep ve Ərzurumun həmin bölgələrdəki cavabdeh
vilayətlər olması göstərilib.
İngiltərənin Mançester şəhərində terror aktını
törətməkdə şübhəli bilinən 22 yaşlı Salman Abedi hücuma təxminən
bir il müddətində hazırlaşıb. Bu haqda “Times” qəzeti
bildirib.
Mançester terrorçusu hücuma belə hazırlaşıb - YENİ DETALLAR
Mançester teraktına bənzər hadisələr arta
bilər. Bunu Senatda çıxışı zamanı ABŞ Milli
Təhlükəsizlik naziri Con Kelli söyləyib.
O, bu teraktı dəhşət adlandırıb. Kelli teraktların xüsusilə,
Avropada artma ehtimalının olduğunu bildirib.
Qeyd edək ki, Mançester teraktı mayın 22-də baş verib. Nəticədə
22 nəfər ölüb, 59 adam yaralanıb.
NATO-nun Brüssel sammitində əsas hadisələrin məhz
ABŞ prezidenti Donald Tramp ətrafında cərəyan edəcəyi gözlənilirdi.
Hərbi alyansın 29-cu ölkəsi olacağı artıq dəqiqləşən Monteneqronun
baş naziri Duşko Markoviçi əli ilə itələyən Donald Tramp
gözləntiləri doğrultdu.
ABŞ prezidenti sammit iştirakçılarının çəkdirəcəyi birgə foto
üçün ön cərgədə yer tutmağa çalışırdı. Hadisəni CNBC telekanalının
jurnalisti Stiv Kopak çəkdi və videonu Tvitter hesabında
yerləşdirdi.
Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə
komitəsinin sədri Aleksey Puşkov Trampın hərəkətini şərh edərək
bildirib ki, ABŞ lideri sadəcə olaraq Monteneqroya NATO-da hansı
yeri tutduğunu göstərdi.
ABŞ prezidenti Donald Trampın kürəkəni və baş
sözçüsü Cared Kuşner Rusiya ilə əlaqədə olması şübhəsi ilə ifadə
verib. “Vaşinqton Post” qəzeti xəbər verir ki,
Trampın kürəkəninin ifadəsini ABŞ-ın Federal Tədqiqatlar Bürosu
(FTB) əməkdaşları alıb.
Cared Kuşnerin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak və
rusiyalı bankirlə görüşlər keçirməsi onun FTB tərəfindən
sorğulanmasına səbəb olub.
Məlumata görə, hazırda FTB Cared Kuşnerin Rusiya ilə
bağlılığının olub-olmaması məsələsini ciddi şəkildə araşdırır.
İran üçüncü yeraltı raket istehsalı fabrikini inşa
edib. Bu barədə İnqilab Keşişçiləri Korpusunun hava
və kosmik qüvvələrinin rəhbəri Amiralı Hacızadeh “Fars” xəbər
agentliyinə açıqlamasında bildirib.
“İran üçüncü yeraltı raket fabrikini inşa etdi. Raket gücümüzü
artırmağa davam edəcəyik”, - deyə Hacızadeh bildirib.
A. Hacızadeh ABŞ və İsraili anladıqlarını deyib: “Düşmənlərimiz
olan ABŞ və sionist rejiminin (İsrail) bizim raket proqramımızdan
natrahat olduğunu anlamaq asandır. İranın güclənməsini
istəmirlər”.
Qeyd edək ki, Donald Tramp Səudiyyə Ərəbistanından sonra getdiyi
İsrail səfərində İrana raket proqramı ilə bağlı xəbərdarlıq
etmişdi.
"Koreya Xalq Demokratik Respublikası ətrafındakı
vəziyyətin həlli üçün güc ssenarilərinin tətbiqinin məhvedici
nəticələrinin olacağı hamı, həmçinin ABŞ tərəfindən etiraf
edilir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin
başçısı Sergey Lavrov çinli həmkarı Van İ ilə görüşündə
bildirib.
“Güc ssenarilərinin nəticələrinin məhvedici olacağı hamı
tərəfindən etiraf edilir. Birləşmiş Ştatların müdafiə naziri Ceyms
Mettisin məsələ ilə bağlı bu yaxınlarda söylədiyi fikirləri qeyd
edəcəyəm. O birbaşa dedi ki, Koreya yarımadasının problemlərinin
nizama salması üçün güc ssenarilərinin tətbiqi məhvedici və faciəli
olacaq”, - Rusiya xarici siyasət idarəsinin başçısı deyib.
Onun sözlərinə görə, problemin siyasi həllini axtarmaq
lazımdır.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/200300.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)