Nardaran qalası – yorğun, atılmış, tənha qala... (FOTO)

Nardaran qalası – yorğun, atılmış, tənha qala... (FOTO)
21:55 26 May 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəxtiyar Hacıyev – Trend:

716 yaşlı yorğun, atılmış, tənha qala...

Bakının Nardaran qəsəbəsində ilk baxışda məhz belə təəssürat yaradan bir qala var. Qala ilə yaxından tanış olduqda isə bu təəssüratlar bir qədər dəyişir – amma yaxşıya doğru deyil...

Tarixi arayış: Abşeron yarımadasında müasir dövrümüzədək gəlib çatan 7 qaladan biri də Nardaranda yerləşir. Memarı Mahmud bin Səd, inşa tarixi 1301-ci ilə aid olan (istehkamın üstündəki kitabədən də aydın olur) bu qalanın hündürlüyü 12,5 metrdir. İstehkam tipli dairəvi qala ağ daşdan tikilib. Şirvanşahlar dövründə həm müşahidə, həm də müdafiə məqsədilə istifadə olunub.

Qala hasarlarının açıq olan kiçik qapısından içəri keçdim. Elə ilk addımdaca kəsif peyin iyi vurdu. Ətrafda bir qədər gəzəndən və qalaya daxil olandan sonra aydın oldu ki, nəzarətsiz qalan tarixi abidə, demək olar, tövlə kimi istifadə olunur. Təəssüf ki, gizli yer axtaran narkotik istifadəçilərinin izləri də var qalanın içində...

Açığı, peyin iyindən və gördüyüm mənzərədən içəridə çox qala bilmədim. Həm də pilləkən ikinci mərtəbədən başladığı üçün qalanın başına nərdivan olmadan çıxmaq qeyri-mümkündür. Ümumiyyətlə, o dövrün əksər istehkamlarında pilləkən qəfəsi və ya giriş düşmənin yuxarı mərtəbələrə həmləsinin qarşısını almaq üçün ikinci mərtəbədən başlayır.

Burma və ya spiral şəkilli pillələrlə hasarların üstünə çıxdım. Dörd bir tərəfi seyr edəndən sonra məlum olur ki, qala böyük bir ərazini, xüsusən də sahil zonasını müşahidə etmək baxımından əlverişli yerdə tikilib.

Abşeron qalaları, indiki dillə desək, həm də hərbi hissə idi. Zaman-zaman əsgərlər burada xidmət edib, Vətənin keşiyində durublar...

Bu qalanın da yeraltı yolları var: bir vaxtlar hazırda birinci mərtəbəsində daş plitələrin altında qalmış quyudan yeraltı yollarla yaxınlıqdakı pir və şah bağına (Şirvanşahların yay iqamətgahı) getmək mümkün idi. Lakin digər qalalarda olduğu kimi, bu tikilinin də yeraltı yollarının bəzi hissələri çöküb və ya tamamilə dağılıb. Tarixçilərin, arxeoloqların da bu qalaları, yeraltı yolları öyrənmək fikri yoxdur.

Gözümdən bir mənzərə yayınmadı: qaladan təqribən 200 m aralıda yerləşən Nardaran məscidi və ya Rəhiməxanım ziyarətgahı daha yaxşı vəziyyətdədir. Söz yox ki, ziyarətgah qalaya nisbətən yeni tikilidir – 1663-cü il. Məscid Tanrıya ibadət yeridir, təbii ki, təmiz və baxımlı olması vacibdir. Bəs bu qala necə? Yaxınlığında yerləşən məscidə göstərilmiş diqqət, qayğının və bərpa işlərinin heç olmasa 1/5-nə layiq deyilmi?

Nardaran qalasının yuxarı hissəsi dağılmış vəziyyətdə olmasaydı, bu keşikçi məntəqəsinin Mərdəkandakı dairəvi qala ilə əkiz olduğunu demək olardı.

Divarlarında çatlar əmələ gələn Nardaran qalasına böyük həvəslə getdim, amma böyük ümidsizliklə qayıtdım. Bu sual isə hələ də mənə dinclik vermir: biz niyə öz tariximizə, tarixi irsimizə bu qədər yad, biganəyik – hətta tarixi abidələri təhqir etmək həddinədək...

(I yazı)

Nardaran qalasından ən son görüntülər:


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2759195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR