Qriqori Karasin: “Azərbaycan və Rusiya prezidentləri iyunun 8-9-da Astanada görüşəcəklər"

Qriqori Karasin: “Azərbaycan və Rusiya prezidentləri iyunun 8-9-da Astanada görüşəcəklər"
02:37 27 May 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva. 27 may. REPORT.AZ/ Bu il Rusiya və Azərbaycan prezidentləri arasında bir sıra görüşlər olacaq.
Bunu “Report”un Rusiya bürosuna bu ölkənin xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
O, iki ölkə prezidentinin çox tez-tez görüşdüklərini qeyd edib:
"Bu il onlar arasında bir neçə görüş nəzərdə tutulub. Bunlardan ən erkəni iyunun 8-9-da Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində baş tutacaq. Hər iki prezident forumda iştirak edəcəyini bildirib, odur ki, onların ünsiyyət qurmaq üçün gözəl fürsəti olacaq.
Vladimir Putin və İlham Əliyevin bu əlaqələri çox yüksək qiymətləndirdiyini bilirəm. İki ölkə prezidenti anlaşdığı zaman bütün digər dövlət və hətta ictimai qurumlar bu müsbət ahəngə uyğunlaşır və bunu əlaqələrin gələcək inkişafı üçün siqnal kimi qəbul edirlər”, - deyə Rusiya XİN-in rəhbər müavini vurğulayıb.
Q.Karasin diplomatik xətt üzrə mövcud olan əlaqələr barədə də danışıb:
“Ölkə XİN-ləri arasında yaxşı əlaqələr var. Bu yaxınlarda Elmar Məmmədyarov növbəti dəfə Moskvaya gəlmişdi. Sergey Lavrov azərbaycanlı həmkarı ilə yalnız ikitərəfli formatda deyil, həm də beynəlxalq tədbirlərdə görüşür. Ümumi problemləri anlayışla qəbul edirik. Buna görə də, strateji tərəfdaşlıq yalnız inkişaf edəcək”.
O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunub.
"Dağlıq Qarabağ münaqişəsi ümumi acımızdır. Münaqişənin həlli hələ ki, istənilən kimi getmir. Münaqişəni, əlbəttə ki, siyasi və diplomatik vasitələrlə həll etmək lazımdır. Münaqişənin nizamlanmasına fəal töhfə vermək Rusiyanın xarici siyasət prioritetləri sırasına daxildir. Bu prosesə yardım etmək üçün beynəlxalq platformalarda, ATƏT-in Minsk qrupu çərçivəsində bizdən asılı olan nə varsa edəcəyik”, - deyə Q.Karasin bildirib.
Rusiya xarici işlər nazirinin müavini ticari-iqtisadi əlaqələrin fəal inkişaf etdiyini vurğulayıb.
“Regionlararası əməkdaşlıq son dərəcə qalın parçaya çevrilib. Bu gün Rusiya Federasiyasının 17 subyekti Azərbaycanla ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq sazişinə malikdir. Eyni zamanda, Rusiyanın 70 regionundan olan şirkətlər Azərbaycan bazarına ixrac-idxal tədarükləri həyata keçirirlər.
Humanitar əməkdaşlığın inkişafından razıyıq. Qarşıda bizi sentyabrda Stavropolda keçiriləcək 8-ci Rusiya-Azərbaycan regionlararası forumu gözləyir.
Ölkələr arasındakı ticarətin həcmi dəyişməyib. Amma pul ekvivalentində bəzi obyektiv səbəblərə görə, gəlirlər aşağı düşüb. Məncə, birlikdə bunun da öhdəsindən gələrik. İki ölkənin öz-özünə formalaşan biznes cəmiyyətləri də öz sözünü deyir”, - Q.Karasin bildirib.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/qriqori-karasin-azerbaycan-ve-rusiya-prezidentleri-iyunun-8-9-de-astanada-gorusecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR