Neft ucuzlaşır, büdcəmiz şişir, xərclər artır

Neft ucuzlaşır, büdcəmiz şişir, xərclər artır
09:37 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Natiq Cəfərli: “Neftin qiyməti enməkdə davam edərsə, gələn il ciddi problemlər qaçılmaz olacaq”
Neftin qiyməti son beş ildə ilk dəfə minimum həddə düşərək 49,92 dollar olub. Brent markalı neftin qiyməti 2009-cu ilin may ayından bəri ilk dəfədir ki, 50 dollardan da aşağı düşüb.

Təhlilçilər neftin qiymətinin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırırlar. Yerli ekspertlər isə neftin qiymətinin durmadan enməsinin Azərbaycana təsirləri mövzusunda birmənalı fikir bildirmirlər. Söhbətləşdiyimiz iqtisadçılar bununla bağlı maraqlı açıqlamalar veriblər, həmçinin qiymətlərin aşağı düşməsinin Azərbaycana nə vəd etdiyinə aydınlıq gətiriblər.

Ekspert Natiq Cəfərlinin musavat.com-a bildirdiyinə görə, neftin qiyməti enməkdə davam edərsə, gələn il ciddi problemlər qaçılmaz olacaq: “İcmal büdcədə neft 90 dollardan götürülüb. Yəni Neft Fondunun büdcəsi də daxil olmaqla qazanc belə götürülüb. Ən böyük itkilər də məhz Neft Fondunun büdcəsində gözlənilir. Amma çox maraqlıdır ki, il başlanıb, amma Neft Fondunun büdcəsi hələ təsdiqlənməyib. Ola bilər ki, Neft Fondunun büdcəsində müəyyən dəyişikliklər haqqında hökumət düşünür. Mümkündür ki, 90 dollardan bir az aşağı qiymətlə hesablasın və büdcə parametrlərində dəyişiklik etsin. Amma qiymət 90 dollar qalarsa, Neft Fondunun özünün büdcəsində, gəlir hissəsində ciddi azalmalar müşahidə olunacaq.

Azərbaycan təqribən ortalama gündəlik 600 min barel neft hasil edir. Və əgər Neft Fondunun büdcəsi 90 dollar qalacaqsa, gündəlik itki hər barelə görə təxminən 30 dollar olacaq. Bununla da gündə təxminən 18 milyon dollara yaxın vəsait itirilir. Yəni belə olarsa, gündə nəzərdə tutulduğundan 18 milyon dollar az vəsait Neft Fonduna daxil olacaq. Bununla da Neft Fondunun 2015-ci ildə xərcləmələrində ciddi problemlər yaşanacaq. Hökumət Neft Fondunun ehtiyatlarından daha çox vəsait xərcləmək məcburiyyətində qalacaq”.

Ekspertin sözlərinə görə, 2015-ci ilin büdcəsi artıq təsdiq olunub. Orada transferlər və gəlirlər müəyyənləşdirilib, Neft Fondundan köçürüləcək vəsaitlər müəyyənləşdirilib: “Yəni büdcənin parametrlərinin özünün yerinə yetirilməsində 2015-ci ildə ciddi problem olacağı gözlənilmir. Amma 2015-ci il ərzində qiymətlər bu səviyyədə qalarsa, artıq 2016-cı ildə bizi ciddi problemlər gözləyəcək. 2015-ci illə bağlı yeganə problem ondan ibarətdir ki, Vergilər Nazirliyinin xətti ilə təqribən 7,2 milyard manata yaxın vəsaitin vergilər şəklində dövlət büdcəsinə daxil olması gözlənilir. Bunun təqribən 2,7 milyardının neft sahəsindən gələn gəlirlərin vergisindən ibarət olması nəzərdə tutulub. Amma indiki səviyyədəki qiymətlərlə bunun mümkün olacağı şübhəli görünür. Ümumiyyətlə, 2015-ci ilin neft qiymətini, tendensiyanı nəzərdə alsaq, Azərbaycanı çətin bir dövr gözləyir”.

Ekspert Vüqar Bayramov isə qeyd edir ki, neftin dünya bazarında qiymətinin düşməsi Azərbaycan üçün arzuolunan deyil: “Çünki Azərbaycan neft ölkəsidir və neft ölkəsi olduğu üçün birmənalı şəkildə qiymətin aşağı düşməsi gəlirlərin azalmasına gətirib çıxarır. Enməni neftin dövlət büdcəsinə, Neft Fonduna, eləcə də Dövlət Neft Şirkətinə təsirlər fonunda qiymətləndirmək lazımdır. Neftin dünya bazarındakı hazırkı ucuzlaşmasını dəyərləndirən zaman neftin dövlət büdcəsinə, Dövlət Neft Fonduna, eləcə də ARDNŞ-ə təsirlərinin qiymətləndirilməsinə ehtiyac var. Əslində 2015-ci ildə dövlət büdcəsində bir barel neftin qiymətinin 90 dollar nəzərdə tutulmasına baxmayaraq, enmələr büdcəyə təsir göstərməyəcək. 2015-ci ildə qiymətin düşməsinin ən çox təsir edəcəyi qurum Dövlət Neft Fondu olacaq. Dövlət büdcəsinin gəlirlərinin 53,4 faizi buradan transfer ediləcək. Burada neftin dünya bazarındakı qiymətini hansı səviyyədə olmasından asılı olmayaraq bu gün 33 milyard aktivləri olan Dövlət Neft Fondu həmin transferi həyata keçirmək imkanına malik olar. Eyni zamanda Dövlət Neft Fondunun, eləcə də dövlət büdcəsinin gəlirlərinin 35 faizi qeyri-neft sektorunun payına düşəcək. Bu isə o deməkdir ki, gəlirlərin 88,4 faizi əslində təmin olunmuş və dünya bazarındakı qiymətindən asılı olmayan gəlirlərdir. 11,6 faiz və ya 2,2 milyard manat birbaşa neftin dünya bazarındakı qiymətindən asılıdır. Neftin dünya bazarındakı qiyməti aşağı düşərsə, bu 2,2 milyard manatın formalaşması ilə bağlı çətinlik olacaq. O zaman artıq dövlət büdcəsindən infrastruktur layihələrinə ayrılan vəsaitin azaldılacağı ilə bağlı Maliyyə Nazirliyinin qərar qəbul edəcəyi gözlənilir”.

Ekspertin sözlərinə görə, Dövlət Neft Şirkəti istehsal etdiyi məhsulu, mavi qazı daxili bazara çıxaracaq. Daxili bazarda isə qiymət dəyişməyib. Bu da Neft Fondunun itkilərini nisbətən sığortalayır. “Dövlət Neft Şirkətinin indiki qiymətlərlə itkisi 700 milyon dollara yaxın olacaq. Təbii ki, ayrı-ayrı qiymətləndirsək, dövlət büdcəsi nisbətən daha çox sığorta olunmuşdu. Ən çox itkilərə məruz qalacaq qurum isə Dövlət Neft Fondu olacaq”,- deyə V.Bayramov vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/317853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR