“Bahar” və “Qum-dəniz” yataqlarından hasilat göstəriciləri açıqlanıb

“Bahar” və “Qum-dəniz” yataqlarından hasilat göstəriciləri açıqlanıb
13:32 27 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 may. REPORT.AZ/ Bu ilin I rübündə “Bahar” və “Qum-dəniz” yataqlarından gündəlik hasilat 865 barel neft, 20,7 mln. kubfut qaz, yaxud da 4 309 barel neft ekvivalenti olub.
“Report” xəbər verir ki, bu barədə “Greenfields Petroleum Corporation” məlumat yayıb.
Bu ilin I rübündə “Bahar Energy Ltd.”nin hüquqi satış həcmləri xam neft üçün gündəlik orta hesabla 709 barel və təbii qaz üçün 17,296 mln. kubfut olmaqla, gündəlik 3 591 barel neft ekvivalenti təşkil edib.
Məlumata görə, 2016-cı ilin analoji rübü ilə müqayisədə neft üçün satış həcmləri 20% azalıb, qaz üçün isə 27%, neft ekvivalenti ilə isə 14% artıb.
Bu ilin I rübündə “Bahar Energy” neftinin bir barelini orta hesabla 48,20 dollara satıb. Ötən ilin müvafiq dövründə isə neftin qiyməti 30,84 dollar/barel təşkil edib. Bu ilin müvafiq dövrü və ötən il üçün təbii qazın qiyməti 3,96 dollar/min kubfut olub. Bu da müqaviləyə əsasən sabit qiymətdir.
Hesabat dövründə “Greenfields Petroleum” şirkətinin 1,4 mln. dollar zərəri olub, bu da hər səhmə görə 0,01 dollar itkidir. Ötən ilin I rübündə isə şirkətin xalis zərəri 3,6 mln dollar, yaxud da hər səhmə 0,16 dollar olub. Bu ilin I rübündə şirkətin gəlirləri 9,2 mln. dollar təşkil edib.
Qeyd olunub ki, bu ilin I rübündə “Bahar Energy” əməliyyat şirkətinin əməliyyat xərcləri büdcədə nəzərdə tutulan həcmdə, əsaslı xərclər isə əhəmiyyətli dərəcədə az olub. Hesabat dövründə “Qum dəniz” neft yatağında 5 əsaslı, 10 isə xidməti təmir işləri aparılıb.
“Bahar” qaz yatağında isə 1 quyuda əsaslı təmir işləri tamamlanıb. “Bahar-83” quyusu ilkin olaraq gündəlik 2,2 mln. kubfut hasilat göstəricisi ilə istismara daxil olub. Daha iki qaz quyusunda təmirə başlanıb və bu ilin II rübündə tamamlanacaq. Bu ilin I rübündə yataqlarda özüllərinə təmiri daxil olmaqla bir sıra inşaat işləri görülüb.
Qeyd edək ki, hazırda “Bahar Energy Ltd.” “Greenfields Petroleum” şirkətinin tam mülkiyyətində olan törəməsidir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bahar-ve-qum-deniz-yataqlarindan-hasilat-gostericileri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR