"Mənə qarşı haqsızlıq çox oldu"

"Bilmirəm, deyəsən hakimlərin mənimlə qəsdi-qərəzliyi var idi, mənə hücum mərhələsində 2 dəfə xəbərdarlıq etdilər. Halbuki qarşı tərəf məni tatamidən itələyib çıxarırdı, ona xəbərdarlıq etməli olduğu halda, mənə xəbərdalıq edirdi. Haqsızlıq çox oldu”.

Bunu Metbuat.az -a açıqlamasında IV İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vuran Azərbaycan paracüdoçusu İlham Zəkiyev deyib.

“Hazırlıq mərhələsində də zədələr öz sözünü dedi. Dirsəyimdə, dizlərimdə zədə var idi. Bir az da hakim mənə qarşı haqsızlıq elədi. Püşkatma yarışa 2 gün qalmış keçirilmişdi. Həmin püşkatmaya görə, mən ilk görüşümdə özbəkistanlı idmançı ilə qarşılaşmalı idim. Lakin yarışa 15 dəqiqə qalmış püşkatmanı dəyişdilər, məni ilk olaraq, iranlı idmançı ilə qarşılaşmaya saldılar. Onu udandan sonra özbəklə qarşılaşdım. İranlı idmançı ilə güləşəndən heç 5 dəqiqə keçmədi ki, məni yenidən tatamiyə dəvət etdilər. 3-cü yer uğrunda çoxdan tanıdığım türkiyəli idmançı Dursun Hayranı 16 saniyə ərzində məğlub edərək, bürünc medal qazandım. Ən çətin rəqibim məğlub olduğum özbəkistanlı idmançı idi. Yarışda 29 nəfər paralimpiyaçı cüdoçu iştirak edirdi. Onların arasında tamamilə görməyən yalnız mən idim. Növbəti hədəfim avqust ayında İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak etməkdir. Payızda isə diz və dirsəyimdən əməliyyat olunmağı planlaşdırıram. Bütün idmançılarımızı təbrik edirəm. Böyük fədakarlıq göstərərək, 75 qızıl medalla birinci yeri tutdular. Öz qələbələri ilə xalqımızı, cənab prezidentimizi sevindirdilər”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR