NATO PA Komitəsinin iclasında Azərbaycanın regiondakı rolundan danışılıb

NATO PA Komitəsinin iclasında Azərbaycanın regiondakı rolundan danışılıb
19:32 27 May 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 27 may. REPORT.AZ/ NATO Parlament Assambleyasının İqtisadiyyat və Təhlükəsizlik Komitəsinin iclasında Azərbaycanın regiondakı rolundan danışılıb, onun təşəbbüsü ilə həyata keçirilən regional layihələrin əhəmiyyəti xüsusi qeyd olunub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, komitənin iclasında, əsasən ərzaq təhlükəsizliyi, qlobal istiləşmə, iqlim dəyişikliyi, bu amillərin iqtisadiyyata təsiri, iqtisadi təhlükəsizlik, NATO-nun maliyyələşdirilməsində bərabərlik prinsipləri və s. məsələlər müzakirə olunub.
NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev “Report”a müsahibəsində deyib ki, iclasda Azərbaycanın regionda və dünyada artan nüfuzundan da danışılıb.
Q.Həsənquliyevin sözlərinə görə, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda Avropa İttifaqının araşdırmaları üzrə direktoru Kaxa Qoqolaşvili məruzə ilə çıxış edib, ölkəsinin iqtisadi inkişafı, iqtisadi təhlükəsizliyi, investisiya mühiti və imkanları barədə məlumat verib. Gürcü ekspert, ölkəsinə investisiya yatıran xarici ölkələr sırasında Azərbaycanın rolunu xüsusi qeyd edib. Bildirib ki, Gürcüstan iqtisadiyyatının inkişafında Azərbaycanın rolu böyükdür. Azərbaycan Gürcüstanda təkcə enerji sahəsinə deyil, kənd təsərrüfatı, bank sistemi, infrastruktur layihələrinə də sərmayə qoyur. 2016-cı ildə Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələr sırasında birinci yerdə olub. İkinci yerdə dayanan Türkiyənin Gürcüstana yatırdığı sərmayələrin həcmi Azərbaycanın yatırdığı sərmayələrdən iki dəfə azdır.
Qoqolaşvili Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars neft və qaz kəmərlərinin regionun və Avropanın enerji təminatında və iqtisadi təhlükəsizliyində əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən daha bir layihənin – Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yaxın vaxtlarda başa çatacaq. Bu layihə Asiya ilə Avropanı birləşdirməklə yanaşı, iqtisadi təhlükəsizliyimizdə və inkişafında mühüm rol oynayacaq.
Məruzəçi Azərbaycanın regionda və dünyada artan nüfuzunu xüsusi vurğulayıb və bildirib ki, Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropa üçün də əhəmiyyətlidir.




Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/nato-pa-komitesinin-iclasinda-azerbaycanin-regiondaki-rolundan-danisilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR