Qəhrəman jurnalistlərimiz

Çingiz Fuad oğlu Mustafayev (1960-1992) - telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı.
Çingiz Mustafayev həkim olsa da, jurnalistikaya böyük həvəsi 1990-cı il 20 Yanvar hadisələri zamanı özünü göstərir. Çingiz Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri lentə alır. 1991-ci ilin noyabrından Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyətə başlayır. Onun reportajları vasitəsilə informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklər Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapır. Çingiz Mustafayev 8 ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. Onun Xocalı haqda çəkdiyi reportajı isə Ermənistanın imicini bütün dünyada ciddi sarsıntıya məruz qoyub. Qəhrəman jurnalist 1992-ci il iyunun15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Salatın Əziz qızı Əsgərova (1961-1991) – jurnalist, “Молодежь Азербайджана” qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı.

Salatın Əsgərova 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşərək, içərisində olduğu avtomobil yaxın məsafədən şiddətli atəşə tutulur. Nəticədə qəhrəman jurnalist Salatın Əsgərova amansızcasına qətlə yetirilir. Azərbaycanın Milli Qəhrəmanı Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Alı Mustafa oğlu Mustafayev (1952-1991) – telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı.
Alı Mustafayev Azərbaycan Televiziya və Radio Verilişləri şirkətində çalışıb. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınıb. Mustafayev “Günün ekranı” proqramının aparıcı əməkdaşlarından biri idi. O, 1990-cı il 20 yanvarda Bakının dar küçələrində insanların Sovet ordusu tərəfindən hədəfə alınmasını lentə köçürüb.

Müharibə dövründə Dağlıq Qarabağın qaynar nöqtələrindən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən müsahibə və reportajlar hazırlayıb. Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olub (1989-1990). 1991-ci il fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülüb. 1991-ci ilin 20 noyabrında Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması nəticəsində şəhid olub. Milli Qəhrəman Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Osman Mirzəhüseyn oğlu Mirzəyev (1937-1991) – görkəmli jurnalist, yazıçı və publisist.
Osman Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi “Dalğa” verilişinin yaradıcılarından idi. Həmin veriliş Azərbaycanın televiziya məkanında ölkənin siyasi, ictimai, sosial, həmçinin mədəni həyatını əks etdirən ilk ictimai-siyasi verilişlərdən idi. 1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Apparatının şöbə müdiri vəzifəsinə təyin olunur. 20 noyabr, 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.

Fəxrəddin İbrahim oğlu Şahbazov (1950- 1991) – Azərbaycan Teleradio Şirkətinin operatoru, Azərbaycanın Milli Qəhrəmanı.
Fəxrəddin Şahbazov 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayaraq, 20 il fasiləsiz olaraq operator peşəsində çalışıb.
O, 1988-ci ildə könüllü olaraq cəbhəyə gedərək, qaynar döyüş meydanlarından reportajlar hazırlayır. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq, cəbhəyə getməkdə davam edirdi. 20 noyabr, 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içərisində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Kazımağa Möhsün oğlu Kərimov (1951-1992) - Azərbaycanın Milli Qəhrəmanı.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra Kazımağa Kərimov bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışır. 1988-ci ildə Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas,Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq edir.Komandanlıq etdiyi batalyonu düşmən tapdağı altında olan keçmiş Şamuyankənd rayonunun azad olunması üçün əməliyyata hazırlayır. Lakin o, Kazımağa Kərimovun iştirak etdiyi sonuncu əməliyyat olur. 1992-ci ilin 12-13 iyununda Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır yaralanır. 15 iyun 1992-ci ildə gözlərini əbədi olaraq yumur.

Aytən Novruzova / Metbuat.az





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR