“Müharibə Qarabağın astanasındadır” – Qriqori Trofimçuk

“Müharibə Qarabağın astanasındadır” – Qriqori Trofimçuk
23:52 28 May 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

"SSRİ daxilində nə vaxtsa bolşeviklərin çəkdiyi bütün daxili sərhədlər öz əhəmiyyətini itirir və bütün bu ərazilərdə güc mərkəzlərinin sərbəst oyunu başlayır".

Bu barədə xarici və daxili siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə rusiyalı ekspert QriqoriTrofimçuk Vesti.az saytına eksklüziv müsahibəsində deyib.

Politoloq postsovet məkanındakı münaqişələrin tezliklə çözüləcəyi ilə bağlı nikbin olmadığını söyləyib: "Hətta deyərdim ki, nəinki onlardan heç biri tezliklə həll olunmayacaq, daha ağır və amansız qarşıdurmalarla yeniləri peyda olacaq (heç olmasa, Donbasa nəzər salın). Postsovet məkanı adlanan ərazi xırdalanıb doğranmaqda, parçalanmaqda davam edəcək. Mən bir neçə dəfə demişəm və yenə təkrarlamaq istərdim: SSRİ daxilində nə vaxtsa bolşeviklərin çəkdiyi bütün sərhədlər öz əhəmiyyətini itirir və bütün bu ərazilərdə güc mərkəzlərinin sərbəst oyunu başlayır. İndiki konfliktlərin isə hamısı ABŞ tərəfindən postsovet ərazisinin daha sürətli xırdalanması üçün istifadə olunacaq. Və bu xırdalanmadan 1991-ci ilin sonlarında yaranan ölkələrdən heç biri yayına bilməyəcək. Bu fonda maraqlı sual ortaya çıxır: bəs hansı ölkə (tutaq ki, Baltikyanı ölkələri çıxdıq) bu prosesə dirəniş göstərə və özünü qoruyub saxlaya biləcək?"

Milli.Az musavat.com-a istinadən bildirir ki, rusiyalı analitikin sözlərinə görə, "Qafqaz qalası" strateji ideyası heç yerə itib getməyib, əksinə, indi daha aktualdır. "O mənada ki, əgər qeyri-sabitlik bu regiona daxil olarsa (terrorizm, Yaxın Şərq müharibəsinin davamı şəklində və s.), o zaman bu zonadakı bütün ölkələr ziyan görəcək. Ancaq həmin bu ölkələr nə qədər ki, Qarabağla bağlı anlaşa bilməyiblər, öz aralarında da heç vaxt anlaşmayacaqlar. Qarabağa dair anlaşma isə yoxdur. Nəinki yoxdur, situasiya pisləməkdədir, çünki danışıqlar prosesi daha vəziyyəti yaxşılaşdıran vasitə kimi işləmir", - deyə ekspert narahatlıqla qeyd edib.

Bəs Azərbaycanla Ermənistan arasında ümidverici danışıqlar üçün zəmin varmı?

Q.Trofimçuk: "Zəmin həmişə var, nədən ki, tərəflərin davakar bəyanatlarına rəğmən, heç kim müharibə etmək istəmir - ilk növbədə də müharibənin nəticələrinin proqnoz edilə bilməməsi üzündən. Danışıqlar isə faktiki olaraq indi də davam edir, sadəcə, ona artıq heç kim inanmır. Odur ki, tərəflər əlverişli məqam gözləyir ki, rəqibə zərər yetirib onu susmağa vadar eləsin. Mən ekspert kimi konfliktlə bağlı məqbul tövsiyələr hazırlamaqdan ötrü bəzi yeni, təzə kanallar təklif eləmişdim (5x5x5 sxemi üzrə). Ancaq məni heç kim eşitmədi. Mən incimirəm, amma bu, yaxşı əlamət deyil. Belə çıxır ki, heç kimə heç nə lazım deyil. Halbuki,problemlə bağlı bütün köhnə vasitələr - istər onları sonsuza kimi siyasi hesab elə, istəsə də diplomatik - artıq işləmir. Müharibə Qarabağın astanasındadır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/549108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR