Şəki rayonu Kiş çayı üzərində körpünün bərpası işləri davam etdirilir.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeni inşa edilən körpünün uzunluğu 88.2 m, hərəkət hissəsi 8 m və hər bir tərəfdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 m enində piyada səkiləri də daxil olmaqla ümumi eni 11 metrdir.
Körpü orta dayaqsız bir aşırımlı ( 81 m. ) inşa olunacaq və çay yatağından hündürlüyü 7 m olacaq. Bu isə öz növbəsində gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını almış olacaq.
Körpünün kənar dayaqlarının tikintisi artıq yekunlaşıb və hazırda körpünün aşırım hissəsinin yığılması işləri aparılır. Bu işlər yekunlaşandan sonra körpünün hərəkət hissəsinin inşası işlərinə başlanılacaq.
Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilir.
Layihə çərçivəsində çayda su axının təmizlənməsi və yaşayış məntəqəsini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 m hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 m uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.
Xatırladaq ki, 2016-cı ilin iyul ayında yağan leysan nəticəsində sel suları sözügedən körpünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi. Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması və 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün dövlət başçısı tərəfindən 16 avqust 2016-cı il tarixində müvafiq sərəncam imzalanıb.