"Roma"nın "işığı söndü": "Roma mənim üçün bir dünyadır" - FOTOLAR

"Roma"nın "işığı söndü": "Roma mənim üçün bir dünyadır" -   FOTOLAR
17:37 29 May 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

“Bəzən insanlar soruşur ki, niyə bütün ömrünü Romada keçirirsən?

Roma sevdiyim ailəm, dostlarımdır. 

Roma dəniz, dağlar, abidələrdir. 

Roma, əlbəttə ki, romalılardır.

Roma qırmızı və sarı rənglərdir.

Roma mənim üçün bir dünyadır.

Bu klub və şəhər mənim həyatımdır.

Əbədilik...”


“Roma” klubunun simvolu Françesko Totti dünən karyerasını başa vurub. Bu sözlər isə bir müddət əvvəl onun azarkeşlərə ünvanladığı vida məktubundandır.


Totti 25 illik "Roma" karyerası ərzində 786 oyundan sonra may ayının 28-i son dəfə yaşıl meydana çıxaraq öz klubuna vida edib. Futbolçu 1976-cı il sentyabrın 27-də Romada anadan olub. Klub tarixin ən yaşlı oyuçusu 40 yaşında meydanı tərk edir.


"Romalı oğlan"


Sözün əsl mənasında həyatını Roma ilə bağlayan əfsanənin klub sevgisi ailəliklədir. Bu ənənəni isə futbolçunun babası başladıb. Totti özü də bunu təsdiqləyər.


"Babam Canlukanı xatırlamıram. O, dünyasını dəyişəndə mən çox balaca idim. Amma o bizim üçün çox qiymətli bir hədiyyəni miras qoyub: “Roma”nın böyük fanatı olub, bu sevgini atama ötürüb, o isə bu hissləri mənimlə və qardaşımla bölüşüb. “Roma” bizim üçün hər zaman futbol klubundan daha böyük dəyər olub. “Roma” ailəmizin bir hissəsidir, bizim qanımızda, qəlbimizdədir".


"Roma"nın kapitanı Cannini fanatı olan kiçik oğlan otağını onun şəkilləri ilə bəzəyirdi. Televiziyada tez-tez oyunlara baxa bilməsə də, 7 yaşılı oğlana ilk dəfə “Roma”nı canlı izləmə şansını atası bəxş edib: “İndi gözlərimi yumub o hissləri xatırlayıram. O rənglər, o şüarlar. Petardaların qoxusu. “Roma” azarkeşlərindən ibarət dənizin tən ortasına düşmüşdüm. İçimdə qəfildən sanki nəsə alışdı. O anları dəqiq təsvir edə bilmirəm. Bellissimo! Bu yerdə yalnız bu kəlmə keçərlidir".


Ayağından top düşməyən Tottinin arzularını reallaşdıra biləcəyi ilk təklifi 13 yaşında gəlir. Dünya nəhənglərindən olan “Milan”dan təklif gəlsə də, anası bu təklifi rədd edir. Səbəb isə sadə idi: “Romalı oğlan uşaqlarının iki variantı var: sən ya qırmızı-sarı, ya da bəyaz-mavi olmalısan. Sən ya “Roma”lısan, ya da “Latsio”lu”. 


Əslində xanım Totti yanılmayıb, maddiyata önəm verməyən ailə çox gözləmir cəmi bir neçə həftə sonra arzularının klubundan təklif alır. Və beləliklə, tarix başlayır...



Əfsanə olmaq üçün son 90 dəqiqə


İlklər unudlmaz. Elə Totti də ilk dəfə 16 yaşında əsas heyətdə çıxdığı oyunu yaxşı xatırlayır: “Olimpiko”da “Roma”nın heyətində debüt edəcəyimi oyundan 90 dəqiqə əvvəl bildim. Bizi Triqoriyadakı bazamızdan stadiona aparan avtobusa əyləşdim və həyəcanım artmağa başladı. Gecə çox rahat yatmışdım, amma indi bütün dincliyimi itirmişdim. “Roma” fanatları fərqlidir, başqaları kimi deyil. Əgər bu komandanın heyətində meydana çıxırsansa, tribunalar səndən çox şey gözləyir. Nəyəsə layiq olduğunu dərhal göstərməlisən. Heç kim sənə səhv etmək fürsəti verməyəcək. İlk dəfə meydana çıxanda böyük qürur hissi keçirdim. Axı öz evim, öz babam, öz ailəm üçün oynayırdım".


Tottiyə “Roma”dan əvvəl də, sonra da dünya nəhənglərindən təklif gəlir, lakin onun üçün fərqi olmur. Sadəcə birindən başqa...


Bu hadisəni həyatının ən böyük səhvi adlandıran, həyatı bu şəhərə bağlı olan romalı oğlan “Real"dan gələn təklif zamanı artıq tərəddüd etməyə başlayır: “Əlbəttə, səhvlərim də olub. 12 il əvvəl Madrid “Real”ına keçmək barədə düşünmüşəm. Uğurlu, bəlkə də dünyanın ən güclü komandası sənə təklif göndərəndə özündən asılı olmayaraq tərəddüd etməyə başlayırsan. Dəyişikliklər barədə düşünürsən. “Roma”nın prezidenti ilə də müzakirə apardım. Amma yekunda hər şeyi ailəmlə etdiyim söhbət müəyyənləşdirdi. O söhbətdə bir daha mənə xatırlatdılar: Ev - hər şey deməkdir!”



Evinə bağlı olan Totti 2005-ci ildə 2 ildir ki, münasibətdə olduğu teleaparıcı İlari Blasi ilə evlənənə qədər elə valideynləri ilə birgə yaşayıb.


Hər zaman romalıların diqqət mərkəzində olan Tottinin toy mərasimi də canlı yayımla ölkə telekanalında yayımlanmışdı.


3 uşaq atası Totti müsahibələrinin birində ata olmağa hazır olmadığını desə də, 2005-ci ildə oğlu Kristianı qucağına aldıqdan sonra zamala hər şeyi yoluna qoyduğunu bildirib.


“Məni dayanmağa məcbur edirlər”



Vida oyununda fubtolçu üçün xüsusi köynək dizayn olunmuşdu. “Totti 10” loqolu köynəyin qol hissəsində Tottinin sellüliti və “Həyatı boyu bir komanda” yazısı əks olunmuşdu. Özünün dediyi kimi “...uşaq kimi gəldiyi yeri yetişkin olaraq tərk edir”.


O, komanda ilə vida yeməyi zamanı “Qarışıq və çətin ay oldu. Bundan sonra sizə kömək edə bilməyəcəm, amma siz hər şeyin necə getdiyini bilirsiniz. Artıq məni dayanmağa məcbur edirlər, "Roma" köynəyini geyinmədən özümü təsəvvür edə bilmirəm. Hər halda, hamınıza xoş münasibətiniz üçün təşəkkür edirəm” deyərək sağollaşıb. 


Amma bununla Totti “Roma”nın həyatından birdəfəlik çıxmır. Çünki, klub rəsmiləri futbolçuya komanda rəhbərliyində çalışmağı təklif edəcək.



Elnurə


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotromaquotnn-quoti-sonduquot-quotroma-mnim-ucun-bir-dunyadrquot-t58399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR