Sirri açılmayan -

Dünyada sirri hələ tam olaraq açılmayan yerlərdən biri də İngiltərənin Solsböri düzənliyində yerləşən Stounhenc abidəsidir.

Metbuat.az xəbər verir ki, abidə ilk növbədə özünün sirli görünüşü ilə insanların diqqətini cəlb edir. Alimlər bu günə qədər qədim insanların daşları nəyə görə bu formada qruplaşdırdıqlarını tapa bilmir. Stounhencdəki nadir daşlar Solsböriyə 250 kilometr məsafədə yerləşən Uelsdən gətirilib və qədim dövrlərdə bir neçə dəfə müxtəlif formada düzülüb.

Dik dayanmış daşların hərəsi 50 tondur və ən yaxın daş karxanası Stounhencdən 160 km uzaqlıqda yerləşir. Buna görə də, bəziləri daşları uzun məsafədən gətirməyin həmin dövr üçün mümkünsüz olduğunu hesab edir. Onların fikrincə, daşlar yadplanetlilər tərəfindən bu formada düzülüb.

Mif və əsatir sevənlər isə daşları qədim druid qəbiləsi ilə əlaqələndirir və belə hesab edir ki, bunun əsasını məhz Merlin özü qoyub. Belə bir iddia var ki, Stounhenc – dinsiz kraliça Boaditseinin məzarıdır. Praqmatik tarixçilər isə bu daşları qədim astroloji təqvimlə və yaxud rəsədxana ilə əlaqələndirir.

Bir qrup britaniyalı alimin 10 illər boyu apardığı araşdırmalar bu sirli abidəyə yeni məna qazandırıb. Məlum oldu ki, əvvəllər Stounhencin yerində qəbiristanlıq olub. Alimlərin sözügedən versiyasını buradan tapılmış 63 insan qalığı sübut edir. Alimlərin araşdırmasına görə, bu məzarlıq o dövrün elit təbəqəsinə xidmət göstərib və bu “elit məzarlıq” təxminən bizim eradan 3000 il əvvəl yaranıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR