Azad ölkənin çirkli üzü: demokratiyadan qorxub susanlar

Azad ölkənin çirkli üzü: demokratiyadan qorxub susanlar
10:12 30 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

İsveçin paytaxtı Stokholm ziddiyyətlər şəhəridir. Bir tərəfdən Stokholm dünyanın ən zəngin, sosial təminat və insan haqlarının qorunmasının ən yüksək olduğu vurğulandığı ölkənin paytaxtıdırsa, digər tərəfdən istisnasız olaraq bütün metro stansiyalarının və supremarketlərinin qarşısında cinsiyyəti, yaşı, milli mənsubiyyəti çox çətin müəyyənləşdirilən insanlar oturub dilənirlər.

Bu şəhərdə sahibsiz heyvanlar yoxdur - hamısı tutulub, şəhər kənarındakı sığınacaqlara daşınıb. Evsiz, sahibsiz, şəhərin düz mərkəzində küçələrdə gecələyən "yeni avropalılar"la yerli sakinlər bəs deyincədir.

Stokholmlular şəhərin içməli su sistemi ilə fəxr edirlər və deyirlər ki, evlərdə krantdan axan suyu rahatlıqla içirlər: "Bizdə çaydanlarda heç vaxt ərp olmur".

Mümkündür, amma İsveçin siyasi sistemində, cəmiyyətində ərp yetərincədir, üstəlik də artır, qalınlaşır və kəsif qoxu verməyə başlayır.

Qanunsuzluq, ümidsizlik, demokratiya adı ilə haqların, insan hüquqları adı ilə azadlığın məhdudlaşdırılmasının təzyiq kəsifliyini...

Stokholmda elə bir dükan, kafe, hətta ictimai ayaqyolu yox ki, onun qapısında cinsi azlıqların göy qurşağı rəngində bayrağı olmasın. Deyəsən, İsveçin dövlət bayrağından sonra bu bayraq populyarlıq baxımından ölkədə ikinci yeri  tutur.

Qustav Hultkvist Stokholmda kafe sahibidir. Dediyinə görə, indi İsveçdə seksual pozğunluğu, əxlaqsızlığı, cinsi azlıqları tənqid etmək olmaz: "Səni dərhal homofob, insan haqlarını inkar edən adam, ölkədəki sosial, demokrat cəmiyyətin düşməni elan edəcəklər. Cinsi azlıqların yüzlərlə, minlərlə təşkilatı var və onlar sənin üstünə hücuma keçəcəklər, təqib olunacaqsan".

İsveçin cənubundakı Alvesta şəhərinin bələdiyyə sədri Kauko Antbake vəzifəsindən qovulub, "insan haqlarının düşməni" adlandırılıb. Səbəb onun Facebook-dakı profilində yazdığı bu sözlərdir: "Bəli, demokratik, azad ölkədə yaşayırıq. Burada homoseksualistlərin və ya İŞİD-in bayrağını qaldırmaq olar. Lakin bu bayraqların simvolizə etdikləri ideyalara sayğı bəsləyə bilmərəm".

"Mühafizəkar", "geridə qalmış", "mastodont" sayılan isveçlilər kinayə ilə deyirlər ki, ölkədə cinsi azlıq olmaya bilərsən - amma cinsi azlıqlara hörmət etməyə məcbursan.

İsveç bu məsələdə, gerçəkdən də, çox "inkişaf" edib. Hətat nikah şəhadətnaməsi də dəyişdirilib. İindi həmin sənəddə "ər" və "arvad" kəlmələrinin yerinə "qanuni həyat yoldaşı" yazılıb.

İsveç Lüteran Kilsəsinin rəhbəri, yepiskopu lesbiyan qadındır, Stokholmda mərkəzi kilsə ilə üzbəüz Avropanın və dünyanın ən böyuk sadomazaxist klubu sayılan "Scandinavian Leather Men".

Ölkədə keçirilən "pride"lərdə, yəni cinsi azlıqların paradlarında isə miqyas artır. Bu il İsveçin 30 şəhərində "pride" olub ki, paytaxt Stokholmdakı yürüşə baş nazir Stefan Löven, nazirlər, deputatlar da qatılmış, homoseksuallar və lesbiyanlarla qucaqlaşıb öpüşmüş, bol-bol selfilər çəkdirmişdilər.

Üstəlik, indi "pride" zamanı homoseksuallar və lesbiyanların səflərinin önündə keşişlər, hərbçilər, polislər gedirlər.

Höteborq şəhərindəki "pride"a isə uşaq bağçalarının tərbiyəçiləri və müəllimləri 120 uşağı aparmışdılar.

Uşaq bağçaları demişkən: İsveçdəki uşaq bağçalarında "Küllücə, "Yatmış gözəl", "Ağcaqız və yeddi cırtdan", "Ələddinin sehirli çırağı" və s. nağıllar yasaqlanıb. Səbəb? "Bu nağıllar aşkar, aqressiv heteroseksual təblğatdır və həmin nağıllarda kişinin qadına sevgisi təriflənir".

Rəssam Elizabet Olson Vallin indi İsveçdə çox populyardır. Tablolarında İsa Məsihi və həvariyunları homoseksuallar, Müqəddəs Məryəmi - lesbiyan kimi çəkən rəssam "mütərrəqqi, modern və tolerant rəngkarlıq dühası" sayılır.

Bu, İsveçdir...

Azad ölkənin kölələri

İsveçdə qadınlara ana olmaq hüququnun yasaqlandığı, üstəlik, onların zorla, məcburən analıq imkanlarından məhrum edildiyini iddia etmək absurd təsir bağışlayır, deyilmi?

Axı İsveç inkişaf etmiş, mütərəqqi, gözəl ölkədir, orada belə mənhus əməllər törədilə bilməz.

Əfsuslar olsun ki, "Ah, İsveç!" tipli dalğınlıqlara həsrət qalanları pərişan etməliyik.

İsveçdə vətəndaşların məcburi qaydada sterlizasiyası, yəni dünyaya övlad gətirmək imkanından məhrum edilməsi kampaniyası dövlət səviyyəsində keçirilir.

50 il davam etmiş bu proqram çərçivəsində təqribən 63 min isveçli sterlizasiya olunub.

Hər şey 1921-ci ildə, İsveç Sosial-Demokrat Partiyasının parlamentdəki təklifindən sonra Upsala şəhərində Dövlət İrqi Biologiya İnstitutunun yaradılması ilə başlandı. İnstitutun məqsədi "irqlərin qarışması nəticəsində insanın degenerasiyası problemlərinin araşdırılması" idi.

Daha sonra Lund Universitetinin də cəlb olunduğu proqram işə düşdü və isveçli alimlər "araşdırmalar" apararaq "təsdiq"lədilər ki, ortaboylu, qarasaçlı lapplarla finlərin ucaboylu, sarışın, mavigözlü ari "svey"lər, yəni isveçlilərlə nikahları nəticəsində "millət geriləyir".

Sabiq baş nazir Yalmar Hammarşeldin başçılıq etdiyi proqrama dövlət büdcəsində yetərincə pul ayrılırdı.

İsveç Sosial-Demokrat Partiyasının 1935-ci ildəki sədri Alva Myurdal ölkə rəhbərliyini "geri qalmış xalqların təsirindən qorunmaq üçün zəruri addımlar" atmağa çağırdı. O, habelə ölkə vətəndaşları arasında şikəstlərin, əqli cəhətdən zəif olanların, qatı cinayətkarların valideyn olmaq imkanlarından məhrum olunmasını tələb etdi. Yəni həmin adamlar məcburi sterlizasiya olunmalıydılar.

Taleyin ironiyasına bax ki, belə vəhşi, cəllad tələblə çıxış edən A.Myurdal 1982-ci ildə "bəşəriyyət qarşısında humanitar xidmətlərinə görə" Nobel Sülh Mükafatı alıb.

Alman nasistləri "irqçi təmizlik kampaniyaları"nı, sterlizasiyanın incəliklərini İsveçdəki kurslarda öyrənmişdilər.

İsveçdə sterlizasiya ilə bağlı son cərrahiyyə əməliyyatı 1976-cı ildə (!) keçirilib. Dəhşət odur ki, isveçlilərin əksəriyyəti indi də tam və qəti əmindirlər: şikəstlər, əqli cəhətdən geri qalanlar mütləq sterlizasiya olunmalıdır.

"Sosial mühəndislik", "etnosun təmizliyinin qorunmasına yönəlmiş yevgenika" kimi ifadələrlə adlanan bu bəşəri cinayət barədə indi İsveç siyasətçiləri, mediası, nazirlər, deputatlar danışmaq istəmirlər.

Sanki, heç nə baş verməyib.

Sanki, 60 min insan vəhşi, irqçi eksperimentlərin qurbanı olmayıb.

Sterilizasiya qurbanları arasında hələ sağ olanlar, yaşayanlar özlərini "azad ölkənin kölələri" adlandırırlar. Onlar dövlətdən təzminat almaq istəyirlər.

Kimdir onları dinləyən ki...

Rüşvət, fırıldaqçılıq, yalan...

İsveçin sabiq baş naziri və XİN başçısı Karl Bildt ilə bağlı qalmaqallar səngimək bilmir. Ölkənin Xarici İşlər Nazirliyinə rəhbər təyin olunmazdan əvvəl o, "Kreab" PR agentliyinə rəhbərlik edirdi. Agentliyin müştəriləri arasında Gürcüstan hökuməti də vardı.

Aftonbladet-in əldə etdiyi sənədlərə görə, K.Bildt agentliyin idarə heyətinin sədri postunu 2006-cı ilin sentyabr ayında tərk edib. Həmin ilin noyabrında isə "Kreab" Gürcüstanın hakimiyyət dairələri ilə əməkdaşlıq anlaşması imzalayıb.

Müqaviləyə əsasən, "Kreab" 2007-c ilin dekabrından 2008-ci ilin dekabrınadək Tiflisdən təqribən 18 milyon İsveç kronu alıb.

O da bəlli olub ki, "Kreab" İsveçin Mülayim Koalisiya Partiyası (Moderata samlingspartiet, Moderaterna) ilə də sıx əlaqələrə malikdir.

Aftobladet bildirir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin hakimiyyətdə olduğu dönəmdə Tiflislə əlaqələr yaradan "Kreab"ın bu "təmas"larına bilavasitə K.Bildt rəhbərlik edirdi.

Agentliyin Brüssel bölməsinin rəhbəri Karl İsaaksonun sözlərinə görə, "Kreab" agentliyi Saakaşvili iqtidarına İsveçin nüfuzlu siyasətçiləri və kütləvi informasiya vasitələri ilə əlaqələr yaratmaqda yardım etməli, İsveç mediasında rəsmi Tiflisin müsbət imicini yaratmalıydı.

Belə xidmətlərin müqabilində "Kreab"a hər ay "stabil ödəniş" qismində 1 milyon kron verilib. Agentliyin heç də az olmayan məbləğdə pullar aldığı "əlavə xidmətlər" arasında 2008-ci ilin yanvar-fevral aylarında Gürcüstanda keçirilmiş prezident seçkilərində M.Saakaşvilinin namizədliyinin dəstəklənməsi vardı. K.Bildt də Gürcüstana XİN başçısı və baş nazir olarkən Gürcüstana 14 dəfə rəsmi səfər etməklə yanaşı, "privat" səyahətlərə də çıxmışdı.

Bütün bunlarla yanaşı, o, rəsmi Tiflisi az qala hər məsələdə dəstəkləyirdi.

İsveçin Gürcüstandakı səfiri Hans Qunnar Aden 2008-ci ildəki prezident seçkilərində total saxtakarlıqların olduğunu deyəndə  isə o, geriyə, Stokholma çağırılmış, K.Bildt isə Tvitter-dəki akkauntunda yazmışdı: "Seçkilərin nəticələrindən şübhələnmək mümkün deyil: hər şey demokratik idi".

K.Bildt ilə rəsmi Tiflis arasındakı əməkdaşlıqda sıx iştirak edənlərdən biri də onun müavini Uolf Erenkruna idi.

U.Erenkruna XİN başçısının müavini təyin edilməzdən əvvəll "Kreab" agentliyinin strateji müşaviri postunda çalışıb.

Postsovet məkanı ölkələrində, o cümlədən Azərbaycanda "demokratik islahatlar və tam şəffaflıq" tələb edən Karl Bildtin korrupsiya macəraları "Kreab"la bitmir. Daha doğrusu, "Kreab" bu "rüşvət əyləncəsi"nin, sadəcə, kiçik hissəsidir.

Ən maraqlı məqamlar isə İsveçin sabiq baş naziri və XİN başçısı ilə "Vostok Nafta" şirkəti arasında olan əlasqələrdir.

Rusiyanın "Qazprom" korporasiyası ilə çox sıx bağlı olan, bu strukturun səhmlərinə milyonlarla avro yatırmış "Vostok Nafta"nın banisi 1996-cı ilin oktyabrın 25-də isveçli investor Adolf Lundinin yaratdığı və Bermud adalarında qeydiyyata alınmış "Vostok Nafta Investment" investisiya fondu durur.

Hazırda 7 milyard dollarlıq aktivlərə malik fondun maliyyə yatırımlarını ünvanladığı strukturların pay bölgüsü belədir: "Qazprom" - 90,83%, "Rosneft" - 2,31%, TNK-VR - 2,21%.

"Vostok Nafta"nın səhmdarlarından biri kimi K.Bildt, təbii ki, Rusiya ilə bağlı obyektiv mövqe tuta bilməzdi.

Və ən nəhayət, Karl Bildt 1997-2003-cü illərdə "Lundin Oil" (indiki "Lundin Petroleum") neft şirkətinin direktorlar şurasının üzvü olub. Bu şirkət isə Sudanın cənub hissəsində 10 min insanın ölümündə, 200 min insanınsa qaçqın düşməsində suçlanır.

Karl tək deyildi

İsveçin sabiq baş naziri Yan Fredrik Reynfeldtin hakimiyyətdə olduğu dönəmi ölkə sakinləri, çətin ki, unudalar. 2006-cı ilin oktyabrın 6-dan 2014-cü ilin oktyabrın 3-dək hökumətə başçılıq etmiş bu şəxsin fəaliyyətini araşdırmağa başlayıblar. Səbəbsə trivialdır: korrupsiya.

Əslində, Reynfeldtin hökuməti yaranan gündən qalmaqallara səbəb olmuşdu. Ticarət və mədəniyyət nazirlərinin müxtəlif vergi fırıldaqları aşkarlandı, onlar cəmi iki həftə postlarında qala bildilər. Miqrasiya, kommunal təsərrüfat, xarici işlər və maliyyə nazirləri də saxtakarlıq, vergidən yayınmaq və s. işlərlə məşğul olublar.

İsveçin yeni XİN başçısı Marqo Vellstrem də sələfindən geri qalmır. O, rüşvət müqabilində çox ucuz qiymətə mənzil almaqda suçlanır. İsveç prokurorluğunun fikrincə, M.Vellstrem 2015-ci ilin aprel ayından bəri Stokholmda KOMMUNAL Həmkarlar Təşkilatına məxsus binadakı mənzildə yaşayır. Rəsmi sənədlərə görə, XİN başçısı bu mənzildə kirayənişindir, amma isveçli jurnalistlər təkid edirlər ki, KOMMUNAL mənzil az qala "su qiymət"inə nazirə satılıb.

Həkimlər də geri qalmır

Baş nazir, nazirlər və siyasətçilər arasında rüşvətxorluğa bulaşmayanları az qala barmaqla saymaq mümkündürsə, İsveçdə həkimlər niyə rüşvət almasın ki?! İsveçli təbiblər, yəqin, bu ritorik sualı səsləndirəndən sonra dövlət mənsublarından nümunə götürməyə başlayıblar.

İsveç prokurorluğunun apardığı və hələ başa çatmamış araşdırmalara görə, ölkədə 1198 həkim 66 farmasevtika şirkətindən məsləhət, konsaltinq, nəqliyyat və hotel xərclərinin ödənişləri qismində toplam olaraq 47 milyon kron pul alıblar. 1200 həkimin hər biri minimum 20 min kronluq "mükafat"a yiyələnib. 53 həkimin şirkətlərdən aldıqları "hörmət"in aylıq məbləğ 100 min kron olub.

Belə rüşvətxor həkimlərdən biiri, 6 farmasevtika şirkətindən 100 min kron almış Anders Qottsater deyib: "Hesab edirəm ki, farmasevtika şirkətləri ilə əməkdaşlıq pasiyentlərə xeyir verməklə yanaşı, dərman preparatlarının istehsalına təkan verir və onların keyfiyyətini yaxşılaşdırır".

İsveçin tanınmış, nüfuzlu həkimlərinə çeşidli adlarla pullar ödəyən farmasevtika şirkətləri bu minvalla imiclərini yaxşılaşdırmaq, mövqelərini möhkəmləndirmək və özlərini reklam etdirmək üçün səy göstərirlər.

Məsələn, 4 farmasevtika şirkətindən üst-üstə 151 min kron almış tanınmış infeksionist Qustan Ullenhaq özünə haqq qazandıraraq "sadəcə, məsləhətlər vermiəm" deyirsə, diabet üzrə dünyaca məşhur ekspert sayılan professor Anders Frid 230 min kronluq qanunsuz gəlirlərini "pasiyentləri düşünərək atılan addım" kimi dəyərləndirir.

İsveçin tanınmış tibb müütəxəssislərindən biri, professor-infeksionist Sven Britton bütün bunları biabırçılıq sayır: "Həkim farmasevtik şirkətdən əsla pul almamalıdır. Belə şirkətlər dərman preparatlarını satmaq üçün həkimlərdən vasitə qismində yararlanırlar".

"Haqları pozulur? Kimin vecinə..."

BMT-nin İnsan Haqları Komitəsinin artıq bir neçə hesabatında İsveçdə qaraçıların insan hüquqlarının pozulması, onların ciddi təqiblərə məruz qalması ilə bağlı narahatlıq bildirilib. Komitə rəsmi Stokholmu qaraçıların vətəndaş hüquqlarının tam təminatına, onların təhsil, iş, yaşayış və səhiyyə haqqlarının qorunmasına şərait yaratmağa çağırıb.

İsveçin dövlət radiostansiyası "Sverige Radio" da etiraf edir ki, ölkədə müsəlmanlara, afrikalılara, qaraçılara və yəhudilərə qarşı çox pis, ksenofob və irqçi davranış müşahidə olunur.

Ölkədə irqi və dini əsaslarla təqiblərin, dözülməzliyin, şovinizmin gücləndiyini, günbəgün vəba kimi yayıldığını İsveçin ən nüfuzlu qeyri-hökumət təşkilatları arasında yer alan 18 qurum, o cümlədən "Civil Rights Defenders" təsdiqləyirlər.

BMT-nin İnsan Haqları Komitəsi 18 ekspertdən ibarətdir və onun məsləhətləri ilə iradlarının məcburi icra edilməsi tələb olunmur. Fəqət, qurumun böyük mənəvi çəkisi olduğundan isveçlilər iradları qulaqardına vurmaq istəsələr də, mümkün deyil.

Rəsmi Stokholm istədiyi qədər demokratiyadan, insan haqlarından və vətəndaş cəmiyyətindən danışa bilər, hətta ölkədə nağd ödənişlərin aradan qalxmağa başladığını deyərək İsveçin dünyanın ən mütərəqqi cəmiyyətinə və inkişaf etmiş idarəetmə sisteminə malik dövlət olduğunu deyə bilər

Fəqət, həqiqət fərqli, reallıq acıdır.

İsveçin tanınmış hüquq müdafiəçilərindən biri, vəkil Yohanna Vesteson söydəyir: "Ölkədə ən ciddi problemlərdən biri milli və etnik mənsubiyyətlə bağlı təqiblər, ayrı-seçkilikdir. Etnik zəmində nifrətlə bağlı törədilən və heç bir yerdə rəsmi qeydiyyata alınmayan cinayətlərin sayı sürətlə artır. Dövlət qurumlarında, qapalı müəssisələrdə, siyasi qaçqın statusunun alınması ilə bağlı problemlər var. Ölkəmizdə insanı heç bir real səbəb olmadan həbs edərək azadlıqdan məhrum etmək olar. Milli, dini və etnik azlıqların hüquqlarının təminatı da pisdir. Qaraçılara, müsəlmanlara, yəhudilərə qarşı törədilən cinayətləri ört-basdır etməyə çalışırlar".

Digər nüfuzlu hüquq müdafiəçisi Mattias Ohren də ölkədə insan haqlarının təminatı ilə bağlı çox ciddi çatışmazlıqların olduğunu vurğulayır: "BMT-nin İnsan Haqları Komissiyası, ATƏT, AŞPA - bu kimi təşkilatlardakı dinləmələrin real heç bir effekti olmur. Çünki bir ölkədə insan haqlarının vəziyyətini başqa dövlətlər müzakirə edir, siyasətçilər və deputatlar danışır, merkantil maraqlar ön plana çıxır.  Əgər ölkə "hədəf"ə alınıbsa, çox sərt tənqidlər səslənir. Yox, əgər ölkə demokartiyanın dayaqlarından sayılırsa, "barmaq silkələmək"lə kifayətlənirlər. Halbuki, İsveçdə insan haqlarının təminatı sahəsində vəziyyət o qədər ağırlaşıb ki, hansısa dinləmələrin situasiyanı çözəcəyinə inanmıram".

... İsveçli siyasətçilər ən müxtəlif ölkələrə demokratiya dərsi keçməyi, xüsusilə də postsovet məkanı ölkələrində "insan haqlarının pozulması və vətəndaş cəmiyyəti dəyərlərinin tapdanması"ndan danışmağı, hədəfə aldıqları ölkə ilə bağlı dinləmələr keçirib müzakirələr aparmağı çox sevirlər.

Fəqət, bu insanlar güzgüyə baxanda hansı hisslər keçirirlər?

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/549326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR