ADNSU və “AzerGold” QSC elmi-texniki inkişaf üçün əməkdaşlığa başlayıb

ADNSU və “AzerGold” QSC elmi-texniki inkişaf üçün əməkdaşlığa başlayıb
15:55 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, əməkdaşlığın məqsədi təhsilə və elmi-texniki inkişafa dəstək, geologiya və dağ-mədən sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə verməkdir.

Razılaşmaya əsasən tərəflər əlvan metal filizi yataqlarının dağ-mədən şəraitinin qiymətləndirilməsi, tədqiqi, həmçinin bu sahədə innovativ layihə və inkişaf proqramlarının həyata keçirilməsi üzrə məsləhətləşmələr, filizlərin və ətraf süxurların fiziki-mexaniki xüsusiyyətlərinin öyrənilməsi üzrə fikir mübadiləsi edəcək.

Cəmiyyət universitetin elmi-texniki potensialından faydalanacaq, təhsil müəssəsinin personalı “AzerGold”un istehsal prosesində rastlaşa biləcəyi problemlərin həll edilməsi istiqamətində dəstək göstərəcək. QSC-nin işçi heyəti üçün müvafiq proqramlar üzrə ADNSU-da ixtisasartırma kursları təşkil olunacaq. Cəmiyyətin gələcək ehtiyaclarına uyğun onun sifarişi əsasında ADNSU-da ixtisaslaşmış kadr potensialı hazırlanacaq, məzunların bir qismi “AzerGold”da işlə təmin olunacaq.

ADNSU-nun müəllim və tələbə kollektivi isə “AzerGold”-un istehsalat bazasından istifadə edəcək, kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində universitet nümayəndələrinin tədqiqatlar aparmalarına şərait yaradılacaq.

“AzerGold” QSC Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı sərəncamla təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir. Onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2760583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR