Azərbaycanda qorxulu kənd - Yer insanları udur

Azərbaycanda qorxulu kənd - Yer insanları udur
02:48 31 May 2017
236 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlərdə Şabran rayonunun Qazbabalı kəndində torpaq sürüşməsi aktivləşib. Yararsız vəziyyətdə olan 5 evdən 3-ü tamamilə çöküb.

Kənd sakini, zərərçəkmiş Əliyev Faiq Abdulla oğlu Sputnik Azərbaycan-ın bölgə müxbirinə vəziyyəti belə şərh edib: "Gün ərzində ən azı torpağın yarım santimetr aralanmasının şahidi oluruq. Buna sübut olaraq, mənim evim fevral ayından bu günə qədər 3 metr firlanaraq aşağıya doğru sürüşüb".

"Artıq bu kənddə yaşayış çox təhlükəlidir və biz hər an ölümlə üz-üzəyik. Hər gün uşaqlar həyətdə oyun oynadığı zaman quyulara yıxılaraq zədə alırlar. Səbəbi isə torpağın üstünü ot örtdüyü üçün, onların torpaqda olan yarğanları görməmələridir" - F. Əliyev bildirib. Kənd sakini həmçinin deyib ki, artıq bu hadisədən sonra uşaqların da məktəbə getməsində problemlər yaranıb: "Biz uşaqları məktəbə yola salmağa qorxuruq, çünki onlar başqa kəndə məktəbə gedirlər və onların getdiyi yol da sürüşmənin çox olduğu ərazidir. Düzdür, yaşamaq üçün rayon icra nümayəndəliyindən çadırla təmin olunmuşuq, amma 4 uşaq olmaqla, 8 nəfərlik ailənin o çadırda yaşaması çox çətindir".

Qeyd edək ki, Şabran rayonunun Qazbabalı kəndində cari il fevral ayının 23-dən 24-ə keçən gecə torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi nəticəsində 5 ev yararsız vəziyyətə düşüb.

Əmirxanlı kənd inzibati ərazi dairəsinin nümayəndəsinin sədri Cəsarət Xəlilovun bildirdiyinə görə, evləri qəzalı vəziyyətdə olan sakinlərə icra hakimiyyəti tərəfindən çadırlar verilib: "Hal-hazırda dəymiş ziyan hesablanır və qalan proseslər haqqında yaxın zamanda açıqlama veriləcək". (sputnik.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/200735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR