Sərnişin qapısı açıq avtobusdan yıxılıb ölüb? - BNA-dan AÇIQLAMA

Sərnişin qapısı açıq avtobusdan yıxılıb ölüb? - BNA-dan AÇIQLAMA
09:09 31 May 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi mayın 28-də 81 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun qapısı açıq vəziyyətdə idarə olunması nəticəsində sərnişin, paytaxt sakini Cümşüd Haqverdiyevin yıxılması və sonradan xəstəxanada ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Lent.az-a verdiyi məlumata görə, məlumat əsasında Bakı Nəqliyyat Agentliyində araşdırma aparılıb. 81 nömrəli marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı Fikrət Əhmədov və həmin marşrut xətti üzrə fəaliyyət göstərən 10 TF 978 Dövlət Qeydiyyat Nişanlı avtobusun sürücüsü Cavanşir Məmmədov Bakı Nəqliyyat Agentliyinə çağırılıb və izahatları alınıb: "Həmin izahatlara əsasən sərnişin C. Haqverdiyev avtobus dayanacaqda dayandığı zaman avtobusdan düşən digər sərnişinə yol vermək istəyərkən müvazinətini itirərək yıxılıb. Bundan dərhal sonra sürücü ərazi üzrə polis bölməsinə və təcili tibbi yardıma məlumat verib və sərnişin xəstəxanaya çatdırılıb. Sürücü C. Məmmədov polisə ifadəsində də sərnişinin avtobusun qapısının açıq vəziyyətdə idarə edilməsi nəticəsində yıxılması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib. Ümumiyyətlə isə avtobus hərəkətdə olarkən qapısı bağlı vəziyyətdə olub".

 

Hazırda faktla bağlı Bakı şəhəri Nizami rayonu Polis İdarəsində istintaq araşdırması aparılır. Hadisənin əsl baş vermə səbəbi də yalnız bundan sonra məlum olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275795

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR