"İşə qəbul olmaq istəyən gənclərin bilikləri daha çox əzbərçilik xarakteri daşıyır" - Nazirlik

"İşə qəbul olmaq istəyən gənclərin bilikləri daha çox əzbərçilik xarakteri daşıyır" - Nazirlik
12:22 31 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Potensiallı gəncləri dövlət vergi orqanlarında xidmətə cəlb etmək və bu potensialdan səmərəli şəkildə faydalanmaq Vergilər Nazirliyinin insan resursları siyasətinin başlıca istiqamətlərindəndir.

Milli.Az xəbər verir ki, bunu Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru Faiq Şahbazov bildirib.

Onun sözlərinə görə, 2005-ci ildən başlayaraq dövlət vergi orqanlarına işə qəbul üzrə keçirilmiş ümumilikdə 12 müsabiqə nəticəsində 1258 nəfər gənc vergi orqanlarında işlə təmin edilib. Bu gün vergi orqanlarında xidmət keçən vəzifəli şəxslərin təxminən 47,3%-i yaşı 35-ə qədər olan gənclərdir:

"Vergilər Nazirliyi gənc kadrların daha yuxarı vəzifələrə irəli çəkilməsi baxımından da fərqlənir. Yuxarı menecer vəzifələrinin tutulması üçün potensiallı kadrların müəyyən edilməsi və onların sistemli olaraq həmin vəzifələrə hazırlanması məqsədilə nazirliyin kadr ehtiyatı formalaşdırılıb ki, hazırda bu ehtiyatda kifayət qədər gənc kadrlarımız var. Qeyd edilən kadr ehtiyatında olan, habelə orta menecer vəzifələrinə yeni təyin edilən gənc əməkdaşlarımız üçün mütəmadi olaraq hər il idarəetmə sahəsində təlimlər təşkil olunur. Görülən işlərin nəticəsidir ki, hazırda rəhbər vəzifəli şəxslərin 32,2%-ni yaşı 35-dən aşağı olan əməkdaşlar təşkil edir".

Vergi orqanlarında işləmək istəyənlər üçün 2017-ci ildə keçirilən son iki imtahanın nəticələrini qiymətləndirən F.Şahbazovun fikrincə, gənclərin öz hazırlıq səviyyələrini qaldırmağa ehtiyac var:  "Müsabiqələrdə iştirak etmək üçün ümumilikdə 4976 nəfər müraciət edib. İndiyədək keçirilmiş müsabiqələr içərisində həm müraciət edənlərin, həm də namizəd kimi qeydə alınanların sayı baxımından ən yüksək göstərici bu müsabiqələrdə müşahidə olunub. Müsabiqələrin test imtahanı mərhələsində 92 nəfər uğur qazanaraq müsahibə mərhələsinə buraxılıb, həmin mərhələdə isə 83 nəfər müvəffəqiyyət əldə edərək ehtiyat kadrlar siyahısına daxil edilib. Onlardan 58 nəfəri artıq analoji vakant vəzifələrə təyin olunub. Hazırda işə yeni qəbul edilənlər Vergilər Nazirliyinin Tədris Mərkəzində ilkin hazırlıq kursu keçirlər.

Ümumilikdə, göstərilən nəticələr bizim üçün qənaətbəxş olsa da, fikrimcə, namizədlərin hazırlıq səviyyələrini artırmağa ehtiyac var. Çünki dövlət orqanlarında, ələlxüsus xüsusi növ dövlət orqanında xidmət keçmək fərqli məsuliyyət, səriştə və əzmkarlıq tələb edir. Bu gün bütün dünyada, o cümlədən ölkəmizdə iqtisadiyyatın inkişafında yanaşmalar və islahatlar sürətlə dəyişməkdədir. Namizədlər də həmin dəyişikliklərlə ayaqlaşmalı, bu proseslərin müşahidəçisi deyil, iştirakçısına çevrilməlidirlər. Bunun üçünsə onlar daim sistemli şəkildə öz üzərlərində işləməli, biliklərini yeniləməli, mütaliə etməlidirlər. Əksər hallarda namizədlərin müsabiqələrdə uğur qazanmamasının əsas səbəbi onların dünyada gedən ümumi proseslər barədə məlumatlarının zəif olması, iş seçimlərinin təsadüfiliyi, bəzən də biliklərinin daha çox əzbərçilik xarakteri daşıması olur".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR