Ümumdünya Tütünsüz Günə həsr olunmuş seminar

1988‑ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyasının 42‑ci sessiyasında 19 saylı qətnamə ilə 31 may Ümumdünya Tütünsüz Günü elan edilib.

Bu gün tütün epidemiyasına və onun yaratdığı qarşısı alına bilən xəstəliklərə və ölüm hallarına diqqəti artırmaq məqsədilə qeyd edilir. Hər il 31 may tarixində qeyd olunan Ümumdünya Tütünsüz Günü tütündən istifadənin təhlükələrindən, tütün epidemiyasına qarşı aparılan mübarizədən, gələcək nəsillərin qorunması və sağlam həyat hüquqlarının tələb olunması məqsədilə ayrı‑ayrı ölkələrin ictimaiyyətinin fəaliyyətindən xəbər verir.

Metbuat.az xəbər verir ki, bugün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Tütünsüz Gününə həsr olunmuş seminar təşkil olunub. Əlamətdar günün builki mövzusu “Tütün - inkişaf üçün təhlükə!”nin aradan qaldırılmasında KİV-lərin roluna həsr edilib. Tütünlə mübarizə sahəsində İSİM-in yaydığı məlumatların kütləvi informasiya vasitələrilə ictimaiyyətə çatdırıldığı nəzərə alaraq, KİV-lərlə aparılan mübarizənin daha yaxşı səmərə verməsi üçün müxtəlif ölkələrdə tətbiq edilən metod və alqoritmlər seminarın əsas müzakirə predmeti olub.

Tədbirdə İSİM-in mütəxəssisləri Tofiq Musayev, Səbinə Babazadə, Aytən Məmmədova və başqaları media nümayəndələri üçün mövzu ətrafında müxtəlif təqdimatlar edib.

Tədbir iştirakçılarına “Tütün epidemiyası – problemlər, prioritetlər, nailiyyətlər” haqqında məlumat verilib, tütün tüstüsünün qeyri-infeksion xəstəliklərin bir nömrəli risk faktoru olduğunu sübut edən məqamlar açıqlanıb, həmçinin əhalinin maariflənməsi sahəsində İSİM tərəfindən həyata keçirilən tədbirlər jurnalistlərin diqqətinə çatdırılıb. Seminarın səmərəliliyini artırmaq üçün KİV nümayəndələrinə tütünlə mübarizədə media işinin forma və metodları, düzgün istiqamətlənmiş iş alqoritmi ilə əlaqədar digər ölkələrin təcrübəsi barədə məlumatlar verilib.

Seminarda interaktiv kommunikasiyanın yaradılması üçün jurnalistlərin iştirakı ilə tütün tüstüsünün tərkibindəki zərərli maddələr araşdırılıb.

Sonda seminarda iştirak edən media nümayəndələrinə sertifikat və hədiyyələr təqdim olunub.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR