Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının iclası keçirilib.
ADU-nun dekanı bildirib ki, iclasda Elmi Şuranın iclasında dövlət imtahanı ilə bağlı yekun qərar qəbul olunub. İclasda 2 təklif müzakirə edilib. Bunlardan biri imtahanın bir yazılı və 50 test sualından ibarət olması, digəri isə diplom işi olub.
İclasda qəbul edilən yekun qərara əsasən, ADU-da kadr hazırlığı
üzrə ixtisasların xüsusiyyəti və tələbələrin istəyi nəzərə
alınaraq, Universitetdə bakalavriat səviyyəsində yekun
attestasiyasının ixtisas fənni tərtib olunmuş suallar əsasında
imtahan və ya buraxılış işinin müdafiəsi formasında keçirilməsi
qərara alınıb. Bununla yanaşı, yekun attestasiyanın uğurla
aparılması üçün yay imtahan sessiyasının müddətinin uzadılması
məqsədə uyğun hesab edilib.
Qeyd edək ki, dövlət imtahanı ilə bağlı dəyişiklərin edilməsi ali
məktəbdə tələbələrin narazılığına səbəb olub. Ötən gün keçirilən
etirazdan sonra təhsil nazirinin müavini Ceyhun Bayramovun
rəhbərliyi ilə tələbələr arasında görüş keçirilib. Görüşdə
tələbələrin təklifləri dinlənildikdən sonra elmi şuranın iclasında
yekun qərarın veriləcəyi bildirilmişdi. (apa)