Akademik Milli Dram Teatrı sabah azyaşlı tamaşaçılarını sevindirəcək

Akademik Milli Dram Teatrı sabah azyaşlı tamaşaçılarını sevindirəcək
17:22 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Akademik Milli Dram Teatrı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə azyaşlı tamaşaçıları məşhur “Çipollino” tamaşası ilə sevindirəcək.

Teatrın mətbuat katibi Cavid Zeynallının Trend-ə verdiyi məlumata görə, səhnə əsəri məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çipollino” əsəri əsasında hazırlanıb: “Tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır. Canni Rodari “Çipollinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilib. Tamaşada C. Rossininin musiqilərindən istifadə edilib. Tamaşaya ilkin baxış keçirilib və səhnə tərtibatı, rejissoru işi, musiqi həlli baxımından çox böyük maraqla qarşılanıb, haqqında müsbət fikirlər səslənib. Əlif Cahangirli Akademik Milli Dram Teatrının gənc və istedadlı rejissorudur və inanırıq ki, səhnə əsərimiz uşaqların sevimli tamaşalarından birinə çevriləcək, onlar balaca Çipollinonun macəralarını böyük sevgi və maraqla qarşılayacaqlar”.

Qeyd edək ki, səhnə əsərində aktrisa Xədicə Novruzlu (Çippolino), əməkdar artistlər Əlvida Cəfərov (Ata Soğan), Mirzə Ağabəyli (Usta Kudu), Məzahir Cəlilov (Üzüm əmi), Rüstəm Rüstəmov (Sinyor Pomidor), aktyorlar Rəşad Bəxtiyarov (Vəliəhd Limon), Cümşüd Zeynalov (Professor Armud), Dilarə Nəzərova (Qaragilə), əməkdar artistlər Mehriban Xanlarova və Sevinc Əliyeva (Albalılar), aktyorlar Ramin Şıxəliyev (Kaktus), Vüsal Mustafayev (Qraf Albalı), Ziya Ağa (Xəfiyyə Yerkökü), Ümman Budaqov (I Limon), İmran Qurbanov (II Limon), Ənvər Məmmədov (Lobya) çıxış edirlər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2761141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR