Marketlər şəbəkəsi "Azərbaycan" şeirini bu hala saldı

Səməd Vurğunun “Azərbaycan” şeirinin "El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən" misrasının marketlər şəbəkəsindən birinin reklam çarxında "El bilir ki ki, sən mənimsən, alış-veriş məkanımsan" tərzində təqdim edilməsi birmənalı qarşılanmayıb.

Metbuat.az məsələ ilə bağlı ziyalıların mövqeyilə tanış olub. Yazıçı Seyran Səxavət Səməd Vurğun şeirinin reklamda istifadəsini pisləyib:

“Birmənalı şəkildə pisləyirəm. Bu məsələyə heç cür haqq qazandırmaq olmaz. Heydər Əliyev o şeiri deyəndə ağlamışdı. Bunu reklama qoşmaq olar? Adamın imanı, dini olmalıdır. Hər şey pulla ölçüləndə, işlərin axırı belə olur”.

Yazıçılar Birliyinin ədəbi işçisi Gülamayi Murad:

“Deyərdim ki, Səməd Vurğunun reklama ehtiyacı yoxdur. Dünya səviyyəli şeiri ümummilli liderimiz Heydər Əliyev səsləndirəndə ağlayıb. Necə olur ki, o cür dahi ağlaya bilir, başqaları isə reklam kimi təqdim edir. Çox təəssüf edirəm”.

“Radio reklamın ideya müəllifi kimdir və təklif kimdən gəlib?” sualı ilə sözügedən marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayevə müraciət etdik.

“Topdan qiymətinə pərakəndə satış" şüarı ilə bazara daxil olmuş marketlər şəbəkəmiz sürətlə yayılmaqda və müştərilərinə ucuz və keyfiyyətli məhsullar təqdim etməkdədir. Yeniliklər barəsində müştəriləri məlumatlandırmaq üçün "Xəzər" radiosuna müraciət etdik. Onların marketinq və reklam departamenti müxtəlif kreativ reklam təklifləri və ideyalar irəli sürdü. Qeyd olunan reklam bizim tərəfimizdən bəyənildi. Yəni reklamın ideya müəllifi "Xəzər" radiosudur”.

Məsələ ilə bağlı "Xəzər" radiosundan da münasibət bildirdilər:

"İdeyanı kreativ qrup fikirləşib. Səməd Vurğunun bu şeirini sonuncu dəfə nə zaman demisiz, ya dinləmisiniz? Düzdür, şeir orda reklam tipində gedir, amma buna baxmayaraq, biz bu şeiri yenidən insanların yaddaşına salmışıq. Orda pozitiv şey axtarsaq, daha məqsədəuyğundur. Deyə bilərsiniz ki, reklama qaçmısınız. Qətiyyən, orda heç bir kommersiya düşünülməyib. Kreativ düşüncənin səbəbi şeiri yenidən oyatmaq idi. OBA-nı daha çox elim, günüm, obam sənsən şeirində eşitdiyimizə görə, ağıla gələn şeir Səməd Vurğunun "Azərbaycan" şeiri oldu".

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR