Tanınmış aktyordan etiraf: "Çox çətin günlər yaşamışam" - FOTO

Tanınmış aktyordan etiraf: "Çox çətin günlər yaşamışam" - FOTO
21:57 31 May 2017
Ölkə mətbuatı
A- A+

"Çox kövrək insanam"

Əməkdar artist Sərvər Əliyevin Milli.Az-a müsahibəsi.

- Sərvər müəllim, istərdim müsahibəmizə sizin uzun illər çalışdığınız Gənclər Teatrından danışmaqla başlayaq. Gözünüz o illərdə çox qalıb?

- O illərdə cavanlığım, peşəkar teatrda ilk addımlarım, ilk rejissor, başlıcası Hüseynağa Atakişiyevli yaradıcılıqla dolu olan illərim qalıb. Peşəkar teatrda və rejissor kimi yetişməyimdə ustadım Hüseynağa Atakişiyevin böyük əməyi olub. O illər mənim üçün əvəzolunmaz illərdir. Nəinki gözüm... Böyük bir yaradıcılığım qalıb o illərdə. O rollar ki, bir daha aktyor kimi o rolları oynaya bilməyəcəyəm. Amma rejissor kimi oynadığım o tamaşalara müraciət edə biləcək şanslarım qalıb. Yalnız özümə bununla təskinlik verə bilirəm.

- Maraqlıdır, kişi sənətçilər gənc rollarla daha erkən vidalaşır. Amma aktrisa var ki, 60 yaşında Leyli rolunu oynayır.

- O rollar ki, oynamışam onların əksəriyyətini hazırda oynaya bilmərəm. Təbii ki, 50 yaşında mən səhnədə Məcnun ola bilmərəm. Həyatda bəlkə də Məcnun olmaq olar(gülür).

- Olmaya Məcnun sevgisi yaşamısınız?

-Bu sənətdə hər bir rolu vaxtında oynamaq lazımdır. Hər sevən özünü Məcnun hesab etmirsə, demək ki, sevmir, imitasiya edir. Sevdiyini "oynayır" demək. Bizdə sevgini də, nifrəti də, sifarişlə və yaxud öz mənafelərinə necə uyğundur elə qəbul edirlər. Gərək sevgini xəsisliklə qoruyasan.

- Gənclər Teatrı Gənc Tamaşaçılar Teatrına birləşərkən narazılıq baş vermədi ki?

- Narazılıq yox, narahatlıq var idi ki, birdən bizə soyuq münasibət olar. 7 ildir ki, teatrlar birləşib. Əksinə oldu, soyuqluq əvəzinə çox yaxşı münasibət gördük. Teatrın rəhbəri Mübariz Həmidov da bizə çox dəstək oldu. Özünüz də görürsünüz ki, Gənc Tamaşaçıların teatrının bir çox tamaşalarında Gənclər Teatrının aktyorları baş və əsas rolları oynayırlar.

- Ustadınız Hüseynağa Atakişiyevə olan münasibət uzun illərdir ki, sizi narahat edir. Ona kimlər, necə zərbə vurmuşdu?

- Laqeydliklə... İnsana laqeydlikdən böyük zərbə ola bilməz. Mən onun 70 illik yubileyi münasibəti ilə kitab yazıram, orada hamısını qeyd etmişəm. Bağışlayın, kitabımın əsas hissəsini əvvəlcədən söyləmək istəmirəm. Bircə onu deyə bilərəm ki, o şəxsiyyət hər tərəfli laqeydlik gördü.

- Hüseynağa müəllimin həyat yoldaşı, aktrisa Nəsibə xanımla bildiyimə görə küsülüsünüz. Bu küsülülük nədən qaynaqlanır?

- Əslində biz küsülü deyildik, ortada sadəcə anlaşılmazlıq var idi. Bizim aramızı vurmuşdular. O da keçib getdi. Biz uzun illər teatrda həm dost, həm də tərəf müqabili olmuşuq. Bir ailə kimi yaşayırdıq, bir-birimizin sözü hamı üçün keçərli və qəbul edilən olub.

- Gənclər Teatrındakı hansı tamaşalar sizin sənət taleyinizi həll etdi?

- Gənclər Teatrında oynadığım "Onun iki qabırğası", ardınca isə "Yay gecəsində yuxu" tamaşaları mənim sənət taleyimi həll etdi. "Hamlet" tamaşasındakı Klavdi obrazı isə Hüseynağa müəllimə məni sevdirdi. Mən 15 ildən çox onunla yaxın dost oldum. Həm səhnədə, həm də həyatda.

- Kollektivin xətrinə dəyirdi?

- O kimsənin xətrinə dəyəcək bir şey etmirdi. Əksinə biz onun xətrinə dəyə bilərdik. İncidiyini hiss etməzdik. Sənət yoldaşım Natiqlə, yaxud da Elşənlə otağına daxil olub könlünü alardıq.

- Hazırda bölgə teatrlardan birində rejissor kimi çalışırsınız. Uzun illər çalışdığınız Gənc Tamaşaçılar Teatrını nə səbəb görə tərk etdiniz?

- Mən Dərbənd Azərbaycan teatrına baş rejissor kimi dəvət almışdım. Ora getməli idim. Qəfildən səhhətimdə yaranan problemə görə təcili olaraq Tiflisə getdim. Orada ürək damarlarıma stend qoydular. Artıq uzaq yerdə qalmağım səhhətimə daha da çox problem yaradacaqdı deyə düşündüm. Elə bu anda məni nazirliyə dəvət etdilər və Ağdam teatrında işləməyim təklif olundu. Heç düşünmədən buna razılaşdım. Buna qədər isə mən 3 il Mingəçevir Teatrında quruluşcu rejissor kimi çalışmışdım. Artıq 23 tamaşaya quruluş vermişdim. Gənc Tamaşaçılar Teatrında işləyə- işləyə mən müqavilə ilə Mingəçevir Teatrında quruluşcu rejissor kimi çalışırdım.

- Köhnə kollektivlə əlaqələriniz qalıb?

- Təbii ki, əlaqələrimiz qalıb. Əlbəttə ki, elə olmaz ki, mən Bakıya gəlim, teatra gedib, kollektivlə görüşməyim.

- Müsahibə gedişində dəfələrlə kövrəldiyinizin şahidi oldum. Ümumiyyətlə, səhnədə də istəmədən kövrəldiyiniz vaxtlar olurdu?

- Bəli, çox olub. Gənclər Teatrında "Axırı sakitlikdir" adlı bir tamaşa var idi. Anamı qocalar evinə aparırdım. O anı heç vaxt unutmaram. Elə gün olmaz ki, kövrəlməyim (gülür). Həqiqətən düz deyirəm. Bir mahnı, şeir, yaşlı insanın pis vəziyyətdə olmasını görəndə çox kövrəlirəm. Hər bir şeyə kövrələ bilirəm, bir sözlə çox kövrək adamam.

- Kövrəkliyiniz həyatda yaşadığınız hər hansısa acılarla bağlıdır?

- Mən uşaqlıqdan beləyəm. Həyatda çox çətin günlər yaşamışam. 8 illik internat məktəbini bitirəndən sonra təhsilimi Ordubadda davam etdirmişəm. 14 yaşımdan tək yaşamağa başlamışam. Ordubad isə mənim doğulduğum Sədərəkdən 170 km uzaqda idim. Yadımdadır uşaq idim. Quzular mələyəndə kövrəlib ağlayırdım.

- Aktyorluğu nə səbəbə rejissorluğa dəyişdiniz? Olmaya aktyorların çoxluğu sizi aktyorluqdan uzaq saldı?

- Mən artıq aktyorluğu rejissorluğa dəyişmişəm. Düzdür, aktyor kimi də rollar oynayacağam, amma rejissorluq daha ağır məsuliyyətdir. Yəni rejissor artıq aktyor oyununa, səhnə tərtibatına, işıq effektinə, musiqiyə, qrimə, tamaşaya cavabdehdir.

Həmişə tamaşalarımda və işimdə gücümü yeni aktyor nəslinin yetişməsinə yönəltdim. Rejissorluq mənim içimdə tələbə olarkən belə doğmuşdu. Sənət müəllimim Nəsir Sadıqzadənin yanından bir an belə çəkinməzdim.

Hüseynağa müəllimin Gənclər Teatrına gəldikdən sonra sırf aktyor kimi işlədim. Sonra ustadım mənim rejissorluğa meylli olduğumu bildikdən sonra məni rejissor asistenti və ikinci rejissor kimi işlətdi, öz yanında tamaşa hazırlamaq üçün Tiflisə apardı. Hüseynağa müəllim Türkiyədə "Arşın mal alan" operettasını hazırlamaq üçün Türkiyəyə gedəndə, teatrda bütün məşqləri mən apardım. Hətta ustadım qəflətən insult keçirib, 1 gündən sonra dünyasını dəyişəndə yeni tamaşasını mən başa vurdum. Təsəvvür edin ki, əsərin birinci hissəsini Hüseynağa müəllim qurub qurtardı və rəhmətə getdi. Mən isə ikinci hissəni qurdum. Premyeradan sonra kimsə deyə bilməzdi ki, ikinci hissə ilə birinci hissə arasında nəsə uyğunsuzluq var. Bu mənim rejissor həyatımda ən uğurlu işim idi. Bundan sonra nə qədər uğurlu tamaşa hazırlasam da onu əvəz edə bilməyəcək. Hüseynağa müəllim həqiqətən də diktator idi. İndi bir çox rejissorlar müəllifin nazı ilə oynayırlar. O müəllifi zala girməyə qoymazdı. Müəllif yazdığı pyesi ictimai baxışda görürdü. Bu bir qanun idi.

- Onun rejissorluq sənətində qoyduğu qayda-qanunu sənət təcrübənizdə istifadə edirsiniz?

- O ki, qaldı mənim müəlliflə işləmək funksiyama... Hələ heç bir müəllif mənə deməyib ki, bunu niyə belə etmisən? Əslində mən də istəyirəm ki, müəllif məşqlərdə iştirak etməsin. Sözün düzü, indiyə qədər iştirak etməyiblər, yəqin ki, bundan sonra da etməyəcəklər. O vaxt müəllif məşqdə iştirak edər ki, pyesi rejissorla yazsın. Məncə müəllif ilk öncə rejissora güvənməlidir.

Əli Rəhimoğlu

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/549279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR