Bakı. 1 iyun. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsindən ("AÇG" layihəsi, "Əsrin Müqaviləsi") işlənmənin əvvəlindən indiyədək 428,4 mln. ton neft və 133 mlrd. kubmetr qaz hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən Beynəlxalq Xəzər neft-qaz konfransında çıxışında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, indiyədək "AÇG" layihəsinə 42 mlrd. dollar həcmində investisiya qoyulub.
Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. "AÇG" layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.