TANAP-ın Yunanıstan sərhədinə qədər hissəsi 2019-cu ildə istifadəyə veriləcək

TANAP-ın Yunanıstan sərhədinə qədər hissəsi 2019-cu ildə istifadəyə veriləcək
13:02 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun .REPORT.AZ/ TANAP-ın Əskişəhərdən Yunanıstan sərhədinə qədər uzanacaq hissəsi 2019-cu ildə istismara veriləcək. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
"TANAP-ın Avropaya 10 mlrd. kubmetr qazın ötürülməsini təmin edəcək Yunanıstan sərhəddinə qədər uzanacaq hissəsi 2019-cu ildə istifadəyə veriləcək", - deyə SOCAR rəsmisi qeyd edib.
X.Yusifzadə bildirib ki, TANAP-ın Əskişəhərə qədər olan hissəsi isə gələn ilin ortalarında istismara veriləcək: "TANAP SOCAR-ın xaricdə indiyədək həyata keçirdiyi ən böyük layihədir. Layihə üzrə 72,4% işlər görülüb".
SOCAR-ın I vitse-prezidenti əlavə edib ki, Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüşkarıdır: "Hazırda həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın ən böyük enerji və infrastruktur layihəsidir. İlkin mərhələdə Cənub Qaz Dəhlizinin resurs mənbəyi - "Şahdəniz-2" layihəsi üzrə çıxarılan qaz həcmləri olacaq. İstismar edilən "Şahdəniz-1" layihəsində stabil dinamika əldə edilib. Bu mərhələdə qaz hasilatı ildə 9 mlrd. kubmetr təşkil edir. İşlənmənin ikinci mərhələsində isə əlavə olaraq 16 mlrd. kubmetr qaz hasil ediləcək. Bunun üçün zəruri tədbirlər görülür, 26 sualtı hasilat quyusu, iki yeni platforma inşa olunur, 500 km uzunluğunda sualtı boru kəmərləri çəkilir, Səngəçal terminalı genişləndirilir. "Şahdəniz-2" layihəsi çərçivəsində ilk dəfə Xəzər dənizində sualtı infrastruktur yaradılır. Layihə çərçivəsində ilk qaz hasilatı üçün nəzərdə tutulan 8 quyu qazılıb, 3 quyu istismara təhvil üçün tam hazır vəziyyətdədir, bir quyuda tamamlama işləri aparılır".
Onun sözlərinə görə, daha iki quyuda qazma davam etdirilir: "May ayının əvvəlinə ümumilikdə "Şahdəniz-2" üzrə işlərin 93%-i yerinə yetirilib. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə isə 85%-dən çox iş görülüb".
X.Yusifzadə TAP-dan da danışaraq qeyd edib ki, bu seqment üzrə hüquqi prosedurlar tamamlanıb, Yunanıstan və Albaniyada inşaat işləri uğurla davam etdirilir, İtaliyada müvafiq icazələr alınıb. TAP layihəsi üzrə ümumi işlərin 42,4%-i görülüb.
SOCAR rəsmisi çıxışında qeyd edib ki, ölkə üzrə neft hasilatı 2010-cu ildə pik həddə - 50,4 mln. tona çataraq son illərdə 43 mln. ton səviyyəsində stabilləşib. X.Yusifzadə bildirib ki, qaz hasilatı isə son 10 ildə 4 dəfə artaraq illik 29 mlrd. kubemtr səviyyəsinə çatdırılıb: "İndiyədək Azərbaycanda 1,971 mlrd. ton neft çıxarılıb və bu il həmin göstəricinin 2 mlrd. tona çatdırılacağı gözlənilir. SOCAR-ın hasilat bölümü olan "Azneft" İstehsalat Birliyi hazırda 46 yatağın işlənməsini həyata keçirir. 2016-cı ildə Birlik tərəfindən 6,2 mln. ton neft, 5,6 mlrd. kubmetr qaz çıxarılaraq daxili və xarici bazarlara çatdırılıb".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/tanap-in-yunanistan-serhedine-qeder-hissesi-2019-cu-ilde-istifadeye-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR