Moskva torpaqları qaytarmayacaq: Putin ABŞ-ın MƏXFİ PLANINI AÇIQLADI

Moskva torpaqları qaytarmayacaq: Putin ABŞ-ın MƏXFİ PLANINI AÇIQLADI
15:33 1 İyun 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

“Kuril adaları Yaponiyaya verilsəydi, orada Amerika qoşunlarının yerləşdrilməsi imkanı yaranardı”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, bu, “müqavilələr və imzalanmış protokollar”da əksini tapmışdı.

“Onları bizə göstərmirlər, amma biz bütovlükdə onların məzmununu bilirik. Mən indi detalları açıqlamayacağam, hərçənd bu detallar mənə məlumdur. Amma Amerika qoşunlarının bu ərazilərdə yerləşdirmə imkanı var”, - Putin deyib.

Qeyd edək ki, Yaponiya 1855-ci il tarixli ticarət və sərhədlər barədə ikitərəfli traktatı əsas tutaraq, İturup, Kunaşir, Şikotan və Habomai adalarına iddia edir.

Rəsmi Tokio adaların qaytarılmasını Rusiya ilə sülh anlaşmasının bağlanmasının şərti olaraq qoyub. Rəsmi Moskva isə bildirir ki, Cənubi Kuril adaları II Dünya müharibəsinin nəticəsi olaraq SSRİ-nin tərkibinə daxil edilib və onların üzərində Rusiyanın suverenliyi heç bir şübhə doğurmur.

Rusiya prezidenti Vladimir Putin ötən ilin dekabrında Yaponiyaya səfər öncəsi bu ölkənin “Nippon” televiziya şirkəti və “İomiuri” qəzetinə müsahibəsində Moskvanın Tokio ilə ərazi probleminin olmadığını deyib.

“Yaponiya hesab edir ki, onun Rusiya ilə ərazi problemləri var. Biz bu məsələdə danışmağa hazırıq. Yaponiyanın baş naziri Sindzo Abe dörd ada haqqında məsələni qoyur. Deməli, biz artıq 1956-cı il razılaşmasının çərçivələrindən çıxırıq. Bu, tamamilə başqa vəziyyətdir və başqa məsələnin qoyuluşudur”, - deyə Putin bildirb.

Adalarda keçirilən son ictimai sorğular isə maraqlı bir nəticə ortaya çıxarıb. Burada yaşayan rusların çoxu belə adaların Yaponiyaya verilməsini istəyirlər.

Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1997-ci ildə adaların Yaponiyaya geri qaytarılmasına razılıq verib. İddialara görə, 1996-1997-ci illərdə Yaponiya baş naziri Hoşimotonun Moskva səfərində Yeltsin adaların qarşılığında Yaponiyadan 30 milyard dollar istəyib. Lakin Yaponiya tərəfi bu pulun çox olduğunu bildirib.

2000-ci ildə 3 günlük Yaponiya səfərində Vladimir Putin belə bir bəyanat verib: “Rusiya hökumətindən adaların Yaponiyaya veriləcəyinə dair bir söz belə eşitmisinizmi? Biz sadəcə danışıqlar aparırıq”.

Yaponiyanın keçmiş baş naziri İosiro Mori isə 2004-cü il martında Putinlə görüşündə Kuril adalarının Yaponiyaya qismən qaytarılması mövzusunda müəyyən anlaşma əldə etdiklərini açıqlayıb. Kuril adaları üzərindəki mübarizənin isə 2 səbəbinin olduğu qeyd edilir: siyasi və iqtisadi. Qarşılıqlı bəyanatlar və danışıqlar isə onu göstərir ki, bu problem hələ uzun müddət iki ölkə arasında həll olunmamış qalacaq. Baxmayaraq ki, 1956-ci ildə SSRİ adalardan ikisini Yaponiyaya vermək istəyib, amma bu cəhd ABŞ-ın təzyiqi nəticəsində uğursuzluqla nəticələnib. Bu təzyiqin səbəbi isə Yaponiya-Rusiya münasibətlərində ola biləcək yaxınlaşmaya maneçilik törətmək olub.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR