“Anamın kitabı” əsəri EKRANLAŞDIRILSINMI?

“Anamın kitabı” əsəri EKRANLAŞDIRILSINMI?
21:08 1 İyun 2017
83 Şou
Ölkə mətbuatı
A- A+

Bir çox rejissorların məşhur yazıçıların əsərlərinə film çəkməsi dünya praktikasında artıq ənənə halını alıb. Sovet dövründə bu ənənənə Azərbaycan da dəbdə idi. Təəssüf ki, son illərdə azərbaycanlı rejissorlar böyük yazıçıların əsərlərinə müraciət etmir. Bir çox hallarda xüsusi olaraq yazılmış ssenarilərə film çəkməyə üstünlük verirlər.

Publika.az kino mütəxəssislərinə Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatının klassik əsəri sayılan “ “Anamın kitabı” əsərinə film, yoxsa serial çəkilsin?” sualını ünvanlayaraq onların bu məsələ ilə bağlı fikirlərini öyrənib.

Ssenarist, kinoprodüser, "Azərbaycanfilm" kinostudiyasının direktoru və əməkdar incəsənət xadimi Müşviq Hətəmov hesab edir ki, Azərbaycanda çəkilən seriallar əsərin özünü konteksdən çıxarır:

“Buna görə də yazıçıların əsərlərinin film kimi işlənilməsini istərdim. Yerli rejissorlar əsərlərə müraicət edəndə onun mahiyyətindən çox uzaqlaşırlar. Təkcə Azərbaycanda deyil, elə Türkiyədə də əsərlərə çəkilən seriallar bir-birindən çox fərqlənir. Əsərdə ifadə olunmuş konkret fikir seriallarda bir qədər kənarlaşdırılır”.

Ədəbi tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru və Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turanın qənaətinə görə, rejissor yozumu, ssenari həlli yüksək formada təqdim olunarsa, istənilən əsəri həm serial, həm də film şəklində tamaşaçıya çatdırmaq olar:

“Əgər hansısa əsər ssenarist və ya rejissoru cəlb edibsə və ona gözəl quruluş verib yaradıcı yanaşa bilibsə, bu, artıq özlüyündə müsbət haldır. Yəni film və serial olmasının fərqi yoxdur”.

Azərbaycanlı rejissor və "Azanfilm"in direktoru Fariz Əhmədov isə filmin serialdan daha təsirli və yaradıcı iş olduğu fikrini irəli sürüb:

“Ümumiyyətlə ekranlaşma işlərində əsərlərə müraicət etməməyə çalışıram. Mən orijinal, bir çox hallarda özüm üçün yazılmış ssenarilər üzərində işləyirəm. “Anamın əsəri” isə çəkmək istədiyim əsərlər siyahısına daxil deyil. Bu baxımdan fikir bildirmək çətindir. Lakin hesab edirəm ki, serialın kino sənətinə heç bir aidiyyatı yoxdur. Əgər “Anamın əsəri” mövzusu hansısa rejissoru narahat edirsə, o əsərə film çəkə bilər”.

Qeyd edək ki, "Anamın kitabı" 1920-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınıb.
Cəlil Məmmədquluzadənin bu dram əsəri XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqındadır. Pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/200979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR