Azərbaycanda sel və daşqın təhlükəli 41 çay var

Azərbaycanda sel və daşqın təhlükəli 41 çay var
08:54 2 İyun 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

Samur-Abşeron suvarma sistemi respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyuna və Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatının 60 faizini təmin edir. “APA-Economics” xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir.

 

Onun sözlərinə görə, uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalı fasiləsiz olaraq, əsaslı təmirə dayanmadan istismar olunub: “Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxıb, qurğuların bir hissəsi funksiyasını itirib, su itkisi artıb”.


Ə.Əhmədzadə əlavə edib ki, ümumiyyətlə, bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılıb, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektar sahədə əsaslı yuma işləri aparılıb, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılıb.


“Mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, sistem üzrə işçilərin əməkhaqqı 7,4 dəfə artıb, sahənin maddi-texniki bazası gücləndirilib, 2100-dən artıq maşın və mexanizmlər, o cümlədən 1126 ədəd torpaqqazan texnika alınıb, onların məhsuldarlığı 2004-cü illə müqayisədə 2 dəfəyə yaxın artıb. Bütün maliyyə mənbələri hesabına 3736 kilometr uzunluğunda suvarma kanallarının, 2251 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 348 min hektar sahədə torpaqların su təminatının və 239 min hektar sahədə meliorativ vəziyyətin yaxşılaşdırılması işləri yerinə yetirilib, 55 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib. Çaylarda sel və daşqınlara qarşı 199 kilometr uzunluğunda mühafizə tədbirləri həyata keçirilib, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 1804 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib”, - deyə o bildirib.


Sədr onu da qeyd edib ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC  tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilib: “Eyni zamanda, respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilib, Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Yardımlı və Masallı rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılıb. Bütün maliyyə mənbələrindən ayrılan vəsait hesabına 2004-2016-cı illərdə respublikanın 24 rayonunun sel və daşqın təhlükəli 41 çayında 183427 metr sahilbərkitmə tədbirləri həyata keçirilib”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275991

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR