Siyavuş Novruzov: “Trampın məktubları Azərbaycan-ABŞ münasibətlərinin bariz nümunəsidir”

Siyavuş Novruzov: “Trampın məktubları Azərbaycan-ABŞ münasibətlərinin bariz nümunəsidir”
13:03 2 İyun 2017
42 Digər
Ölkə mətbuatı
A- A+

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Prezident İlham Əliyevə göndərdiyi təbrik məktublarına münasibət bildirib.

S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, bu təbrik məktubları ABŞ-Azərbaycan münasibətləri üçün mühüm əhəmiyyət kəsb edir:

“ABŞ Prezidenti Donald Trampın təbrik məktubları Azərbaycanla ABŞ arasındakı münasibətlərin inkişaf etdiyinin bariz nümunəsidir. Bu baxımdan da mən bu məktubları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, gələcəkdə də bu münasibətlər davam edəcək”.

Komitə sədri vurğulayıb ki, ABŞ-ın həyata keçirdiyi anti-teror əməliyyatlarına qoşulan ilk ölkələrdən biri Azərbaycandır:

“Azərbaycan hər zaman ABŞ ilə iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıq edir, dünyada terrorizmə qarşı birgə mübarizə aparır. Bu gün Azərbaycan hərbiçiləri Əfqanıstanda sülhyaratma prosesində yaxından iştirak edir. Bundan əvvəl isə hərbiçilərimiz İraqda, Kosovada da NATO sülhməramlıları tərkibində iştirak edib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan hərtərəfli şəkildə ABŞ-la münasibətlərə və terrora qarşı mübarizə prosesə öz töhfəsini verir”.

S.Novruzov qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət aparır:

“İşğalçı Ermənistanı çıxmaq şərti ilə Azərbaycan hər bir dövlət ilə qarşılıqlı və müstəqil münasibətlərini qurur. Ancaq çox təəssüf ki, bəzən müəyyən şəxslər, təşkilatlar və maraqlı qruplar, xüsusilə də erməni lobbisi və onların maliyyələşdirdiyi təşkilatlar Azərbaycanın həm ABŞ, həm də digər dövlətlərlə münasibətlərinə xələl gətirməyə çalışırlar. Buna misal olaraq, “Freedom House”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar Təşkilatı” və digər qurumların adlarını çəkmək olar. Zaman-zaman bu təşkilatlar ABŞ və digər ölkələrin, ABŞ-ın ayrı-ayrı strukturları adından heç bir əsası olmayan bəyanatlar yaymağa, dinləmələr keçirməyə çalışıblar”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/201071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR