YARAT "Qazaxıstan üzərində günəş və neonlar" sərgisini təqdim edir

YARAT "Qazaxıstan üzərində günəş və neonlar" sərgisini təqdim edir
14:22 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı 5 gənc və perspektivli, ümumilikdə isə 16 Qazaxıstan rəssamının iştirak etdiyi “Qazaxıstan üzərində günəş və neonlar” adlı qrup sərgisini təqdim edir.

YARAT-dan Trend-ə verilən məlumata görə, "Qazaxıstan üzərində günəş və neonlar" sərgisi Erbossın Meldibekov, Baxıt Bubikanova, Qalim Madanov və Zaureş Terekbay, Almagül Menlibayeva, Yelena Vorobyeva və Viktor Vorobyev, Rüstəm Xalfin, Said Atabekov, Mariya Vilkoviskaya və Ruf Cenrbekova kimi tanınmış rəssamların 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərinə aid orijinal əsərlərini, habelə təzə fəaliyyətə başlayan rəssamlar – Asel Kadırxanova, Nurahmet Nurbol, Suyinbike Süleymanova, Aleksandr Ugay və Qayişa Madanovanın yeni yaradılmış əsərlərini bir araya gətirir.

Sərginin başlıca məqsədi, onilliklər boyunca Qazaxıstanın kollektiv təfəkkürdə canlanan geniş, ucsuz-bucaqsız və əhalisiz coğrafiyasının “ideallaşdırılmış” obrazını dərindən təhlil etməkdir. Sərgi əsasən milli tarixin nəsillərdən-nəsillərə dəyişən yanaşmalarını və problemlərini aşkara çıxarmaqla, əks və ya ifadə etməklə, milli tarixin postkolonial və kritik baxış bucaqlarını əhatə edən müxtəlif diskurslara ünvanlanır. Sərgi müstəqilliyinin qısa zaman kəsiyində Qazaxıstanın milli və mədəni identikliyinin qurulması çərçivəsində baş verən dəyişiklikləri və fasilələri araşdırır. Qazaxıstan üzərində günəş və neonlar – bu landşaft və şəhər mənzərələri, tarix və dövlət quruculuğu ilə yaxından məşğul olan rəssamların, o cümlədən şəhər həyatının qapalı reallığına tab gətirən, öz şəxsi həyatlarına və fərdi emansipasiyalarına bağlı olan nəslin sərgisidir.

1930-cu illərdə dövlət quruculuğunun bir hissəsi kimi yaradılmış sovet incəsənət məktəblərdən sonra Qazaxıstanda təsviri sənətə maraq oyanmağa başladı. 1940-cı illərdə avanqard üslubuna müraciət edən (daha sonra, bu üslubdan imtina edən) bir çox sənət adamları Qazaxıstana sürgün edildi. Nəticədə, son dərəcə gözlənilməz, əsas etibarilə rəsmi sənədlərdə əks olunmayan fərqli düşüncəyə malik nonkonformist bədii sənət meydanı yarandı. Moskva və Leninqradın nonkonformist və konseptualist dairələri ilə sıx əlaqələrin olmasına baxmayaraq, sözügedən cərəyan, Qazaxıstanda 1950-ci illərdən başlayaraq 1990-cı illərin əvvəllərinə qədər davam etdi.

Sovet İttifaqının süqutundan sonra, Qazaxıstanın sənət meydanında köklü dəyişikliklər yer almağa başladı. Bəzi rəssamlar öz mövqelərinə Mərkəzi Asiya diskursundan nəzər yetirməklə, konseptualist sənət cərəyanını davam etdirsələr də, nisbətən gənc nəslin nümayəndələri yeni özünüifadə dilinin axtarışında idilər. Həmin rəssamlar, milli və etnik bədii obrazın dirçəldilməsi, habelə milli identikliyinin (kimliyinin) qurulması kimi mütləq proseslər arasında təşəkkül tapmış postkolonial Mərkəzi Asiya ilə bağlı sualları qabardıblar. Rəssamlar provokasiya, yumor, istehza və romantizmdən istifadə etməklə, dövlət müstəqilliyi, yaxın keçmişin tarixi və sosial identikliyinə ünvanlanmaqla, autentiklik (əsillik) ritorikasında ziddiyyətli məqamları araşdırıblar.

1991-ci ildən etibarən, digər MDB ölkələri kimi Qazaxıstan da öz mədəni strukturunu köklü surətdə dəyişən müxtəlif sosial-iqtisadi dəyişikliklərə məruz qaldı. Sürətli inkişaf dövrü sayılan 2000-ci illərdə yetişən gənc rəssamlar nəsli, 1990-cı illərin “millətçi ruhunu” yaşamadıqlarına görə, öz ölkələrinin keçmişini və ya irsini “ideallaşdıra” bilmirlər. Bu, internet və sosial şəbəkələr haqqında hər şeyi bilən, onları əhatə edən məhdudiyyətlərə və ictimai quruluşlara qarşı çıxan yeni “şəhər uşaqları”dır. Onların qayğıları nisbətən fərdi xarakter daşıyır. Onların əsərləri, şəhər daxilində yaşanan qapalı həyatın illüziyaları və məyusluqları, ümidləri və ümidsizliklərindən qaynaqlanır..

Sərginin kuratoru: Björn Geldhof

Kurator köməkçisi: Anna Fex

Tədqiqatçılar: Anna Fex, Suad Qarayeva, Björn Geldhof

Avrasiya Mədəniyyət Alyansının dəstəyi ilə

Sərgi: Qazaxıstan üzərində günəş və neonlar

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanının yaxınlığı, Bayıl, AZ1003

Sərginin müddəti: 7 iyun – 29 oktyabr 2017

Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, 11:00–20:00

Giriş sərbəstdir

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın paytaxtı Bakıda yerləşir. Bu qeyri-kommersiya təşkilatı Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilib. YARAT ölkəmizdə müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyət tərəfindən dərk olunması məqsədi ilə fəaliyyət göstərir, Azərbaycan incəsənətinin respublika daxilində və beynəlxalq aləmdə təbliğ olunması ilə məşğuldur. YARAT (azərbaycanca “yaratmaq” sözünün mənasında) tərəfindən indiyə qədər, əksəriyyəti Bakıda təşkil olunaraq, 200-dən artıq layihə həyata keçirilib.

YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YAY Qalereyası və YARAT Emalatxanaları YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir.

YARAT-ın daimi sərgiləmə məkanı YARAT Müasir İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında fəaliyyətə başladı. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Burada müvəqqəti sərgilərlə yanaşı, YARAT-a məxsus daimi kolleksiyanın əsərlərini təqdim edən sərgi də nümayiş etdirilir. Daimi kolleksiya Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən görkəmli sənətkarların əsərlərindən ibarətdir.

ARTIM Layihə Məkanının əsas məqsədi gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılması, incəsənət təhsil ocaqlarının tələbə və məzunlarının yeni eksperimental layihələrinə dəstək verməsini öz öhdəsinə götürür.

YAY Qalereyası Bakının tarixi məkanı, YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş obyektlərin arasında olan İçəri Şəhərin mərkəzində yerləşir. Qalereya YARAT qeyri-kommersiya təşkilatı tərəfindən Azərbaycan incəsənəti üçün infrastrukturun dəstəklənməsi məqsədilə 2012-ci ildə təsis edilmişdir. Qalereya sosial müəssisədir; YAY (“yaymaq” sözündəndir, ötürmək, çatdırmaq mənasında) satışlardan əldə olunan bütün gəlirləri rəssamlar və YARAT təşkilatı arasında bölüşdürür.

YARAT Rezidentura Proqramı müxtəlif sahələr üzrə açıq, tədqiqata əsaslanmış, təcrübəyə malik və bizim regionu kəşf etməkdə maraqlı olan rəssamlar üçün nəzərdə tutulmuşdur. Proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramının sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunurlar.

Təhsil proqramı YARAT-ın yarandığı ildən fəaliyyətinin əsas məqsədlərindən biri olmuşdur. YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident proqramlarından, praktiki məşğələlərdən, mühazirələrdən, ustad dərsləri, teatr tamaşaları və film nümayişlərindən ibarətdir. YARAT ictimai proqramları keçirməklə geniş auditoriya ilə təmasda olmağa çalışır. İctimai proqramlar icmaların qurulması və müasir incəsənət haqqında geniş anlayışın və iştirakın qurulmasında dəstək göstərir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2762067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR