Hərbi xidmətə çağırışla bağlı

İyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırış yaşı çatan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlayacaq. Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bununla bağlı Metbuat.az-açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirib ki, bu dəfə hərbi xidmətə çağırışla bağlı xüsusi bir yeniliyin olacağı nəzərdə tutulmayıb:

“Bununla bağlı hər hansı bir yenilik yoxdur. Qəbul olunmuş qaydalara uyğun olaraq, ali təhsil müəssisəsini bitirmiş çağırışçılar 1 il, 18 yaşı tamam olan və ali təhsili olmayan çağırışçılar isə 1 il 6 ay həqiqi hərbi xidmət keçəcəklər. Bununla bağlı əlavə tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb. Həmçinin, bu müddət ərzində həqiqi hərbi xidməti bitirmiş Azərbaycan Respublikasının vətəndaşları təxlis olunacaqlar”.

Qeyd edək ki, sərəncama əsasən, 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2017-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2017-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaq.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR