Azərbaycanla Gürcüstan arasında konteyner daşımalarına güzəştli tarif tətbiq olundu - FOTO

Azərbaycanla Gürcüstan arasında konteyner daşımalarına güzəştli tarif tətbiq olundu - FOTO
16:37 2 İyun 2017
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Son vaxtlar Azərbaycan və Gürcüstan dəmir yolları arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mühüm addımlar atılır. İki ölkə arasında dəmir yoluna əlavə yük axınının cəlb edilməsi prossesi davam edir. Dünən Gürcüstandan yola düşən ilk konteyner qatarı bu gün Keşlə stansiyasına çatıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, qatar 26 konteynerdən ibarətdir.

"Azərbaycan Dəmir Yolları"nın Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev bildirib ki, ilkin hesablamalara görə aparılan çevik tarif siyasəti nəticəsində Azərbaycanla Gürcüstan arasında il ərzində 40 minə yaxın konteynerin daşınması  mümkün olacaqdır. Bu da əlavə 1 milyon ton yükün daşınması deməkdir.

Xatırladaq ki, Azərbaycan və Gürcüstan dəmir yolu rəhbərləri arasında, dəmir yoluna konteyner daşımalarının  daha çox cəlb edilməsi barədə müvafiq sənəd imzalanıb. Həmin sənədə əsasən, Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə konteyner daşımalarına rəqabətə  davamlı, eləcə də 50 faizə qədər güzəştli tariflər tətbiq olunmuşdur və bu tariflər 01.06.2017-ci il tarixdən yük daşımalara tətbiq edilir.

Konteyner daşımalarının həyata keçirilməsi üçün Azərbaycan və Gürcüstan tərəfi konteyner qatarı hazırlayıb. Bu qatarların hərəkəti üçün xüsusi cədvəl tərtib olunub və hərəkət sürəti digər yük qatarlarının hərəkət sürəti ilə müqayisədə 2 dəfə yüksəkdir. Belə ki, bu qatarlar Poti və Bakı arasında 900 km-ə yaxın məsafəni 30 saata qət edirlər.

Qeyd edək ki, konteyner qatarları, tələbata uyğun olaraq,  həftədə bir neçə dəfə olmaqla fəaliyyət göstərəcəkdir. Yükgöndərənlərin sifarişi əsasında, Gürcüstan limanlarından yüklənən konteyner qatarları Bakı, Astara, Ələt, Xırdalan, Sumqayıt və digər regionlara da göndərilə bilər.

Gürcüstan limanlarından yüklənən konteyner qatarlarının Azərbaycanda yük sahiblərinə çatdırılıb, boşaldılıb və geriyə qaytarılması, maksimum 5 sutka ərzində həyata keçiriləcək.
 

Yusif Nəsirli

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR