"Administrasiyadakı dəyişiklik dövlət idarəçiliyində müsbət nəticələrə səbəb olacaq" - Fuad Muradov

"Administrasiyadakı dəyişiklik dövlət idarəçiliyində müsbət nəticələrə səbəb olacaq" - Fuad Muradov
16:57 2 İyun 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkə başçısı İlham Əliyev ötən gün Prezident Administrasiyasında struktur dəyişikliyi edib. Bu dəyişiklik nəticəsində Administrasiyada dövlət başçısına yeni köməkçilər təyin edilib, eyni zamanda yeni vəzifələr yaradılıb və onlara da təyinatlar gerçəkləşib.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Milli.Az-a açıqlamasında Prezident Administrasındakı dəyişikliklər və yeni təyinatlarla bağlı bildirib ki, dəyişikliklər Azərbaycanda səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasından irəli gəlir.

Millət vəkilinin sözlərinə görə, ötən il sentyabrın 26-da keçirilmiş referendumdan sonra bu cür struktur islahatları gözlənilən idi.

Komitə sədri deyib ki, bu günə qədər Azərbaycanda aparılan bütün islahatlar ölkənin inkişafı və gələcəyinə yönəlib, kadr islahatları da həmçinin.

Onun fikrincə, struktur dəyişikliyi nəticəsində Administrasiyada təyinat alan kadrlar Prezidentin müəyyən etdiyi islahatlar kursunu uğurla reallaşdıra biləcək şəxslərdir: "Administrasiyadakı dəyişiklik dövlət idarəçiliyində müsbət nəticələrə səbəb olacaq".

Fuad Muradov mərhum akademik Yusif Məmmədəliyevin nəvəsi Yusuf Məmmədəliyevin Prezident Administrasiyasında yeni yaradılan Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunmasına da münasibət bildirib: "O, böyük potensiala malik kadrdır. Yusuf Məmmədəliyev bundan əvvəl Xarici İşlər Nazirliyində və gənclər hərəkatında çalışıb. Çalışdığı hər sahədə böyük uğurlara imza atıb və üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirib. Onun yeni postda da qarşıya qoyulan vəzifələri daha effektiv şəkildə icra edəcəyini əminliklə söyləmək olar".

Xatırladaq ki, Prezident Administrasiyasında struktur islahatlarına bu ilin fevralında başlanılıb. Öncə Birinci vitse-prezident institutu formalaşdırılıb və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub.

Administrasiyadakı dünənki dəyişikliklər nəticəsində isə ölkə Prezidentinin köməkçilərinin sayı 10-a çatdırılıb. Onlardan 8-i eyni zamanda müvafiq şöbələrə rəhbərlik edəcək. Bundan başqa, dövlət müşavirliyi institutu və Administrasiya rəhbərinin müavini vəzifəsi ləğv olunub, Administrasiyanın tərkibində 2 yeni struktur bölməsi - Gənclər siyasəti və idman məsələləri, habelə Elektron hökumət şöbələri yaradılıb, bəzi digər şöbələrin funksiyaları və fəaliyyət istiqamətlərinə müəyyən dəyişikliklər edilib.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/550695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR