Nazirlikdən "Artsax"ın Ümumdünya Turizm Təşkilatına namizədliyi ilə bağlı məlumatlara MÜNASİBƏT

Nazirlikdən "Artsax"ın Ümumdünya Turizm Təşkilatına namizədliyi ilə bağlı məlumatlara MÜNASİBƏT
17:57 2 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Ermənistan mətbuatında "Artsax" turizm təşkilatının Ümumdünya Turizm Təşkilatının yardımçı orqanına namizədliyi ilə bağlı yer alan məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə APA-ya açıqlamasında bildirib ki, Ermənistan dövləti ölkəmizə qarşı öz işğalçılıq fəaliyyətini bütün sahələrdə davam etdirir və bu məsələ həmin siyasətin tərkib hissəsidir: "Bu məsələ təqribən 2016-cı ilin noyabr ayında Misirin Luksor şəhərində keçirilmiş Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü sessiyasından başlayaraq 2017-ci ilin 10-12 may tarixində Madriddə keçirilmiş 105-ci sessiyayadək davam edib. Məlumat əldə edilən kimi dərhal Ümumdünya Turizm Təşkilatının rəhbərliyinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev adından etiraz məktubu göndərildi. Həmin məktubla Ermənistan tərəfindən təqdim edilmiş saxta təşkilat haqqında bütün məlumatlar və fayl təhlil olunaraq işğalçı ölkənin BMT-nin ixtisaslaşmış bir təşkilatı olan Ümumdünya Turizm Təşkilatına müraciət formasının bütün sualları üzrə yalan məlumatlar təqdim etdiyi və ölkəmizin 20% torpaqlarının işğalı barədə ətraflı təhlil təqdim edildi. Tələb olundu ki, Ermənistanın bu müraciəti geri qaytarılsın. Yardımçı orqana üzv olmaq üçün turizm və ona oxşar istənilən fəaliyyətlə məşğul olan şirkət, qeyri-hökumət təşkilatı, ictimai təşkilatlar öz namizədliyini təqdim edə bilər, ancaq bunun üçün onlar qeydiyyatda olduqları ölkənin səlahiyyətli dövlət qurumundan rəsmi dəstək məktubu almalıdırlar. Ermənistan tərəfi məlumat təqdim edib ki, guya bu saxta təşkilat Ermənistanda qeydiyyatdadır və bu ölkənin ərazisində turizmin təbliği ilə məşğuldur".
 
V. Eyvazzadə əlavə edib ki, təşkilat haqqında araşdırılma aparılıb və onun işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətlə məşğul olduğu müəyyən edilib: "Hər birimiz çox yaxşı başa düşürük ki, Ermənistan hər vasitə ilə əzəli torpağımız olan Qarabağın adını beynəlxalq leksikonda dəyişdirməyə cəhd edir. Təbii ki, qeyd etdiyim kimi bütün faktlar əsasında əlavə olaraq dəfələrlə Ümumdünya Turizm Təşkilatının nümayəndələri ilə keçirilmiş görüş nəticəsində Madriddə cari ilin 10-12 may tarixində Azərbaycanın sədrliyi ilə keçirilmiş İcraiyyə Şurasının 105-ci sessiyası çərçivəsində məsələyə Yardımçı orqanın müvafiq komitə toplantısında yenidən baxıldı və Azərbaycanın təqdim etdiyi məlumatlar təsdiqini tapdığı üçün bununla bağlı müvafiq hesabat Şuranın iclasına təqdim edilərək təsdiq edildi. Həmin hesabatda Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasını təsdiqləyən BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul etdiyi 60/285 və 62/243 saylı qətnamələrinə, İcraiyyə Şurasının toplantısında ölkəmizin təşəbbüsü ilə qəbul edilmiş "münaqişə zonalarının turizm məqsədilə qanunsuz təbliğinin qarşısının alınması" ilə bağlı qərara istinad olunaraq saxta "Artsax" turizmin inkişafı təşkilatının yardımçı orqana üzvlüyünə qəbul edilməməsi qeyd edildi".
 
Şöbə müdiri qeyd edib ki, Ermənistan tərəfi sənəddə təşkilatın saxta olmasının, həmçinin Azərbaycan torpaqlarının işğal olunmasını bir daha sübuta yetirən məlumatların əks olunduğunu görərək bu təşkilatın namizədliyini geri götürdüyünü və nəticə etibarı ilə həmin hesabatda bu barədə hər hansı məlumatın əks olunmamasını xahiş edib: "İclasa sədrlik edən nazir Əbülfəs Qarayev Ermənistan nümayəndəsinə sərt şəkildə bildirdi ki, belə bir addım yolverilməzdir və bu günə kimi bu məsələ ilə bağlı proses necə gedibsə, bu, sənəd əksini tapmalıdır və hətta Ermənistan tərəfinin namizədliyi geri götürməsinin də ayrıca izahatı verməlidirlər. Təbii ki, Ermənistanın təklifini heç bir Şura üzvü dəstəkləmədi və sözügedən hesabat ölkəmizin maraq və mənafeyinə uyğun şəkildə qərarla təsdiqləndi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/550737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR