“Avropa2001” jurnalının növbəti buraxılışı Azərbaycana həsr olundu - FOTO

“Avropa2001” jurnalının növbəti buraxılışı Azərbaycana həsr olundu - FOTO
04:28 3 İyun 2017
67 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin 25-ci ildönümünün qeyd olunması çərçivəsində Bolqarıstanda ildə 4 dəfə nəşr olunan “Avropa2001” jurnalının növbəti sayı Azərbaycana həsr olunub. 30 may 2017-ci il tarixində ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və Respublika günü münasibətilə keçirilmiş rəsmi qəbul çərçivəsində sözügedən jurnalın təqdimatı keçirilmişdir.

Qeyd edək ki, 2500 tiraja malik olan, 1994-cü ildən nəşr olunan jurnalın məqsədi müxtəlif Avropa ölkələri, onların iqtisadiyyatı, mədəniyyəti, ənənələri, sosial həyatı barədə geniş oxucu kütləsinə ətraflı məlumat verməkdir. Bolqar dilində nəşr olunan jurnal bu ölkədə akkreditə olunan səfirliklər, o cümlədən mədəniyyət institutları ilə yaxından əməkdaşlıq edir və nəşrin hər sayı bir ölkəyə həsr olunur. Adətən ölkənin təqdimatı ölkənin yüksək vəzifəli rəsmisinin müsahibəsi ilə başlayır. “Fayl” və “Cəmiyyət” başlığı altında təqdim olunan ölkənin iqtisadiyyatı, sosial strukturu, tarixi və Bolqarıstanla münasibətlərinə dair materiallar yer alır. Mədəni əlaqələr “Vitrin”, “Şəhərlər”, “İncəsənət”, “Şəxsiyyətlər”, “Mədəniyyət”, “Ənənələr” bölməsini əhatə edir.

Geniş oxucu kütləsinə malik jurnal Yunanıstan, İrlandiya, Çexiya, İsveç, Norveç, İtaliya, Rusiya, Ukrayna, Belarus, Finlandiya, Danimarka, Portuqaliya, Almaniya, İspaniya, Slovakiya, Avstriya, Sloveniya, Polşa, Kuba, Xorvatiya, Mərakeş, Qazaxıstan, Türkiyə, o cümlədən Azərbaycan ilə tərəfdaşlıq etmişdir.

Jurnalın Azərbaycana həsr olunan sayında ölkəmizin tarixi, təbiəti, iqtisadiyyatı, Azərbaycanın multikulturalizm modeli, ölkəmizdə xristianlığın tarixi, mədəniyyəti, musiqisi, o cümlədən Azərbaycan muğamı, aşıq sənəti, caz, milli rəqsləri, mətbəxi, idman tarixi, şəhərləri, memarlıq nümunələri, xüsusilə dünya memarlığının incilərindən olan Heydər Əliyev Mərkəzi, 120 yaşlı kino salnaməsi, Azərbaycan ədəbiyyatının parlaq nümunələrindən olan Nizami Gəncəvi, “Şəxsiyyətlər” bölməsində Məhsəti Gəncəvi və Xurşudbanu Natəvanın həyat və yaradıcılığı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan və Bolqarıstan arasında siyasi münasibətlər, iqtisadi-ticarət əməkdaşlığı, qardaşlaşmış şəhərlər barədə bolqar oxucularına ətraflı məlumat verilmişdir.

Azərbaycan şirkətlərinin məhsulları, xüsusən “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsul və təqdim olunan xidmətlərin Bolqarıstanda təbliği məqsədilə jurnalın reklam üçün ayrılan bölməsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Gəncə Şərab-2” ASC-nin reklamları yerləşdirilmişdir.

Tədbirdə “Avropa 2001" jurnalının Azərbaycana həsr olunmuş növbəti buraxılışı qonaqlara paylanmışdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/201161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR