ABŞ səfirliyi Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10-cu ildönümünü qeyd edir

ABŞ səfirliyi Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10-cu ildönümünü qeyd edir
14:01 3 İyun 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10-cu ildönümünü qeyd edəcək.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbir universitetin həyətində baş tutacaq və tədbir çərçivəsində qısa çıxışlar ediləcək. Bakı Amerika Mərkəzinin son on il ərzindəki fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş olunacaq. “Maker Space” (Yaradıcılıq Məkanı) fəaliyyətləri nümayiş olunacaq, qonaqlara dadlı təamlar təklif olunacaq və tanınmış musiqiçi Elçin Şirinovun qrupu ifa edəcək.

Tədbirə Mərkəzin xidmətlərindən uzun müddət istifadə etmiş istifadəçilər, əsasən tələbələr, müəllimlər və təhsil işçiləri dəvət olunacaq. Eyni zamanda tədbir zamanı ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunmuş inşa müsabiqəsinin qaliblərinə səfir tərəfindən mükafatlar da təqdim olunacaq.

Bu tədbir, ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunmuş fəaliyyətlər çərçivəsində baş tutur.

Bakı Amerika Mərkəzi, Amerika mədəniyyəti, dəyərləri və ABŞ-ın təhsil sistemi haqqında informasiyanın daha geniş auditoriyaya çatdırılması baxımından səfirliyin həyata keçirdiyi ən səmərəli proqramlardan biridir. Bu Mərkəz məktəb şagirdlərini, tələbələri, ABŞ-da təhsil almış məzunları, təhsil işçilərini, ingilis dili müəllimlərini və mədəniyyət sahəsində çalışanları bir araya gətirir. Fəaliyyət göstərdiyi 10 il ərzində Bakı Amerika Mərkəzi 5000-dən çox tədbir təşkil etmiş, 250,000-dən çox iştirakçını qəbul etmiş və 500 stajçı və könüllünün bilik və bacarıqlarının inkişaf etməsinə kömək etmişdi.

Bütün bu illər ərzində Bakı Amerika Mərkəzinə ev sahibliyi etmiş Azərbaycan Dillər Universiteti ilə ABŞ səfirliyi arasında həyata keçirilən əməkdaşlığın əhəmiyyətini daha da möhkəmləndirmək baxımından 10-cu ildönümünün qeyd olunması çox vacib məqamdır. Fəaliyyətinə yalnız bir kitabxana otağı ilə başlamış Bakı Amerika Mərkəzində bu gün təlim otaqları, Uşaq Guşəsi və uşaqlara, gənclərə elm, texnologiya, mühəndislik və riyaziyyat üzrə proqramları öyrənmək imkanı yaradan, bu yaxınlarda yaradılmış “Maker Space” (Yaradıcılıq Məkanı) fəaliyyət göstərir.

Tədbirdə iştirak etmək, uğur hekayələri, Mərkəz və Mərkəzin innovativ proqramlarında, xüsusilə peşəkar inkişaf üçün resurs rolunu oynayan “Maker Space” (Yaradıcılıq Məkanı) və ingilis dili proqramlarında iştirak etməklə əldə etdikləri nailiyyətlər barəsində məlumat vermək üçün Bakı Amerika Mərkəzi keçmiş əməkdaşlarını və fəal istifadəçiləri də dəvət edib.

Bakı Amerika Mərkəzi, səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəhbəri və hazırda Vaşinqton DC-də Beynəlxalq İnformasiya Proqramları (BİP) Koordinatorunun müavini vəzifəsini icra edən Conatan Henik və Azərbaycan Dillər Universitetinin keçmiş rektoru, professor Səməd Seyidovun dəstəyi ilə 2007-ci ildə fəaliyyət başlayıb. Tədbirdə C.Henikin əvvəlcədən yazılmış video müraciəti də təqdim olunacaq.

Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Bakı Amerika Mərkəzi haqqında ətraflı məlumatı https://www.facebook.com/americancenterbaku/ Facebook səhifəsindən və yaxud 488 3300 (daxili 3617) telefon nömrəsinə zəng etməklə ABŞ səfirliyinin İnformasiya Mərkəzindən əldə edə bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2762422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR