Azərbaycan teatrının görkəmli sənətkarı anılıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, parlaq istedada malik unudulmaz teatr və kino aktyoru, Xalq Artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Metbuat.az xəbər verir ki, teatrın yaradıcı heyəti əvvəlcə ustad sənətkarın məzarını ziyarət ediblər. Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, Xalq Artistləri Tariyel Qasımov, Yasin Qarayev, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, əməkdar artist Ənvər Həsənov mərhum aktyorun qəbrinə gül dəstələri düzərək Yusif Vəliyev haqqında xatirələrini bölüşüblər.

Saat 19.00-da isə teatrda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xatirə gecəsi gerçəkləşib.

Tədbirdə mədəniyyət xadimləri, mərhum sənətkarın yaxınları iştirak ediblər.

Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin aparıcılığı ilə baş tutan xatirə gecəsinin quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov olub.

İ.Rəhimli Azərbaycan teatrı tarixində silinməz izlər qoyan Yusif Vəliyevin səhnəyə gəlişindən, oynadığı rollardan, bütün aktyorlara nümunə ola biləcək səhnə sevgisindən danışıb. Professor teatr səhnəsi ilə yanaşı, kino sahəsində də öz sözünü deyən ustad sənətkarın ifa etdiyi obrazların məziyyətlərini təhlil edib.

Xalq Artistləri Tariyel Qasımov, Yasin Qarayev, Rasim Balayev, Rafiq Əzimov, Əməkdar Artistlər Almaz Mustafayeva, Ənvər Həsənov, Ötkəm İskəndərov və başqaları çıxış edərək Yusif Vəliyevin yaradıcılığı, Azərbaycan teatrına verdiyi töhvələr, sənətkarın yüksək insani keyfiyyətlərini dilə gətiriblər.

Teatrın gənc və istedadlı aktyorları, Əməkdar Artist Elşən Rüstəmov, aktyorlar Günel Məmmədova, Səbinə Məmmədova, Elnur Kərimov səhnəyə çıxaraq ölməz şair Səməd Vurğunun “Dünya” şeirini səsləndiriblər.

Sonda sənətkarın həyat yoldaşı Zemfira Sadıqova çıxış edərək yubileyin keçirilməsində əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirib.

Gecədə aktyorun rol aldığı filmlərdən kadrlar, ifa etdiyi tamaşalardan görüntülər nümayiş etdirilib. Teatrın foyesində isə ölməz aktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR