"Rəmiş hesabat verməlidir"

"Rəmiş hesabat verməlidir"
10:52 8 Yanvar 2015
237 Şou
Ölkə mətbuatı
A- A+

QAT sədri: "O, bu hərəkətinə görə hesabat verməlidir"
Bu günlərdə mediada xalq artisti, gitara ifaçısı Rəmişin erməni dilində mahnı oxuduğu barədə xəbərlər yayıldı. Məlumata əsasən xalq artisti Rusiyada məclislərin birində məşhur “Tut ağacı” mahnısını erməni dilində təqdim edib. Onun bu addımı cəmiyyətdə birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı ifaçı Rəmişlə əlaqə saxlamağa çalışsaq da hər dəfə müxtəlif bəhanələrlə bizimlə təmasdan yayındı. Onun bizə məlum olan mobil nömrəsinə etdiyimiz zənglərə yaxınları cavab verdilər, onlar bildirdilər ki, hazırda Rəmişin vəziyyəti yaxşı deyil, hətta ürək tutmaları yaranıb.

Əslən Qarabağdan olan bir musiqiçinin düşmən xalqın dilində mahnı oxuması heç vaxt normal qarşılanmır. Bu dəfə də Rəmişin timsalında bu olaya münasibət birmənalı olmadı. Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ifaçının bu addımını qətiyyətlə pisləyib: “Rəmişin ata-babasının uyuduqları torpaqları işğal edən mənfur ermənilərin dilində mahnı oxuması qəbuledilməzdir. Yayılan videonu izləyəndə çox böyük təəssüf hissi keçirdim. Görəsən, Rəmiş kimin xoşuna gəlmək istəyirdi? Deyərdim bunun bir səbəbi var - Rəmiş maddi maraq təsiri altında bu addımı atıb, ya da bu, bir sifarişli məsələ olub, başqa fikir ağlıma gəlmir. O, bununla bağlı hesabat verməlidir!”

Azərbaycanlı sənətçilərin ermənilərlə eyni səhnəni bölüşməsi, eyni toyda ifa etmələri ilk hadisə deyil. Bundan əvvəl də eyni hallarla rastlaşılıb. Xüsusən ifaçılarımız Rusiyada erməni musiqiçiləri ilə bir səhnəni bölüşür, onlarla hətta səhnədəcə öpüşüb-görüşürlər. Məsələn, əslən qarabağlı olan Tacir Şahmaroğlu 2011-ci ilin ortalarında Moskvada toy məclisində erməni müğənnisi ilə duet oxudu. Bu haqda video yayıldıqdan sonra Tacir ictimai qınaqla üzləşdi. “Qarabağ bülbülləri”nin keçmiş solistinin bu addımı hər kəs tərəfindən pislənildi.

Əməkdar artist, qarmon ifaçısı Ənvər Sadıqovun da erməni məclisində, erməni musiqiçiləri ilə birlikdə ifası olan video uzun müddət müzakirə edildi. Erməni mətbuatından bildirilirdi ki, video Moskvada çəkilib, ifa edilən isə Tofiq Quliyevin “Pəncərəmə qondu çiçək” mahnısı olub.

Hələ sovet dönəmində Azərbaycan və erməni musiqiçiləri eyni səhnəni paylaşıb, qarşılıqlı bəstəkar əsərlərinə drijorluq edib, əsərləri səsləndiriblər. Lakin ermənilərin Azərbaycan torpaqlarına iddia etməsindən, ərazilərimizi işğala məruz qoyduqdan sonra iki xalq arasında düşmənçilik yeniləndi, ardınca Ermənistanla, erməni xalqı ilə azərbaycanlıların siyasi, mədəni əlaqələri kəsildi.

Buna görə də əksər azərbaycanlılar onların torpağını işğal etmiş bir xalqın nümayəndələri ilə mahnı oxuyan, öpüşüb-görüşən sənətçiləri qınayır, bəzən hətta lənətləyir. Bu da təbiidir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/317875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR