​Növbəti “Şəbəkə” xidmət mərkəzləri fəaliyyətə başladı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti “Şəbəkə” xidmət mərkəzlərini istifadəyə verib.

Metbuat.az bildirir ki, Xəzər (Sergey Yesenin küçəsi 102) və Yasamal (Hüseyn Cavid prospekti 19) rayonlarında yerləşən “Şəbəkə” xidmət mərkəzlərində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə xidmətləri təşkil edilib.

Xəzər və Yasamal rayonlarının sakinləri telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzlərə müraciət edə bilərlər.

Mərkəzlərdə vətəndaşlara fasiləsiz olaraq həftənin iş günlərində səhər saat 9-dan axşam saat 7-dək , istirahət günləri saat 9-dan 6-ya dək xidmət göstərilir.

“Şəbəkə”in yaradılmasında əsas məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir.

Xidmətlərin vahid məkanda cəmlənməsi eyni zamanda, vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişləri stimullaşdırmağa hədəflənib.

Bakı şəhərində ilkin mərhələdə 10-a yaxın belə xidmət mərkəzinin açılması nəzərdə tutulur. Hazırda Yasamal rayonunda ikinci, Binəqədi rayonunda isə ilk “Şəbəkə” xidmət mərkəzinin açılması üçün təmir-tikinti işləri aparılır və yaxın zamanlarda onların istifadəyə verilməsi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR