İyunun 5-i görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin (1908-1938) doğum günüdür.
Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a
verilən məlumata görə, bu münasibətlə mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Azərbaycan
Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, Yasamal
rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, “Azəravtoyol”
Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov şairin abidəsini
ziyarət ediblər.
Mikayıl Müşfiqin abidəsi önünə tər çiçək dəstələri qoyulub, şairin
xatirəsi hörmətlə yad edilib.
Məlum olduğu kimi, Bakı şəhəri Yasamal rayonu ərazisində
İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika
dairəsi) aparılan yol təmir-tikinti işləri ilə bağlı görkəmli şair
Mikayıl Müşfiqin abidəsinin yerləşdiyi park da yenidən qurulub.
Park abadlıq işlərindən sonra insanların istifadəsinə verilib.
Mətbuata açıqlama verən mədəniyyət və turizm naziri Ə.Qarayev
bildirib ki, bir neçə ay öncə aparılan yenidənqurma və yol
təmir-tikinti işləri ilə bağlı görkəmli şair Mikayıl Müşfiqin
abidəsinin aidiyyəti qurumlara bildirilmədən götürülmüşdü. Ölkə
ictimaiyyətinin narazılığına səbəb olan bu məsələnin hərtərəfli
araşdırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən aidiyyəti orqanlara dərhal tapşırıq verildi və abidənin
öz yerinə bərpa olunması üçün müvafiq işlər həyata keçirildi: “Bu
gün Mikayıl Müşfiqin adını daşıyan park aparılan abadlıq, quruculuq
işlərindən sonra yenidən Bakı sakinlərinin sevimli istirahət
guşələrindən biridir. Abidənin bərpa olunması ölkəmizin şəhərsalma
və memarlıq üslubuna uyğun həyata keçirilib. Gördüyünüz kimi,
heykəl yenidən həmin ərazidə, əvvəlki görkəminə heç bir xələl
gəlmədən ucaldılıb. Həmçinin gözəl park salınıb”.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə
Mikayıl Müşfiqin abidəsinin qısa zamanda bərpa olunmasının
ölkəmizdə mədəniyyətə, ədəbiyyata verilən dəyər kimi
qiymətləndirib. Qeyd edib ki, ərazidə yaşıllaşdırma və abadlıq
işləri də yüksək səviyyədə aparılıb.
Xatırladaq ki, Mikayıl Müşfiqin 1970-ci ildə hazırlanan heykəlinin
müəllifi Əməkdar rəssam Münəvvər Rzayevadır. Abidənin yenidən bərpa
olunmasında memarlar Maqsud Məmmədov, Kamal İbrahimov və Cahid
Əlizadə iştirak ediblər. Park ərazisində fəaliyyət göstərən
restorana da yeni - “Oxu, tar” adı verilib.